İctimai fəal Nicat İbrahim barəsində ibtidai istintaq başa çatıb. Cinayət işi bu günlərdə baxılmaq üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndəriləcək, bu barədə təqsirləndirilən şəxsin vəkili Zibeydə Sadıqova bildirib.
Onun sözlərinə görə, İbrahim ittihamları qəbul etmir və qurama hesab edir.
Fəalın həyat yoldaşı Pərvin İbrahim də onun yalan ittihamla təqib olunduğunu hesab edir. "Nicat dəfələrlə bildirib ki, ittihamlar quramadır, onu təsdiq edən hər hansı dəlil yoxdur. Hadisə baş verən yerdə çoxsaylı kameralar var və kamera görüntüləri ilə hadisənin necə baş verdiyini görmək olar. Buna baxmayaraq, hadisə baş verən yanacaqdoldurma məntəqsinin kameralarındakı görüntülər iş materiallarına daxil edilməyib", deyə fəalın həyat yoldaşı Turan-a bildirib.
Pərvin İbrahimin sözlərinə görə, Nicat İbrahim istintaqa etiraz olaraq bir neçə dəfə özünə xəsarət yeriməklə intihara cəhd edib. İlk dəfə o, saxlanıldıqdan sonra polis bölməsindəcə özünə xəsarət yetirib. Daha sonra İstintaq Təcridxanasında boğazını və üzünü kəsib.
"O, üçüncü dəfə bu günlərdə ayaqları və əlləri sulu halda özünü elektrik cərəyanına qoşub. Həyatını xilas edə biliblər. Amma, qollarında və sinəsində yanıq yerləri qalmaqdadır", deyə həyat yoldaşı bildirib.
Onun sözlərinə görə, həyat yoldaşı intihara cəhd etdikdən sonra onun boğazında qan laxtaları yığılır, qulaqlarında və sinə nahiyyəsində kəskin ağrılar var. Təzyiqi yüksəkdir.
* Sentyabrın 6-da Nicat İbrahimi Bakı Beynəlxalq Hava Limanının sərhəd keçid məntəqəsindən buraxmayıblar. Ona bildiriblər ki, Daxili İşlər Nazirliyi ölkədən xaricə çıxışına qadağa qoyub. Onun həyat yoldaşı və iki uşağı sərhəd keçid məntəqəsini keçərək Kişinyova gedib. Bundan sonra Nicat İbrahim DİN-ə müraciət edərək qanunsuz qadağanı ləğv etməyi tələb edib və DİN-in binası qarşısında özünü yandırmaqla hədələyib.
Sentyabrın 9-da o, qəsdən sağlamlığa ağır zərər vurmaqda ittiham edilərək saxlanılıb. Dekabrın 11-də ittiham 126.2.4-cü (Qəsdən sağlamlığa ağır zərər vurma- ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə) maddəyə tövsif edilib.
Ona qarşı həmçinin 221.3 (Xuliqanlıq-əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddə ilə ittiham irəli sürülüb. Bu maddələrlə onu 11 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.
** İbrahim 2021-ci ildə artıq həbs edilib və karantin rejimini pozma ittihamı ilə 15 ay müddətinə azadlıqdan məhrum edilib. Həbsin səbəbi onun prezident administrasiyası qarşısında təkbaşına piket keçirməsi olub.