“Liverpul”un baş məşqçisi Arne Slot “qırmızılar”ın italyan cinah hücumçusu Federiko Kyeza haqda qənaətini açıqlayıb.
Arena.az xəbər verir ki, Kyeza İngiltərə Liqa Kubokunun “Sauthempton”a qarşı 1/4 final oyununda (2:1) “qırmzılar”ın heyətində meydana çıxıb.
Arne Slot matçdan sonra italyan futbolçunun çıxışı barədə bunları dilə gətirib:
“Bir oyunçu beş və ya altı ay oynamayanda, ondan çox şey gözləmək olmaz. Amma mən onun ifasında gördüklərimi bəyəndim. Mən bəzi yaxşı məqamları görmüşəm. “Fede”nin daha yaxşısını edə biləcəyini düşündüyüm vəziyyətlər də oldu, amma bu, tamamilə adi haldır. Kyeza çox şeyi əldən verib, onu idman formasına qaytarmaq asan məsələ deyil. Ancaq onun “Sauthempton”la oyunda özünün ən yaxşı tərəfini göstərməsi xoşdur”, “Liverpul”un rəsmi saytı niderlandlı mütəxəssisdən sitat gətirir.
Xatırladaq ki, Kyeza “Liverpul”a avqustun 28-də “Yuventus”dan tamhüquqlu keçid əsasında qoşulub. Transfer məbləği ilkin ödəniş və əlavə müavinətlərlə birlikdə 13 milyon avro məbləğ təşkil edib. Müddəti 2028-ci ilin iyun ayının sonuna qədər nəzərdə tutulmuş 4 illik müqaviləyə əsasən, hücumçunun “Liverpul”dakı maaşının ildə 5 milyon avro məbləğində olacağı bildirilir.
Federiko Kyeza “Fiorentina”nın yetirməsidir. “Yuventus” italyan cinah hücumçusunu əvvəlcə icarəyə alıb, sonra bir müddət elə, “bənövşələr”in heyətində icarədə oynadıb, 2022-ci ilin iyulunda isə 44,6 milyon avro məbləğ müqabilində tamhüquqlu əsasda öz heyətinə qatıb.
Cari mövsümdə Kyeza “Liverpul”un heyətində bütün yarışlarda 4 oyuna çıxıb, 1 məhsuldar ötürmə verib.
Federiko Kyeza 2018-ci ilin mart ayında debüt etdiyi İtaliya yığmasının heyətində 51 oyuna 7 qol və 8 məhsuldar ötürmə ilə fərqlənib.
Federiko Kyezanın qənimətlər muzeyində “Yuventus”la qazandığı 2 İtaliya Kuboku (2020/2021 və 2023/2024) və İtaliya Super Kuboku (2020/2021) var. “Skuadra adzurra” ilə isə Kyeza 2020-ci il Avropa çempionatının qalibi olub.
“Transfermarkt” internet-portalı 27 yaşlı italyan hücumçunun transfer dəyərini 22 milyon avro məbləğində qiymətləndirir.