EN

Media yalnız ciddi araşdırmanın nəticəsi olaraq son məhsulunu cəmiyyətə təqdim etməlidir - RƏY

“16-22 dekabr ölkədə "Media savadlılığı" həftəsi elan edilib. Bu, müsbət hadisədir. Çünki media azad, qərəzsiz, obyektiv olmalı, reallığı əks etdirməli, sifariş əsasında fəaliyyət göstərməməli, ilk növbədə həqiqətə güzgü tutmalıdır. Bütün bunları etmək üçün jurnalistlərin üzərinə düşən əsas məsələ onların savadlı olmalarıdır. Bir anlıq təsəvvür edin ki, savadsız bir mətbu orqanın təmsilçisi medianın başına nələr gətirə bilər, hansı informasiyanı yaya bilər? Onun yaydığı informasiya öz düşüncəsi, savadsızlığı əmsalına adekvat münasibət ola bilər”. 

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib. 

 

Deputat bildirib ki, media savadlı olmalı, analizə söykənməli, təhlillərə istinad etməli, bu və ya digər informasiyanı eşidərkən onun ciddi mənbəyə malik olduğunu bilməlidir: “Media yalnız və yalnız ciddi araşdırmanın nəticəsi olaraq son məhsulunu cəmiyyətə təqdim etməlidir. Bütün bunlar olmayacağı təqdirdə ictimai fikir yanlış istiqamətə yönəlir. Bu da nəticə etibarilə cəmiyyətdə savadsızlıq, müəyyən pozucu fəaliyyətlərə şərait yaradır, əksər hallarda daha çox siyasi motivli ittihamların ortaya çıxmasına səbəb olur. Bunu dəfələrlə eşitmişik. Məsələn, ABŞ-nin səfirliyi məlumat yayıb ki, 2023-cü ilin noyabr ayından Azərbaycanda 30-dan çox jurnalist həbs edilib. Hesab edirik, bu, çox namərd bir addımdır. Fikir verin, necə dezinformasiya, yalan yayırlar, təhrif edilmiş məlumatlar paylaşırlar. Bununla cəmiyyətə, vətəndaş cəmiyyəti institutlarına, mediaya təsir etmək istəyirlər. Reallıq isə tamamilə başqadır. Azərbaycan demokratik inkişaf yolunu seçmiş dövlətdir. Demokratiya bir prosesdir və onun son nöqtəsi yoxdur. Azərbaycan bu prosesin mühüm tərkib hissəsidir. Bu yolu Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev müəyyən edib və cənab İlham Əliyev Ulu Öndərin müəyyən etdiyi yolla gedir. Azərbaycan bu gün plüralist, demokratik inkişaf yolu seçmiş cəmiyyətdir. Mətbuat, fikir, söz azadlığı hökm sürür, istənilən şəxs öz fikrini açıq şəkildə ifadə edə bilir. Vətəndaşlarımızın 80%-dən çoxu sosial şəbəkələrdən istifadə edir. Bütün bunlar Azərbaycanın demokratik inkişafının göstəriciləridir. Anti-Azərbaycan qüvvlərin niyyəti isə baş tuta bilməz. Azərbaycan belə eksperimentlərin məkanı deyil. Azərbaycan öz yolu ilə gedir, sabit cəmiyyətdir. Burada vətəndaş həmrəyliyi hökm sürür, səfərbər olunmuş cəmiyyət var. Heç kim mediada pozuculuq hərəkətləri ilə cəmiyyətə təsir göstərə bilməz. Azərbaycanda heç kim siyasi baxışına, mövqeyinə görə həbs edilmir. Həbs edilənlər isə konkret cinayət əməlinə görə saxlanılıblar. Bundan savayı kənarda başqa proses gedə bilməz. Bu, Azərbaycan dövlətinin demokratik mahiyyətindən irəli gələn məsələdir”, - deputat bildirib. 

 

Aytəkin Qardaşova 

Tarix: 20 Dekabr 2024, 09:49   
Chosen
9
pravda.az

1Sources