EN

Abel Məhərrəmov - Mənim REKTORUM

Mahir Qabiloğlu

Fəxri xiyabanda gəzirəm. Qəbirüstü abidələr müxtəlifdir. Elm, mədəniyyət, incəsənət adamlarının qəbirləri isə özünəməxsusluğu ilə seçilir. Yəni adlarını tanımasan da, onların kim olduqlarını bilməsən də, abidənin üstünə həkk olunan şeir parçasını, əsər adlarını, fırça, lira, səhnə pərdəsi şəkillərini, düstur, teorem, həndəsi fiqur, kristal əkslərini görəndə aydın olur ki, bu görkəmli mərhumlar hansı sənətin sahibləri olublar. Bunlar onların gerçək adlarıdır. Qazandıqlarıdır.

Amma elə bir zəmanəyə çatmışıq ki, insanın ölməyinə, onun başdaşına hansısa özəl işarənin həkk olunmasına ehtiyac qalmır. Elə diri-diri dəfn edirlər adamı. Özü də üzərinə elə bir ad həkk edirlər ki...

Hər hansı yüksək vəzifəli adamın işdən azad edilməsinə təbii baxıram. Təəssüfləndiklərim də olur. Abel Məhərrəmovun da rektorluqdan azad olunmasına təəssüfləndim. İndi də təəssüflənirəm. Təbiidir. Bütün insanlar, istər vəzifə böyük olsun, istər kiçik, “təyin olunsun!” sərəncamından sevinir, “azad olunsun!” əmrindən isə qanları qaralır.

Abel Məhərrəmovla bağlı müxtəlif yazılarım var: “Rektor Abel Məhərrəmov kimdir?”, “Rektor Abel Məhərrəmov ənənəni pozdu”, “Abel Məhərrəmov və Vüsalə Mahirqızı”...

“Rektor Abel Məhərrəmov ənənəni pozdu” adlı sandıq xatirəmdə rektorun öz otağında atam Qabilin yubileyini necə qeyd etməsini, elə oradaca atamın arzusuna uyğun yemək-içmək məclisi açmasını, süfrəyə araq, şərab, konyak, viski düzüldüyünü qələmə almışam...                    


HAŞİYƏ:
AzTV-də “Xəbərlər” redaksiyasında işləyirdim. İş çox idi. Bu yandan da növbətçiydim. Birdən cib telefonumun özəl sirena zəngi çalındı. Telefonu cibimdən çıxarmamış zəngdən bildim ki, atamdır.

– Hə, papa.

– Hardasan?

– İşdə.

– İş qaçmır. Get evə. Maşını çıxart qarajdan. Gəl Bakı Dövlət Universitetinə. İstəyirəm atova olan xüsusi ehtiramı görəsən.

– Papa, vallah işim çoxdur.

– Gəlməlisən. Gəlməsən Nizami Xudiyevə zəng edəcəyəm...

– Yaxşı, gəlirəm.

“Ehtiram”, yaxud da “xüsusi ehtiram”. Atam bununla məni heyrətləndirmək istəyirdi? Guya mən bilmirdim ki, atama hər yerdə hörmət-ehtiram göstərirlər? Xüsusilə də Bakı Dövlət Universitetində. Bir də ki, universitetə gəlmək lazımdırsa, daha maşını neyləyir ki? Nə isə, məcbur olub mindim taksiyə, evə gedib maşını qarajdan çıxarıb gəldim universitetə. Qalxdım qəbul otağına. Məni Qabilin oğlu kimi yox, Az.TV-nin əməkdaşı kimi tanıyan rektor köməkçisi Namiq qabağımı kəsdi.

– Mahir, Abel müəllim, məşğuldur. Yanında iclas var. Başqa vaxt gəl.

– Yaxşı, onda mümkünsə çatdırarsan ki, gəlmişdim. Mən getdim.

Sevinirdim. Bəhanəm var idi. Gəldim, köməkçi içəri buraxmadı. Bu dəm qəbul otağına Fikrət Şiriyev girdi. O bilirdi ki, kimin oğluyam.

– Mahir, salam. Gəlmisən? Keç içəri, gözləyirlər.

– Fikrət müəllim, rektorun yanında qonaqlar var. İclas keçirilir, – deyə Namiq yenidən qabağımı kəsdi.

– Elə Mahiri gözləyirlər də... ki, gəlsin, iclas başlasın.

İçəri keçdim. Uzun stolun arxasında tanıdığım insanlar oturmuşdular. Prorektorlar, dekanlar, tanınmış alimlər. İyirmi nəfər olardı. Başda isə Abel müəllimlə Qabil oturmuşdu. Atam məni görcək.

