EN

Akademik Arif Mehdiyevin 90 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirildi – FOTO/VİDEO

AR Elm və Təhsil Nazirliyi İnformasiya Texnologiyaları İnstitutunda görkəmli alim, Əmək­dar elm və tex­ni­ka xa­di­mi, Döv­lət mü­ka­­fa­tı lau­rea­tı, akademik Arif Meh­di­yevin90 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirildi.

Sessiya Azərbaycan Milli Elmlər Akademiyası, Milli Aviasiya Akademiyası, Azərbaycan Respublikasının Kosmik Agentliyi (“Azərkosmos”), Milli Aerokosmik Agentliyi və ETN İnformasiya Texnologiyaları İnstitutunun təşkilatçılığı ilə baş tutdu. Tədbirdə institut və təşkilatların rəhbərləri, alim və mütəxəssislər, KİV nümayəndələri və digər aidiyyəti şəxslər iştirak edirdilər.

Əvvəlcə elmi sessiya iştirakçıları II Fəxri Xiyabanda akademik Arif Mehdiyevin xatirəsinə ehtiramlarını ifadə etdilər, məzarı önünə gül dəstələri qoydular.

Tədbirdə giriş nitqi ilə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli çıxış edərək görkəmli elm xadimi, akademik Arif Mehdiyevin elmi və dövlətçilik fəaliyyəti haqqında məlumat verdi. AMEA-nın prezidenti qeyd etdi ki, III Sənaye İnqilabının aparıcı alimlərindən olan akademik Arif Mehdiyev mü­hüm innovativ la­yi­hə­­lə­­rin rəhbəri ki­mi Ye­rin Kos­mos­­dan təd­qi­qi­nin tex­ni­ki va­si­tə­lə­ri­­nin iş­lə­nib hazırlanma­sı­nın el­mi prin­sip­lə­ri­ni mü­əy­yən­­ləş­­dir­miş, bir sı­ra müx­tə­lif tə­yi­nat­lı mə­lu­mat-öl­çü komp­leks­lə­ri­nin ha­zır­lan­ma­­sın­da və kos­mik mə­lu­­mat­la­rın ema­lın­da ye­ni texnologiya­la­rın, o cümlədən coğrafi məlumat sis­tem­lə­ri tex­no­lo­gi­ya­­la­­rı­­nın tət­­bi­qi sa­hə­sin­də yük­sək nə­ti­­cə­­lər əl­də et­miş­dir.

Alim ölkəmizdə aerokosmik elmin əsas yaradıcılarından biri olan akademik A.Mehdiyevin aerokosmik elmin təşkili, bu elm sahəsi ilə hidremeteorologiyanın, o cümlədən ekologiyanın vəhdətindən yaranan yeni bir elmi istiqamətin formalaşmasında, eləcə də Azərbaycanın bitki örtüyünün kosmik metodlarla öyrənilməsində  əvəzsiz xidmətlər göstərdiyini də diqqətə çatdırdı. Hazırda ölkəmizdə müasir elmi nailiyyətlərin əsasında akademik A.Mehdiyevin əldə etdiyi uğurların mühüm rola malik olduğunu dedi, alimin dünyanın müxtəlif nüfuzlu jurnallarında işıq özü görmüş 300-dən çox məqalənin müəllif olduğunu söylədi.

Akademik İsa Həbibbəyli böyük elm təşkilatçısı olan akademik Arif Mehdiyevin fəaliyyətinin müəyyən bir dövrünün AMEA ilə bağlı olduğunu qeyd edərək, alimin 2001-2007-ci illərdə Akademiyanın vitse-prezidenti kimi fəaliyyət göstərdiyini bildirdi.

AMEA rəhbərinin sözlərinə görə, A.Mehdiyevin yorulmaz elmi fəaliyyəti dövlətimiz tərəfindən də yüksək qiymətləndirilmiş, alim Cənab Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə “Şöhrət” və “Şərəf” ordenlərinə layiq görülmüşdür.

AMEA-nın prezidenti zəngin elmi irsə malik akademik A.Mehdiyevin 90 illik yubileyinə həsr olunmuş elmi sessiyanın keçirilməsini əlamətdar hadisə kimi qiymətləndirdi, tədbirin görkəmli alimin çoxillik elmi-təşkilati fəaliyyətinə verilən yüksək qiymətin, onun ruhuna göstərilən ehtiramın nümunəsi olduğunu vurğuladı.

