EN

EBRD-nin Azərbaycan nümayəndəliyinin rəhbəri: Orta Dəhliz boyunca və Azərbaycanda daha çox layihələri dəstəkləməkdə maraqlıyıq - MÜSAHİBƏ

Bakı, 20 dekabr, Tamilla Məmmədova, AZƏRTAC

Azərbaycanda 30 ildən çoxdur fəaliyyət göstərən Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) ötən müddət ərzində mühüm, strateji və uzunmüddətli layihələrin tərəfdaşı olub. Buna baxmayaraq, bank bundan sonra da ölkə iqtisadiyyatının prioritet sahələri üzrə gələcək əməkdaşlıqda maraqlıdır.

AZƏRTAC bu və digər aktual məsələlərlə bağlı EBRD-nin Azərbaycandakı daimi nümayəndəliyinin rəhbəri Natali Mouravidze ilə olan eksklüziv müsahibəni təqdim edir.

- Natali xanım, son on ildə EBRD-nin Azərbaycanda əsas prioritetləri barədə məlumat verərdiniz...

- Əvvəlcə icazə verin, Azərbaycanı COP29-u uğurla təşkil etdiyinə və 2035-ci ilə qədər Yeni Kollektiv Kəmiyyət Məqsədini (NCQG) üç dəfə artıraraq ildə 100 milyard dollardan 300 milyard dollara çatdırmaq barədə razılığa nail olduğuna görə təbrik edim. Mən xeyli sayda belə konfranslarda iştirak etmiş COP29 veteranları ilə danışmışam və onların hamısı bu tədbirin qüsursuz təşkilini qeyd edirdilər. Cənab Babayevin komandasının xüsusi töhfələrini də qeyd etmək lazımdır.

Azərbaycandakı işimizə gəlincə, biz üç onillikdən artıqdır ki, bu ölkənin ən böyük institusional investoru və uzunmüddətli tərəfdaşıyıq. Bu günə qədər 194 layihəyə 4 milyard avrodan çox sərmayə qoymuşuq və bu illər ərzində investisiya, texniki əməkdaşlıq və islahatlar vasitəsilə ölkənin iqtisadiyyatının şaxələndirilməsini dəstəkləmişik. İnvestisiya tərəfinə gəldikdə, təkcə bu il biz yerli bizneslərin kreditləşdirilməsi və ticarətin maliyyələşdirilməsi üçün “AccessBank”, “Bank Respublika” və Azərbaycan Beynəlxalq Bankını (ABB) maliyyələşdirmişik. Biz həmçinin “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) ilə 42 milyon dollar məbləğində kredit sazişi imzalayaraq Azərbaycanın nəqliyyat potensialının artırılmasına öz töhfəmizi vermişik. Son üç il ərzində bizim bərpaolunan enerjiyə məcmu investisiyalarımız 1,2 giqavatı ötüb ki, bu da Azərbaycanın mövcud bərpaolunan enerji potensialının təxminən yarısını təşkil edir. Xüsusilə, ən böyük nailiyyət bu il Qafqazın ən böyük günəş enerjisi obyekti olan Biləsuvar və Neftçalada 760 meqavatlıq yaşıl enerjiyə dair müqavilənin imzalanması oldu.

- Bankın Azərbaycanla əldə etdiyi ümumi nailiyyətlərdən ən uğurlu nümunələri qeyd edə bilərsinizmi?

- Azərbaycan və EBRD arasında mövcud yüksəksəviyyəli investisiya və inkişaf edən tərəfdaşlığı anlamaq üçün son illər dövlət institutları ilə apardığımız ardıcıl siyasi dialoqa nəzər salmaq lazımdır. Bu, hökumət və özəl sektor ilə Bakıda və digər ölkələrdəki komandalarımız arasında saysız-hesabsız saatlarla davam edən birgə çalışmaları əhatə edir və bu çalışmaların nəticələrini biz artıq almaqdayıq. Uğurlu nümunələrdən biri Azərbaycanın Energetika Nazirliyi ilə şəbəkənin gücləndirilməsi tədqiqatını başa çatdırmaq üçün apardığımız işdir ki, bu da indi Azərbaycana öz elektrik şəbəkəsini yaşıl keçidə hazırlamağa imkan verir.

