EN

Akademik Arif Mehdiyevin 90 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib  

Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunda görkəmli alim, Əməkdar elm və texnika xadimi, Dövlət mükafatı laureatı, akademik Arif Mehdiyevin 90 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib.

Sessiya Azərbaycan Milli Elmlər Akademiyası, Milli Aviasiya Akademiyası, Azərbaycan Respublikasının Kosmik Agentliyi (“Azərkosmos”), Milli Aerokosmik Agentliyi və ETN İnformasiya Texnologiyaları İnstitutunun təşkilatçılığı ilə baş tutub. Tədbirdə institut və təşkilatların rəhbərləri, alim və mütəxəssislər, KİV nümayəndələri və digər aidiyyəti şəxslər iştirak ediblər.

Əvvəlcə elmi sessiya iştirakçıları II Fəxri Xiyabanda akademik Arif Mehdiyevin xatirəsinə ehtiramlarını ifadə ediblər, məzarı önünə gül dəstələri qoyublar.

Tədbirdə giriş nitqi ilə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli çıxış edərək görkəmli elm xadimi, akademik Arif Mehdiyevin elmi və dövlətçilik fəaliyyəti haqqında məlumat verib. AMEA-nın prezidenti qeyd edib ki, III Sənaye İnqilabının aparıcı alimlərindən olan akademik Arif Mehdiyev mühüm innovativ layihələrin rəhbəri kimi Yerin Kosmosdan tədqiqinin texniki vasitələrinin işlənib hazırlanmasının elmi prinsiplərini müəyyənləşdirib, bir sıra müxtəlif təyinatlı məlumat-ölçü komplekslərinin hazırlanmasında və kosmik məlumatların emalında yeni texnologiyaların, o cümlədən coğrafi məlumat sistemləri texnologiyalarının tətbiqi sahəsində yüksək nəticələr əldə edib.

Alim ölkəmizdə aerokosmik elmin əsas yaradıcılarından biri olan akademik A.Mehdiyevin aerokosmik elmin təşkili, bu elm sahəsi ilə hidremeteorologiyanın, o cümlədən ekologiyanın vəhdətindən yaranan yeni bir elmi istiqamətin formalaşmasında, eləcə də Azərbaycanın bitki örtüyünün kosmik metodlarla öyrənilməsində əvəzsiz xidmətlər göstərdiyini də diqqətə çatdırıb. Hazırda ölkəmizdə müasir elmi nailiyyətlərin əsasında akademik A.Mehdiyevin əldə etdiyi uğurların mühüm rola malik olduğunu deyib, alimin dünyanın müxtəlif nüfuzlu jurnallarında işıq özü görmüş 300-dən çox məqalənin müəllif olduğunu söyləyib.

Akademik İsa Həbibbəyli böyük elm təşkilatçısı olan akademik Arif Mehdiyevin fəaliyyətinin müəyyən bir dövrünün AMEA ilə bağlı olduğunu qeyd edərək, alimin 2001-2007-ci illərdə Akademiyanın vitse-prezidenti kimi fəaliyyət göstərdiyini bildirib.

AMEA rəhbərinin sözlərinə görə, A.Mehdiyevin yorulmaz elmi fəaliyyəti dövlətimiz tərəfindən də yüksək qiymətləndirilib, alim cənab Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə “Şöhrət” və “Şərəf” ordenlərinə layiq görülüb.

AMEA-nın prezidenti zəngin elmi irsə malik akademik A.Mehdiyevin 90 illik yubileyinə həsr olunmuş elmi sessiyanın keçirilməsini əlamətdar hadisə kimi qiymətləndirib, tədbirin görkəmli alimin çoxillik elmi-təşkilati fəaliyyətinə verilən yüksək qiymətin, onun ruhuna göstərilən ehtiramın nümunəsi olduğunu vurğulayıb.

Sonra çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AAK) sədri, professor Famil Mustafayev akademik A.Mehdiyevin təkcə dövlət xadimi kimi deyil, eləcə də elm, texnika və təhsil sahəsindəki fəaliyyəti və fədakar əməyi ilə seçilən görkəmli ziyalılarımızdan olduğunu diqqətə çatdırıb: “A.Mehdiyev 2002-ci ildən ömrünün sonunadək AR Prezidenti yanında AAK-ın sədri vəzifəsində çalışmış, həmin illərdə beynəlxalq aləmdə Azərbaycan elminin səviyyəsinin və nüfuzunun yüksəldilməsi, yeni kriteriyalara əsasən milli kadrların formalaşması istiqamətində mühüm töhfələr vermişdir”.

F.Mustafayevin sözlərinə görə, akademik A.Mehdiyev Ali Attestasiya Komissiyasının qanunvericilik bazasının formalaşdırılması və zamanın tələbinə uyğun təkmilləşdirilməsi, ali təhsilin doktorantura səviyyəsi, elmi və elmi-pedaqoji işçilərə elmi dərəcələrin verilməsi üzrə ixtisasların siyahısının UNESCO-nun qəbul etdiyi elmi ixtisas siyahılarına uyğunlaşdırılması, Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması üçün tövsiyə edilən dövri elmi nəşrlərə dair vahid qaydalar sisteminin işlənib hazırlanması və s. istiqamətlərdə səmərəli fəaliyyəti ilə seçilib.

Milli Aerokosmik Agentliyin baş direktoru, professor Natiq Cavadov akademik A.Mehdiyevin Agentliyin yaradılmasında göstərdiyi əvəzsiz xidmətlərdən bəhs edib. Bildirib ki, 1992-ci ildə alimin təşəbbüsü ilə Kosmik Tədqiqatlar Elm-İstehsalat Birliyinin bazası əsasında Azərbaycan Milli Aerokosmik Agentliyi yaradılmış və A. Mehdiyev 2003-cü ilədək həmin Agentliyin baş direktoru vəzifəsində çalışmışdır. Prof. N.Cavadov akademik A.Mehdiyevin səyləri nəticəsində Milli Aerokosmik Agentliyin əməkdaşlarının dünyanın müxtəlif ölkələrinin müvafiq kosmik tədqiqatlar mərkəzlərinin işi ilə yaxından tanış olduqlarını, Yerin kosmosdan öyrənilməsi istiqamətində fəaliyyət göstərən elmi-tədqiqat mərkəzlərində ixtisasartırma kursları keçdiklərini söyləyib.

Milli Aviasiya Akademiyasının I prorektoru, professor Ədalət Səmədov çıxış edərək görkəmli alim Arif Mehdiyevin Akademiyanın Aerokosmik Monitorinq kafedrasına rəhbərlik etdiyi dövrlərdə həyata keçirdiyi mühüm tədbirlər haqqında məlumat verib. Azərbaycanda aerokosmik elmin inkişaf etdirilməsində, Milli Aviasiya Akademiyasının elmi və pedaqoji potensialının gücləndirilməsində, o cümlədən yeni nəsil kadrların yetişdirilməsində alimin əvəzsiz xidmətləri olduğunu vurğulayıb.

Chosen
19
6
veteninfo.az

7Sources