Sonra çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AAK) sədri, professor Famil Mustafayev akademik A.Mehdiyevin təkcə dövlət xadimi kimi deyil, eləcə də elm, texnika və təhsil sahəsindəki fəaliyyəti və fədakar əməyi ilə seçilən görkəmli ziyalılarımızdan olduğunu diqqətə çatdırdı: “A. Mehdiyev 2002-ci ildən ömrünün sonunadək AR Prezidenti yanında AAK-ın sədri vəzifəsində çalışmış, həmin illərdə beynəlxalq aləmdə Azərbaycan elminin səviyyəsinin və nüfuzunun yüksəldilməsi, yeni kriteriyalara əsasən milli kadrların formalaşması istiqamətində mühüm töhfələr vermişdir”.

F.Mustafayevin sözlərinə görə, akademik A.Mehdiyev Ali Attestasiya Komissiyasının qanunvericilik bazasının formalaşdırılması və zamanın tələbinə uyğun təkmilləşdirilməsi, ali təhsilin doktorantura səviyyəsi, elmi və elmi-pedaqoji işçilərə elmi dərəcələrin verilməsi üzrə ixtisasların siyahısının YUNESKO-nun qəbul etdiyi elmi ixtisas siyahılarına uyğunlaşdırılması, Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması üçün tövsiyə edilən dövri elmi nəşrlərə dair vahid qaydalar sisteminin işlənib hazırlanması və s. istiqamətlərdə səmərəli fəaliyyəti ilə seçilmişdir.

Milli Aerokosmik Agentliyin baş direktoru, professor Natiq Cavadov akademik A.Mehdiyevin Agentliyin yaradılmasında göstərdiyi əvəzsiz xidmətlərdən bəhs etdi. Bildirdi ki, 1992-ci ildə alimin təşəbbüsü ilə Kosmik Tədqiqatlar Elm-İstehsalat Birliyinin bazası əsasında Azərbaycan Milli Aerokosmik Agentliyi yaradılmış və A. Mehdiyev 2003-cü ilədək həmin Agentliyin baş direktoru vəzifəsində çalışmışdır. Prof. N.Cavadov akademik A.Mehdiyevin səyləri nəticəsində Milli Aerokosmik Agentliyin əməkdaşlarının dünyanın müxtəlif ölkələrinin müvafiq kosmik tədqiqatlar mərkəzlərinin işi ilə yaxından tanış olduqlarını, Yerin kosmosdan öyrənilməsi istiqamətində fəaliyyət göstərən elmi-tədqiqat mərkəzlərində ixtisasartırma kursları keçdiklərini söylədi.

Milli Aviasiya Akademiyasının I prorektoru, professor Ədalət Səmədov çıxış edərək görkəmli alim Arif Mehdiyevin Akademiyanın Aerokosmik Monitorinq kafedrasına rəhbərlik etdiyi dövrlərdə həyata keçirdiyi mühüm tədbirlər haqqında məlumat verdi. Azərbaycanda aerokosmik elmin inkişaf etdirilməsində, Milli Aviasiya Akademiyasının elmi və pedaqoji potensialının gücləndirilməsində, o cümlədən yeni nəsil kadrların yetişdirilməsində alimin əvəzsiz xidmətləri olduğunu vurğuladı.

Professor Ə.Səmədov qeyd etdi ki, akademik Arif Mehdiyev açıq layihələrlə yanaşı, uzun müd­dət hər­bi tə­yi­nat­lı mə­lu­mat-öl­çü komp­leks­lə­ri­nin ya­ra­­dıl­­ma­sı üz­rə el­mi-təd­qi­qat və təc­rü­bi-konst­ruk­tor iş­lə­ri­nin ye­ri­nə ye­ti­ril­mə­si­nə də rəhbərlik et­miş­dir. O, kos­mik fə­za­nı təd­qiq edən peyk ci­haz­la­rı­nın yaradıl­ma­sın­da da yaxından iş­ti­rak et­miş­dir.

