EN

Tələbə Kredit Fonduna 58 mindən çox müraciət daxil olub - "1 milyon manat təhsil müəssisələrinin hesabına köçürülüb"

"Təhsil Tələbə Kredit Fonduna (TTKF) bu günə qədər 58 mindən çox müraciət daxil olub".

Teleqraf.com xəbər verir ki, bunu Təhsil Tələbə Kredit Fondu İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən Bəhruz Əzimov 3 illik fəaliyyətə dair keçirilən hesabat konfransında deyib.

O əlavə edib ki, 46 minə yaxın şəxslə müqavilə rəsmiləşdirilib. "Bu məqsədlə 41 milyon manata yaxın vəsait təhsil müəssisələrinin hesablarına köçürülüb".

Fond tərəfindən davamlı şəkildə təbliğat, təşviqat və maarifləndirmə işlərinin aparıldığını qeyd edən B.Əzimov, hesabat dövrü ərzində respublika ərazisində yerləşən ali, orta ixtisas, peşə təhsili və ümumtəhsil müəssisələrində görüşlərin keçirildiyini və bu günə kimi bu görüşlərdə 55 minə yaxın şəxsin iştirak etdiyini diqqətə çatdırıb. Həmçinin Fondun qaynar xətti və sosial media hesablarına daxil olmuş müvafiq olaraq 45 və 90 mindən çox müraciətin operativ qaydada cavablandırıldığını, vətəndaş qəbuluna yazılmış 1000 nəfərə yaxın şəxsin müraciətlərinin araşdırılaraq müvafiq dəstək göstərildiyi bildirib.

Bəhruz Əzimov 3 il ərzində tələbələ və məzunlar üçün ödənişsiz təlimlərin təşkil olunduğunu, həmçinin onların müxtəlif təhsil forumları, iş yarmarkaları, karyera sərgilərində iştirak etmələrinə dəstək göstərildiyini, bu xüsusda onlarla gəncin işlə təmin edilməsinə nail olunduğunu bildirib.

Hesabatda məzunların işlə təmin olunmasına dəstək göstərmək üçün dövlət və özəl qurumlar ilə əməkdaşlıq əlaqələrinin qurulduğu, 30-dan çox müəssisə ilə Anlaşma Memordumlarının imzalandığı, beləliklə, 1000-dən çox tələbənin təlimlərə cəlb olunduğu, 600-dan çox tələbə və məzunun isə təcrübə proqramlarından yararlandığı qeyd olunub.

Qurum rəsmisi bildirib ki, Təhsil Tələbə Krediti Fondunun yaratdığı imkanlardan faydalanmaq üçün yaş məhdudiyyəti yoxdur, hətta 23 ailədə valideyn və övladlarla da daxil olmaqla, ümumilikdə 69 nəfərin, 1069 ailədə isə 2 nəfərin, ümumilikdə 2318 nəfərin tələbə adı qazanaraq TTK götürüb.

Geri ödənişlər zamanı tələbələrə edilən güzəştlər məsələsinə toxunan Fondun sədri bildirib ki, TTK-dan yararlanmış 6500-dən çox tələbənin məzun olduğunu və götürdükləri kreditləri aylıq kiçik məbləğlərlə geri ödəməyə başlayıb:

"Sosial TTK almış 173 tələbənin Ümumi Orta Müvəfəqqiyyət Göstəricisi (ÜOMG) yüksək oduğuna görə götürdükləri kreditlərin tam yarısı dövlət tərəfindən onlara bağışlanıb. 400-ə yaxın standart TTK almış məzunda isə bu güzəşt 25% təşkil etmişdir. Hesabat dövrü ərzində təhsil göstəriciləri yüksək olan məzunlara bağışlanmış vəsaitin ümumi məbləği təqribən 444 min azn təşkil edir".


Müəllif: Məlik Məlikov
Chosen
24
3
teleqraf.com

4Sources