Bizim üçün daha bir mühüm nəticə ölkə rəhbərliyi ilə birlikdə aşağı karbonlu hidrogen iqtisadiyyatının potensialının qiymətləndirilməsi və Azərbaycan üçün milli hidrogen strategiyasının hazırlanması istiqamətində tədqiqatın hazırlanması oldu. Biz, həmçinin Azərbaycana bərpaolunan enerji üzrə ilk hərracların keçirilməsinə kömək etmək üçün imzaladığımız Bərpa Olunan Enerji Proqramımız vasitəsilə ölkənin hakimiyyət orqanları ilə işləyirik. COP29-da EBRD-nin dəstəyi ilə ölkə ilk hərracını böyük uğurla keçirdi və bu, Azərbaycanın enerji bazarına yeni oyunçunun daxil olmasına və gələcəkdə Qaradağda 100 MVt gücündə yeni günəş elektrik stansiyasının istifadəyə verilməsinə imkan yaratdı.

- EBRD-nin Qafqaz və Mərkəzi Asiya üzrə strateji təşəbbüslərində Azərbaycanın rolunu necə qiymətləndirirsiniz?

- Orta Dəhliz nəqliyyat marşrutuna artan tələbat Qafqaz və Mərkəzi Asiya üçün yeni ticarət imkanları yaradır. Biz istər Bakı yaxınlığındakı anbar, istər Gürcüstanda liman infrastrukturu, istərsə də Qazaxıstanda dəmir yolları olsun, Mərkəzi Asiyanı Qafqazla birləşdirən özəl və ya dövlət sektorunda olan müştərilərimizi fəal şəkildə dəstəkləyirik. Tələbə fokuslanan bir qurum olaraq, EBRD Orta Dəhliz boyunca və Azərbaycanda daha çox layihələri dəstəkləməkdə maraqlıdır, çünki ölkə bu strateji nəqliyyat marşrutunun ən kritik həlqələrindən biridir. Biz ölkənin nəqliyyat potensialını yaxşılaşdırmaqla yanaşı, yaşıl enerjinin nəqli sahəsində yeni regional inkişaf perspektivlərini diqqətlə izləyirik. Biz bilirik ki, Azərbaycan, Qazaxıstan və Özbəkistan rəhbərliyi yaşıl dəhlizlə bağlı saziş imzalayıb. Analoji səylər Qara dəniz hövzəsi ölkələri tərəfindən də aparılır. Bunlar bizim iştirak etməkdə maraqlı olacağımız iddialı layihələrdir. Müvafiq texniki-iqtisadi əsaslandırmaların nəticələrindən asılı olaraq, Mərkəzi Asiya və Qafqazdan bərpaolunan enerjinin Avropa bazarına yönəldilməsi potensialı çox perspektivli görünür.

- EBRD Azərbaycanda biznes mühitinin inkişafına necə dəstək verir? Ölkədə maliyyə, kiçik və orta biznes sektoruna yönəlmiş layihələr haqqında məlumat verərdiniz.

- Azərbaycanda bizim əsas məqsədlərimizdən biri yerli maliyyə institutlarını gücləndirməkdir ki, onlar da öz növbəsində özəl sektorun böyüməsi üçün lazımi maliyyə vəsaitinə asan çıxışı təmin etsinlər. Bu baxımdan 2024-cü il xüsusilə uğurlu olub. Bu il biz Azərbaycan Beynəlxalq Bankı ilə əməkdaşlığa başladıq. COP29-da yerli KOB-ları maliyyələşdirmək üçün ilk yaşıl kreditimizi “Bank Respublika”ya təqdim etdik. Bir qədər əvvəl, biz “AccessBank” ilə birlikdə Azərbaycanda Risk Bölgüsü Çərçivəsini (RSF) yenidən işə saldıq. RSF müqaviləsinə əsasən, EBRD “AccessBank”ın kredit verdiyi yerli KOB-ların riskini bölüşür. 2024-cü ilin dekabr ayına qədər biz artıq Risk Bölgüsü Çərçivəsini işə salmışıq və proqram çərçivəsində ilk subkrediti təsdiq etmişik. Birlikdə biz yerli bizneslərin maliyyəyə çıxış imkanlarını yaxşılaşdırmaqla və onların daha rəqabətqabiliyyətli olmasına kömək etməklə onları dəstəkləməyə davam etməyi planlaşdırırıq. Hazırda biz 2025-ci il üçün digər Azərbaycan bankları ilə potensial tərəfdaşlığı araşdırırıq. Biz, həmçinin ticarətin maliyyələşdirilməsində və yerli iqtisadiyyatın yaşıllaşdırılması səylərində iştirakımızı genişləndirməyə çalışırıq. Bütün bunlar mikro, kiçik və orta sahibkarlıq subyektlərinin kreditləşdirilməsi yolu ilə həyata keçiriləcək. Növbəti illərdə biz rəqabət qabiliyyətinin artırılmasına, yaşıl maliyyənin təşviqinə, biznesdə qadınların dəstəklənməsinə və gənclərin məşğulluğunun artırılmasına diqqət yetirəcəyik. Azərbaycanda kiçik və orta sahibkarlığın daha da inkişaf etməsinə həqiqətən kömək etmək üçün qarşıda çox iş var.