Azərbaycan Respublikasının Kosmik Agentliyi (“Azərkosmos”) İdarə Heyətinin sədri Saməddin Əsədov ölkəmizdə kosmik tədqiqatların əsasını qoyan və bu sahədə əhəmiyyətli nailiyyətlər əldə etmiş Arif Mehdiyevin elmi məktəb yaratdığını bildirdi. Akademikin elmi irsini Azərbaycan elminin yüksək nailiyyəti kimi qiymətləndirərək, alimin apardığı elmi tədqiqatların bu gün də gənc mütəxəssislər tərəfindən davam etdirildiyini vurğuladı.

O, akademik A.Mehdiyevin ölkəmizdə kosmik sənayenin inkişaf etdirilməsi, kosmik fəaliyyət sahəsində elmi-texniki nailiyyətlərin və qabaqcıl təcrübənin öyrənilməsi, bu sahədə dövlət siyasətinə dəstək məqsədilə yaradılmış Azərbaycan Respublikasının Kosmik Məsələlər üzrə Şurasının fəaliyyətində, eləcə də  “Azərkosmos”un fəaliyyət istiqamətlərinin və strateji məsələlərinin müəyyənləşdirilməsində yaxından iştirak etdiyini diqqətə çatdırdı.

Daha sonra tədbirdə AMEA-nın vitse-prezidenti, ETN İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev çıxış edərək kosmik, aviasiya və informatika elmləri sahəsində görkəmli alim A.Mehdiyevin Azərbaycan elminə verdiyi dəyərli töhfələrdən, onun elmi və elmi-təşkilati fəaliyyətindən söz açdı. Akademik A.Mehdiyevin rəhbərliyi altında Yerin süni peykləri vasitəsilə aerokosmik informasiyasının qeyd olunması, ötürülməsi və emal olunması sahəsində uzun illər ərzində xüsusi təyinatlı elmi-tədqiqat və layihələndirmə işlərinin aparıldığını bildirdi.

Akademik Rasim Əliquliyevin sözlərinə görə, 2000-ci illərin əvvəllərində ölkəmizdə informasiya təhlükəsizliyi üzrə tədqiqatların prioritet istiqamətlərdən birinə çevrilməsində, informasiya texnologiyalarının müxtəlif aspektlərinə dair araşdırmaların genişləndirilməsində və ölkəmizdə elm və təhsil təu=yinatlı şəbəkənin (AzSciencenet) inkişaf etdirilməsində akademik A.Mehdiyevin irəli sürdüyü təşəbbüslərin xüsusi rolu olmuşdur. AMEA-nın vitse-prezidenti akademik Arif Mehdiyevin İnformasiya Texnologiyaları İnstitutunun fəaliyyətinin genişləndirilməsində də böyük xidmətləri olduğunu da nəzərə çatdırdı.

Tədbirdə akademik Arif Mehdiyevin ailəsi adından Azərbaycan Respublikasının əməkdar mühəndisi, geologiya-mineralogiya elmləri doktoru Ülvi Mehdiyev çıxış edərək, A.Mehdiyevin dövlət, cəmiyyət, eləcə də elmi və pedaqoji ictimaiyyət tərəfindən qəbul olunmuş bütöv bir şəxsiyyət olduğunu bildirdi, tanınmış alimin xatirəsinin hər zaman qəlblərdə yaşayacağına inamını ifadə etdi. Mərhum alimin 90 illik yubileyinə həsr olunmuş yüksək səviyyəli tədbirin keçirilməsinə görə AMEA rəhbərliyinə və tədbirin təşkilatçılarına xüsusi təşəkkürünü bildirdi.

Sonda çıxış edən ETN Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Misir Mərdanov akademik A.Mehdiyevin yubileyinə həsr olunmuş elmi sessiyanın keçirilməsinin görkəmli alimin zəngin elmi irsinin, elmi ənənələrinin, ideyalarının gələcək nəsillərə çatdırılması, müvafiq istiqamətdə yeni nəsil elm adamlarının yetişdirilməsi baxımından vacibliyini qeyd etdi. O, tanınmış alimin zəngin elmi irsinin qorunub saxlanması və təbliği istiqamətində təkliflərini səsləndirdi./ict.az

 

Chosen
25
6
yenicag.az

7Sources