– Mahir, gəl tanış ol Abel müəllimlə, müəllimlərinlə. Qara Namazovu tanıyırsan, müəllimin olub.

Hamıyla görüşdüm. Tanış olmadım. Çünki hamısını tanıyırdım. Onlar da məni. Çünki BDU-da çəkilişlərdə çox olmuşdum. Amma yenə də atamın məni bura çağırmasının məqsədini başa düşmürdüm.

– Qabil müəllim, hazırdır. Gətirsinlər? – deyə Abel müəllim soruşdu.

– Hə. Başlayaq.

Qapı açıldı. Qısa ağ xalat geyinmiş iki nəfər içəri daxil oldu. Stolun üstündəki kitab-dəftəri yığışdırdılar. Ağ süfrə saldılar. Boşqabları, badələri düzdülər. İki cür blinçik, soyutma toyuq, turşu xiyar və başqa salatları, soyuq təamları ortaya düzdülər. Abel müəllim atama:

– Qabil müəllim, siz deyən kimi. Blinçik iki cürdür. Həm ətlə, həm kəsmiklə.

– Denən süzsünlər.

–Araq, yoxsa..?

–Abel müəllim, mən rəngli içki içmirəm.

Xidmət edənlər, indiki dil qanunlarına uyğun desək, süfrəçilər qədəhlərə araq süzdülər.

– Hörmətli Qabil müəllim, siz bizim universitetə xoş gəlmisiniz. Sizi 75 illiyiniz münasibətilə kollektivimizin adından təbrik edirəm. Can sağlığı, uzun ömür, yeni yaradıcılıq uğurları arzulayıram.

Hamı durdu. Qədəhləri toqquşdurdular. Birdən Abel müəllim köməkçisi Namiqə baxaraq “Nə oldu?” dedi. Köməkçi otaqdan çıxıb tezcənə də qayıtdı.

– Çatırlar, Abel müəllim.

Bir azdan köməkçi əlində böyük gül dəstəsi otağa girdi. Abel müəllimlə atam yerlərindən durub otağın orta – boş hissəsinə keçdilər. Abel müəllim böyük gül buketini atama təqdim etdi. Sonra köməkçiyə baxdı. O da balaca bir bağlamanı rektora verdi. Abel müəllim də bağlamanı açıb içərisindəki qızıl təsbehi çıxartdı. “Qabil müəllim, bu da kollektivimiz adından sizə xatirə hədiyyəsi” deyərək atama təqdim etdi. Süfrənin başında oturanlar da əl çaldılar. Sonra yerlərinə oturdular. Atamın təsbehə xüsusi məhəbbəti vardı. Ona görə də ləzzət etmişdi ona bu hədiyyə. Yanında oturana göstərdi. O da əlinə götürüb “Qabil müəllim, bəh-bəh” dedi. Bu vaxt onun yanındakı təsbehi aldı ki, yaxından baxsın. Beləcə təsbeh stolu başına fırlanıb gəldi çatdı mənə. Mən də götürüb qoydum cibimə. Bu vaxt atam:

– Ver mənə təsbehi.

– Vermirəm. Mənimdir.

– Ver, heç olmasa baxım. Qaytarıram.

– Vermirəm.

Nə qədər elədisə vermədim. Qabına salıb qoydum cibimə. Atamın 70 illiyində nazir Ziya Məmmədov da belə bir təsbeh bağışlamışdı. Atam da “qızıl bədbəxtçilik gətirir” deyərək dayıma vermişdi ki, aparıb satsın. Pula ehtiyac olmaya-olmaya. Ona görə də işimi əvvəlcədən ehtiyatlı tutmuşdum. Amma bu qızıl əhvalatından nə Abel müəllimin, nə də ki, məclisdəkilərin xəbəri vardı. Ona görə də ata-balanın oyuncaq üstündə dava edən balaca uşaqlara xas dialoquna təəccüblə baxırdılar.


Hər şeyi başa düşür, atama olan böyük ehtiramı görürdüm. “Xüsusi ehtiram” sözünü və məni bura dəvət eləməklərinisə yox. Bircə şeyi də anlamırdım ki, 2005-ci ildə 79 yaşı tamam olan Qabili Abel müəllim axı niyə 75 yaşı münasibətilə təbrik etdi? Məclis qızışdı. Sağlıqlar bir-birini əvəz edirdi. Atamı tərifləyirdilər, təbrik edirdilər. Mən də yeyir, sağlıqlara badə qaldırırdım. Eləcə, tamaşa edirdim. Gözləyirdim ki, nə vaxt məclis başa çatacaq, mən də işə qayıdacağam. Nəhayət atam söz demək üçün ayağa qalxdı.
 

