EN

FHN Yeni il bayramı ilə əlaqədar yanğın təhlükəsizliyinə dair müraciət edib - VİDEO

FHN Yeni il bayramı ilə əlaqədar yanğın təhlükəsizliyinə dair əhaliyə müraciət edib.

APA xəbər verir ki, müraciətdə deyilir:

Yeni il hər kəsin böyük sevinclə qeyd etdiyi bayramlardandır. Lakin bu əlamətdar bayramda insanların bəzədilmiş küknar ağacı ətrafında kütləvi şəkildə toplaşaraq keçirdikləri tədbirlər həm də yanğın təhlükəsini yaradır. Təəssüflə qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi tərəfindən aparılan kütləvi maarifləndirmə tədbirlərinə baxmayaraq, bəzi vətəndaşların, o cümlədən fiziki və hüquqi şəxslərin ən sadə təhlükəsizlik qaydalarına biganə yanaşması sonda əziz bayramın faciəyə çevrilməsinə şərait yaradır.

Qeyd olunanlarla əlaqədar Fövqəladə Hallar Nazirliyi əhaliyə, o cümlədən yeni il şənliklərinin keçirildiyi məkanların rəhbərlərinə bir daha müraciət edərək, aşağıdakı yanğın təhlükəsizliyi qaydalarına riayət etməyin vacibliyini xatırladır:

- evlərdə və şənlik məkanlarında bəzədilən küknar ağacı yerə möhkəm bərkidilməli, ağacın budaqları tavana və divarlara toxunmamalı;

- işıqlandırmada saz və standarta uyğun elektrik qurğu və cihazından istifadə edilməli;

- ağac tezalışan oyuncaqla bəzədilməməli;

- qapalı məkanda atəşfəşanlıq edilməməlidir.

Bundan başqa, bayram şənliyində aşağıdakılar nəzərə alınmalıdır:

- şənlik keçirilən otağın divar, tavan və döşəməsi odadavamlı olmalı;

- pəncərədə dəmir barmaqlıq olmamalı;

- məkanın iki çıxışı olmalı;

- ehtiyat qapı üzərində “Çıxış” sözü yazılmış yaşıl işıqlı elektrik lövhəsi olmalı;

- ehtiyat çıxış yollarında sərbəst çıxışa mane olan heç nə olmamalı;

- təxliyə yolları işıqlandırılmalı və birbaşa çıxışa aparmalı;

- otağın qapıları mütləq bayıra açılmalı;

- məkanda nəzərdə tutulan saydan artıq insan olmamalı;

- şənlikdə işıq tam söndürülməməli;

- məkan ilkin yanğınsöndürmə vasitələri ilə təmin olunmalıdır.

Həmçinin, bildiririk ki, qanunvericiliyə əsasən, mülkiyyət formasından asılı olmayaraq tədbir keçirilən bütün obyekt və müəssisələrin rəhbərləri yanğın təhlükəsizliyinin təmin edilməsinə cavabdehlik daşıyır. Odur ki, tədbir ərəfəsində obyektin yanğından mühafizə sisteminə aid bütün qurğu, avadanlıq və s. təftiş edilməli, onların sazlığı təmin olunmalı, habelə obyektin bütün işçiləri yanğına qarşı təlimatlandırılmalı və baş verə biləcək yanğın hadisəsi zamanı vəzifələrini dəqiq bilməlidirlər. Tədbirlərin keçiriləcəyi məkanların rəhbərlərindən üzərlərinə düşən məsuliyyət çərçivəsində yanğın təhlükəsizliyi tələblərini müvafiq qaydada təmin etmək və tədbirlərin keçirilməsini Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırmaq tələb olunur. Obyekt rəhbərləri Xidmətə müraciət edərək məsələ ilə bağlı metodiki köməklik və mütəxəssis rəyi ala bilərlər.

Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!

Təhlükə zamanı 112-yə zəng edin!

Chosen
5
49
apa.az

10Sources