Ali Məhkəmədə atasını öldürməkdə təqsirləndirilən Azər İbrahimovun barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası keçirilib.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesdə elan edilib ki, təqsirləndirilən şəxs kassasiya şikayətini geri götürüb.
Bu səbəbdən məhkum tərəfindən verilmiş kassasiya şikayətinin geri qaytarılması barədə qərar çıxarılıb.
Xatırlatma: Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.İbrahimov 4 il azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib.
Qeyd: 2023-cü il yanvarın 8-də saat 20 radələrində İbrahimov Azər İbrahim oğlu orta dərəcəli sərxoşluq vəziyyətində Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən evdə atası İbrahimli İbrahim Mirzə oğlu ilə aralarında ailə-məişət münasibətlərinin pozulması zəminində yaranmış mübahisə zamanı yumruq zərbələri ilə onun bədəninin və başının müxtəlif nahiyələrindən vuraraq qəsdən sağlamlığa ağır dərəcəli zərərvurmaya aid xəsarətlər yetirib. İbrahimli İbrahim Mirzə oğlu yanvarın 12-də müalicə aldığı tibb müəssisəsində ölüb.
A.İbrahimov şübhəli şəxs qismində saxlanılıb.
Kamal Məmmədov