– Bu gün Abel müəllim məni universitetə dəvət etdi. Gördüyü işlərlə tanış etdi. Nə qədər dəyişikliklər olub burada – xəbərim yox idi. Düzü, tanımadım universiteti. Prezidentimizin mənim üçün doğma olan universitetə xüsisi diqqət və qayğısının şahidi oldum. İdman-üzgüçülük kompleksi tikilib, kitabxana, fənn kabinələri yenidən qurulub, yeni korpuslar ucaldılıb. Abel müəllim universitetin inkişafı üçün çox iş görüb. Mənə də neçə ildir deyir ki, Qabil müəllim, sənin 75 illiyini universitetdə qeyd etmək istəyirəm. Razı olmurdum. Bu gün universiteti gəzib kabinetə qayıdandan sonra yenə də dedi. Soruşdum ki, ay Abel müəllim, yubileyi necə keçirəcəksən? Cavab verdi ki, qədim təhsil ocağının öz ənənəsi var. İndi göstəriş verəcəyəm, hamı Böyük akt zalında toplaşacaq. Siz kresloda əyləşəcəksiniz. Yubileyi mən açacağam. Filologiya fakültəsinin dekanı, professor Qara Namazov sizin yaradıcılığınız barədə məruzə edəcək. Tələbələr şeirlərinizi oxuyacaq. Sonra çıxış üçün söz veriləcək sizə. Arzu etsəniz şeirlərinizi də oxuyarsınız. Sonra mən Sizə universitetin təbrik diplomunu təqdim edəcəyəm. Xatirə hədiyyəsi bağışlayacağam. Televiziyaları da, qəzetləri də dəvət etmişik. Soruşdum ki, Abel müəllim, nə hədiyyə? Dedi ki, əl işi olan bahalı, böyük keramik vaza. Sonra da gedib bir başqa yerdə yubileyi “bədii hissə” ilə davam etdirərik. Mən də Abel müəllimə minnətdarlığımı bildirdim. Dedim ki, Abel müəllim, yubileyi mənimçün eləmirsən? Dedi ki, bəli. Dedim onda belə elə. Akt zalı-zad lazım deyil. Heç kimə də əziyyət vermə. Hamı, özüm də yaxşı bilirəm ki, yaxşı şairəm. Tərifləməyəcəksiniz? Təbrik etməyəcəksiniz? Bunun üçün elə sənin kabinetin yaxşıdır. Prorektorları, dekanları dəvət elə bura. Restoranlardan birindən sifariş et, yaxşı bir süfrə aç. Yeyib-içən Qabilçün bundan yaxşı yubiley ola bilməz. Hədiyyəyə gələndə isə vaza istəmirəm, qadın deyiləm ha... qızıl təsbeh yaxşıdır. Onu da, gülü də burda təqdim edərsən. Abel müəllim də razılaşdı. Mənə olan xüsusi ehtiramının xətrinə kabinetində süfrə açılmasına icazə verdi. İndi Mahir özün fikirləş, hansı şairin yubileyi universitetin rektorunun kabinetində, yemək-içmək məclisiylə qeyd edilib? Amma Abel müəllim buna razılıq verdi. Bax buna deyərəm şair Qabilə xüsusi hörmət-ehtiram. Səni də çağırdım ki, bu xüsusi ehtiramı özgözlərinlə görəsən.


Yubiley məclisi başa çatdı. Universitetdən çıxdıq. Maşına oturdu. Hələ də həyəcanlıydı. Ləzzət eləmişdi ona Abel müəllimin təşkil elədiyi bu yubiley tədbiri. Dedi ki, sür sahilə, hava almaq istəyirəm. Gəldik Şıxova. Gəzişdi, hava aldı. Sonra evə gəldik. Maşını qaraja saldım. Açarları verdim. Təsbeh yadından çıxmırdı. Dedi ki, qalx yuxarı anana göstər, o da görsün. Dedim ki, “yox e... vermərəm ki, vermərəm. Bizə gələndə baxar”. Bu gün də qızıl təsbeh, diplom, bir də fotoşəkillər o gündən bir yadigar kimi atamın arxivini bəzəyir. (SON)

...sağlıqlar deyildiyini təsvir etmişdim. Orda yazmamışam, indi deyim. Sükan arxasında olmağıma baxmayaraq özüm də iki badə arağı sonacan içmişdim. Amma Abel müəllim hər sağlıqdan sonra nəzakət xətrinə badəni qaldırır, dilinə vurub yerə qoyurdu. Yazı çıxdı. Amma heç bir səs-küyə səbəb olmadı. Ki, rektor otağında yemək-içmək məclisi açıb, ortaya araq... düzüb. Onda sosial şəbəkələr bu qədər aktiv deyildi...

