EN

Qurban Qurbanova Türkiyə və Avropa klublarından təklif alıb

“Qarabağ”ın direktoru Emrah Çelikel “beIN SPORTS”a (Türkiyə) müsahibə verib.

“Qafqazinfo” xəbər verir ki, o, Qurban Qurbanova Türkiyə və Avropa klublarından təklif gəldiyini açıqlayıb.

Müsahibəni təqdim edirik:

– Ötən mövsüm UEFA Avropa Liqasında fırtına kimi əsən “Qarabağ” bu mövsüm istədiyi kimi çıxış etmir. Bu problemin səbəbini nədə görürsünüz?

– Avropa Liqasındakı gedişatı biz də analiz edir və durumu anlamağa çalışırıq. Bunu liqanın yeni formatı ilə əlaqələndiririk. Ötən illər daha çox özümüzə uyğun rəqiblərlə qarşılaşdıq. İndi ilk 24-lüyə düşmək üçün 2 matçımız qalıb. Əlimizdən gələni edəcəyik.

– Azərbaycan Premyer Liqasında son 10 ildə çempionluğu əldən vermirsiniz (“Neftçi”nin 2021-ci ildəki çempionluğu istisna). Bu durumdakı rəqabətsizlik Avropa arenasındakı çıxışınıza mane olur?

– Açığı Avropa arenasında yarışan komandalar yerli liqalarda böyük rəqabət içindədirlər. Azərbaycan liqasında çox güclü rəqabət olmadığına görə komandamız hardasa indiki gücünün üstünə əlavə güc gətirə bilmir. Biz də rəqabəti çox istəyirik. Nəticə dəyişmir. Son 10 ildə yalnız 1 dəfə 2-ci olmuşuq. 

– Başda Türkiyənin komandaları olmaqla bir neçə Avropa klubunun baş məşqçiniz Qurban Qurbanovu heyətində görmək istədiyi deyilirdi. Bu iddialar həqiqəti əks etdirir?

– Türkiyədə komandalar məşqçimizlə danışıqlar aparmaq istədi, amma o, “Qarabağ”ı qoyub getmək istəmədi. “Qarabağ”ın güclü mənəvi ruhu var. O da Vətəninə, bayrağına bağlı bir şəxsdir. 2008-ci ildən onunla çalışırıq. Əsla getmək kimi bir məsələ olmayıb. Bizim də sonradan eşitdiyimiz kimi, Avropa klubları onunla danışıqlar aparmaq istəyib. Amma məşqçimiz onlara da qəti cavab verib. 

–  “Sevilya”nın futbolçunuz Juninyonu 2 milyon avroya transfer etmək istəməsi haqda xəbərlərlə bağlı nə deyə bilərsiniz?

– Rəqəmlərlə bağlı fikir bildirməyəcəm. Amma “Sevilya”dan rəsmi təklif var. Təklif bu həftə göndərilib. Danışığımız olub. Amma ilk mərhələdə razılaşmadıq. Danışıqların davam edəcəyini düşünürük.

– Bəs, braziliyalı hücumçu üçün Türkiyə Super Liqasından təklif gəlib?

– Juninyo burada xoşbəxtdir. Daim inkişaf edir. “Sevilya”nın niyyəti ciddidirsə, biz də öz vəziyyətimizə nəzər salmalıyıq. Qış fasiləsində Juninyo kimi futbolçu tapa bilmərik. Azərbaycan Premyer Liqasından kiminsə orada oynamasını istərdik. Amma “Qarabağ”ın da durumunu unutmamalıyıq. Juninyonun adı Türkiyə klubları ilə hallanmışdı. Bəlkə də futbolçunun özü və meneceri ilə danışıq olub. Amma ilk rəsmi təklif “Sevilya”dan gəldi.

Chosen
6
11
qafqazinfo.az

10Sources