- EBRD-nin Azərbaycanın enerji sektoru ilə əməkdaşlığından danışardınız. Hansı uğurlu nümunələri vurğulaya bilərsiniz?

- Son onilliklər ərzində biz Azərbaycanın enerji sektoruna yüz milyonlarla avro sərmayə qoymuşuq. Bərpaolunan enerji mənbələrinə diqqətin artması səbəbindən sektor indi daha da əhəmiyyətli olur. Siyasi dəstəyimizlə yanaşı, son illər külək və günəş enerjisi sahəsində də gözəl nəticələr əldə etmişik. Biz Azərbaycanda bərpaolunan enerjinin əsas nailiyyətlərinin əksəriyyətində iştirak etmiş yeganə çoxtərəfli inkişaf bankı olmaqdan qürur duyuruq. 2022-ci ildə biz ilk özəl kommunal miqyaslı 240 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasını maliyyələşdirənlərdən biri olduq. Bunun ardınca 2023-cü ildə ölkənin ilk kommunal miqyaslı 240 MVt gücündə Xızı-Abşeron külək elektrik stansiyasının maliyyələşdirilməsi baş verdi. Bu uğurlu investisiyalar iqlim maliyyələşdirməsinin daha da səfərbər edilməsinə yol açdı və bu il Biləsuvar və Neftçalada sazişin imzalanması ilə yekunlaşdı. Qafqazda bu günə qədər ən böyük olan bu günəş elektrik stansiyalarının ildə 600 min tondan çox CO2 qənaət edəcəyi təxmin edilir. 300 minə qədər evi yaşıl enerji ilə təchiz etməklə yanaşı, bu əhəmiyyətli investisiya regionun bütün bərpaolunan enerji bazarı üçün yeni bir mərhələdir. İslahatlar istiqamətində bank elektrik şəbəkəsinin təkmilləşdirilməsi, enerji sektoru üçün aşağı karbonlu yolun yaradılması və milli hidrogen strategiyasının hazırlanması kimi məsələlər üzrə Azərbaycan hakimiyyəti ilə siyasi dialoqu davam etdirir. Maliyyələşdirmə və islahatların bu şəkildə birləşməsi ölkəyə əlavə özəl iqlim maliyyəsini cəlb etmək məqsədi daşıyır.

- Azərbaycanda yaşıl texnologiyaların və dayanıqlı enerjinin inkişafında EBRD-nin rolu nədən ibarətdir? Bank ekoloji problemlərin həllində Azərbaycana dəstək verirmi?

- Bütövlükdə, bərpaolunan enerjiyə diqqətimiz ölkənin karbon izini azaltmağa kömək edir. CO2 emissiyalarının azaldılması ilə ölkə çirklənmə səviyyəsinin aşağı olmasından da faydalanır. Məni Azərbaycanda hidrogen iqtisadiyyatının perspektivləri də çox maraqlandırır. Bildiyiniz kimi, biz Azərbaycan hakimiyyətinə milli hidrogen strategiyasının hazırlanmasında kömək edirik. Bu prosesdə iştirak edən komandalar bu əməkdaşlığı növbəti səviyyəyə çıxarmaqda, Azərbaycana qarşıdakı illərdə bu strategiyanın həyata keçirilməsinə kömək etməkdə maraqlıdırlar.

Mənim üçün digər mühüm hadisə Azərbaycanda EBRD-nin Yaşıl Şəhərlər proqramına qoşulan ilk və indiyədək yeganə şəhər olan Gəncə ilə əməkdaşlığımızdır. Biz iki layihə imzalamışıq və növbəti 15 il ərzində Gəncə şəhəri üçün Yaşıl Şəhər Fəaliyyət Planı hazırlamışıq. Bu layihələr şəhərə bərk məişət tullantılarının toplanması və küçə işıqlandırmasının davamlılığını və səmərəliliyini artırmağa kömək edəcək. Hazırda biz şəhərin su, tullantı və yağış sularının idarə edilməsi infrastrukturunu yaxşılaşdırmaq üçün böyük investisiyalar üzərində işləyirik. Paralel olaraq, biz Azərbaycan İqtisadiyyat Nazirliyi ilə bankın yeni şəhərlərə, infrastruktur sektorlarına yaşıl və aşağı karbonlu investisiyalarını genişləndirmək üçün müzakirələr aparırıq. Ümid edirik ki, tezliklə Azərbaycanın digər şəhərləri də proqramımıza qoşulacaq.

 

Chosen
60
48
azertag.az

10Sources