Bəs “Abel Məhərrəmov və Vüsalə Mahirqızı” adlı yazım niyə səs-küy salmadı? Niyə təqdir etmədilər? Niyə nümunə göstərmədilər? Axı rektor Abel müəllim hər iki devalvasiyadan sonra universitet işçilərinin maaşını iki dəfə qaldırmışdı. Bu cür addım atan ikinci bir təhsil ocağı tanıyırsınızmı?
 

Abel müəllim yaxşı adamdır. Abel müəllim qohumcanlı, dostcanlı adamdır. Yazılarımdan birində təsadüfən deməmişəm ki, “Şair Qabilin oğlu olmaqdansa, kaş  Abel Məhərrəmovun bacısı oğlu olaydım”. Mənim ona bir işim düşməyib. Amma nə qədər ziyalıya, jurnalistə, onların övladlarına, öz işçilərinə və onların övladlarına yaxşılığı keçməyinin şahidi olmuşam.
 

İki qızım BDU-nu bitirib. Amma qapısını döyməmişəm. Çünki ehtiyac olmayıb. Qızım Suğra Biologiya fakültəsində dövlət imtahanı verirdi. İmtahana gedəndə ürəyi əsirdi. “Təki “3” alım, bircə kəsilməyim” deyirdi. O, imtahana gedib qayıdanacan mən də həyəcan keçirirdim. Amma qızım qayıdanda çox odlu-alovlu görünürdü: “Bu nə haqsızlıqdır? Mənə “4” yazıblar. Əla qiymətə iki balım çatmayıb. Gedib apellyasiyaya verəcəyəm. Mən “5” istəyirəm”. Soruşanda ki, sənə hansı müəllim haqsızlıq edib? Məlum oldu ki, bəs test imtahanıymış.

Bu gün heç bir ali təhsil ocağında nə rektor, nə də müəllim oxuyan tələbəyə güldən ağır söz demir. Bir də ki, kim kimə və necə söz deyə bilər axı? Mühazirə deyən imtahan götürmür. Ya test, ya da kompüter imtahanı olur. Biliyin varsa, dərsini oxumusansa, heç olmasa bütün dərslərdə iştirak etmisənsə sənə yaşıl işıqdır. Artıq söz-söhbəti isə elə tələbələrin özləri yaradırlar.



Abel Məhərrəmovun rektorluq illərini tərifləmək və ya onu kimyaçı alim, akademik kimi öymək fikrim yoxdur. Görünən dağa nə bələdçi? Uzaq 2018-ci ildə məlum şərab olaylarıyla bağlı o vaxt qısa bir yazı yazmışdım. Çap etmədilər– qaragüruhdan ehtiyatlanaraq. Onu gec də olsa, bu yubiley yazımda paylaşmaq istərdim.

HAŞİYƏ: Abel Məhərrəmovun rektorluq illərini tərifləmək və ya onu kimyaçı alim, akademik kimi öymək fikrim yoxdur. Görünən dağa nə bələdçi? Son şərab olaylarıyla bağlı fikir də bildirmək istəmirdim. Şəxsən mən 2 ton şərab çəlləyini İspaniyaya aparıb, şüşələrə doldurub, ispan şərabı adıyla geri gətirməzdim. Azərbaycanda itətök olan “ispanski butulka”nın içinə şərabı doldurub, istədiyim etiketi üstünə yapışdırıb, sırıyardım gedərdi.

Amma Abel müəllimin səfərdaşlarından birinin – həmkarım Mirşahinin bunun yalan olduğunu bildirən geçikmiş açıqlamasından sonra qərara aldım ki, yazım. Yox. Onun gecikmiş aşıqlığına dəm tutmaq fikrim yoxdur. Sadəcə, onu demək istəyirəm ki...

ROMANDAN PARÇA: “...Amerikada iki dost varmış. Ailəlikcə yaxınmışlar. Hər ikisi vəkil işləyirmiş. Dostluq eləsələr də, ayrı-ayrı partiyanın üzvüylərmiş. İş elə gətirir ki, bunlar prezident seçkilərində rəqib olurlar. Son günədək şansları da bərabər olur. Seçiciləriylə sonuncu görüşdə dostlardan biri cəld tərpənərək tribunaya birinci çıxır və “Ay seçicilər, siz buna yox, mənə səs verin. Bunun iki qızı var, ikisi də pozğun, qəhbə. Bu öz ailəsini idarə edə bilmir, bu boyda dövləti necə idarə edəcək?” deyir. Camaat da danışan namizədin rəqibini fitə basır. Heç onu ağzını açmağa da qoymurlar. Tribunadan düşürürlər. Görüşün axırınacan gözləyən namizəd foyedə dostunun boğazından tutub divara dirəyir: “Mən sənə neçə illər dost demişəm. Ailəlikcə bir olmuşuq. Ağır günümüzü birgə bölüşmüşük. İndi bu nə sözdür xalqın qarşısında danışırsan, hə? Bu nə deməkdir ki, “mənim iki qızım var, ikisi də qəhbə?”. Bunu məni tanımayan başqa birisi desəydi, yandırmazdı. Axı sən məni yaxşı tanıyırsan. Özü də yaxşı bilirsən ki, mənim ümumiyyətlə qızım yoxdur, iki oğlum var” deyir. Bilirsənmi, Qanlıgün müəllim, namizədin dostu nə cavab verir? “Sən bunu mənə yox, get xalqa başa sal”. (Mahir Qabiloğlu – “Cəncəhim” romanı)  (SON)

... ay Mirşahin, şeyxin təyyarəsi Bakıdan uçanda içində Abel müəllimə məxsus, diplomatik yolla aparılan 2 ton çaxır çəlləyinin OLMAMASINI, qayıdanda həmin çaxırların butulkalara doldurularaq ispan çaxırı adı altında təyyarədə yenidən Azərbaycana QAYTARILMAMASINI sən bizə yox, neçə gündür ki, feysbukda, digər sosial şəbəkələrdə bu xəbərə yoluxan, düzlüyünə inanan xalqa başa sal – Alimini, Akademikini, Əməkdar elm xadimini çaxır çəlləyində diri-diri basdıran xalqa.

24 noyabr 2018. (SON)

Vəzifəsindən azad edildikdən sonra Abel müəllim haqqında çox iqtisadi informasiyalar (amma bir nəfər də onun Vətəninə olan sevgisindən, dövlətə, iqtidara olan sədaqətindən yazmır) bölüşdülər. Bunların isə düz və səhv olduğunu təsdiq və ya inkar edə bilmərəm. Özümdən danışa bilərəm. Mən ağır 80-90-cı illərdə xırda alverlə məşğul olurdum. Çox ziyalı insanın övladları ailəsini dolandırmaq üçün bu yola getmişdi - “Alverçi” damğasından qorxmayaraq. Çünki qanunvericilikdə bu fəaliyyət cinayət məsuliyyətiylə tənzim olunurdu. Tutulsaydın,  həbs cəzası ala bilərdin. Atam bu gizli işlərimdən xəbər tutdu. Yanına çağırıb dedi: “Həbs olunsan, arxanca gəlməyəcəyəm!”.
Mən isə öz işimdə idim. Amma o vaxt heç kim Qabili “Alverçi” çağırmadı, işlədiyim mağazaya “Qabilin obyektidir” demədilər. Övladın məşğuliyyətinin ataya nə dəxli?  İndi isə azadlıqdır. Biznesmen, iş adamı hörmətli sayılır. Kapitalizmdir. Kimisi bunu ayıb iş sayır, əlinə zurna alaraq “ağzım ətə çatmır, iylənib” mahnısını çalaraq. Mən isə deyirəm: “Sağ əlləri başımıza”, “Varlı olmaq ayıb deyil, kasıb olmaq ayıbdır”.

Atam mənim müəllimlərimlə həmişə böyük hörmət və ehtiramla görüşürdü. Deyirdi ki, Siz Mahirin müəllimləri olmusunuz. Abel müəllim kimyaçıdır, mən isə BDU-nun Filologiya fakültəsini bitirmişəm. Ona görə də mənə dərs deməyib. Amma mənim doğma universitetimin uzun müddət rektoru olub. Deməli, o mənim də rektorum sayılır yox, elə rektorumdur.

15 gündən sonra - yanvarın 5-i mənim rektorum Abel müəllimin 75 yaşı tamam olur. Çoxdandır ki, görmürəm. Telefon edib təbrik də edə bilərdim. Amma ürəyimdəki sözləri ona çatdırmağa bir zəng yetməzdi. Ona görə də yazdım. Köhnə xatirələri də əlavə etdim.

TƏBRİKLƏR, ABEL MÜƏLLİM! Bakılılar demişkən: ALLAH ÖMÜR VƏRSİN!

Chosen
17
modern.az

1Sources