EN

Paris və Bakı arasında davam edən sərt qarşıdurmaya artıq səfirlər də fəal şəkildə qoşulub

Azərbaycanla Fransa arasında, İlham Əliyevlə Emmanuel Makron arasında gərginlik, qarşıdurma və hətta deyərdim ki, açıq düşmənçilik bütün gücü və sürəti ilə davam edir.

Səbəbkar şübhəsiz ki, Ermənistandır. Günahkar isə birmənalı olaraq Makron Fransasıdır. "Niyə"sini irəlidə izah edəcəm.

Paris və Bakı arasında davam edən sərt qarşıdurmaya artıq səfirlər də fəal şəkildə qoşulmağa başlayır. Daha doğrusu, Makron öz səfirlərini də Azərbaycana qarşı mübarizə üçün səfərbər edib.

Söhbət ilk növbədə İrəvandakı və Bakıdakı fransız səfirlərdən gedir.

Görünən budur ki, Makron Fransanın Ermənistandakı səfiri Olivye Dekotininin ardınca, Azərbaycandakı səfiri də ölkəmizə qarşı qısqırtmağa qərar verib (kobud ifadəyə görə üzr istəyirəm).

Ermənistanı ermənilərin özlərindən daha ehtirasla müdafiə etməyə çalışan və Paşinyandan daha artıq qatı erməniçilik edən Olivye Dekotinidən fərqli olaraq, indiyə qədər Azərbaycanın haqlı mövqeyinə bir dəfə də olsun dəstək nümayiş etdirməyən Fransanın Azərbaycandakı səfiri Ann Buayon Makronun tapşırığı ilə ölkəmizə qarşı "tvit müharibəsi"nə start verib.

Görünür, srağa gün İlham Əliyevin rusiyalı teleaparıcı və siyasi şərhçi Dmitri Kiselyova verdiyi müsahibədə Makronu, necə deyərlər, yaş yuyub quru sərməsi və Fransanı uğursuz dövlət adlandırması düz hədəfə dəyib və Makronu dəli edib. Ona görə də Makron pərtliyini gizlətmək üçün bu dəfə Bakıdakı səfirini qabağa verib.

Beləliklə, sosial şəbəkələrdə fəal olmağı xoşlamayan səfir Ann Buayon ötən gün "X" platformasındakı hesabından birdən-birə Azərbaycanın üzərinə sətiraltı mətnlə hücuma keçib.

Baxaq görək xanım səfir nə yazıb.

Azərbaycan və Fransa bayraqlarının və təyyarə işarəsinin müşayiətilə  "Fransa səfirliyinə göndərilən viza sorğuları bu il yenidən artmaqdadır. Uğursuz dövlətlərin sirli cazibəsi haradan gəlir?",- sözlərini yazan A.Buayon, əslində, bu "tvit"i ilə qaş qayırmaq istədiyi yerdə, vurub gözü çıxarıb.

O, bu cür diplomatik cümləpərdazlıqla və söz oyunu ilə guya Fransanın uğurlu, Azərbaycanın isə uğursuz dövlət olduğunu sübut etməyə çalışıb. Lakin bu "tvit" həm Makron Fransasının cılızlığını, həm də xanım səfirin intellektual dayazlığını, məntiq yoxsulluğunu göstərir.

Sirr deyil ki, Cənubi Qafqaz respublikaları arasında Ermənistan və Gürcüstandakı fransız səfirliklərinə yerli sakinlər tərəfindən ünvanlanan viza sorğularının sayı azərbaycanlıların analoji sorğularından qat-qat çoxdur. Ann Buayonun olmayan məntiqindən belə çıxır ki, Ermənistan və Gürcüstan bizə nisbətdə, ümumiyyətlə, lap uğursuz ölkələrdir.

Birdəki, viza sorğularının sayı nə vaxtdan uğurun və ya uğursuzluğun göstəricisi olub ki? Yoxsa, olmaya, əlaqədar beynəlxalq qurumlar uğur və inkişaf indekslərini, parametrlərini dəyişiblər, bizimsə bundan xəbərimiz yoxdur?

Əlbəttə, fransalı səfirin sözügedən ləçər "tvit"indən sonra yəqin ki, yolunu Fransadan salmaq istəyən və yaxud orada təhsil almaq, yaşamaq istəyən azərbaycanlıların sayı əhəmiyyətli dərəcədə azalacaq.

Və eyni zamanda, ümid edək ki, hökumətimiz də bundan sonra elə çevik və səmərəli sosial-iqtisadi yürüdəcək ki, Azərbaycan azərbaycanlılar üçün də, lap elə fransızlar üçün də Fransadan daha cazibəli, daha arzuolunan ölkə olsun, Enn İdalqonun yarıtmaz merliyi ucbatından siçovullar şəhərinə və zibil paytaxtına çevrilmiş Parisə isə heç kim can atmasın.

O ki qaldı Fransanın Azərbaycana qarşı birmənalı düşmən mövqeyinə keçməsinin "niyə"sinə, bunun əsas səbəbi ilk növbədə 44 günlük İkinci Qarabağ müharibəsindən və 23 saatlıq antiterror əməliyyatından qaynaqlanır. Çünki bu iki hadisə həm Makronun geosiyasi planlarını alt-üst edib, həm də Fransada formalaşmış dünyanın ən güclü erməni lobbisini dərindən qəzəbləndirib. Ona görə də Parisin Bakıya həmlələri məhz Makronla erməni lobbisinin sinxron "Səlib yürüşü"nün fraqmentləridir.

Bəs bu "Səlib yürüşü" nə qədər davam edəcək? Fransa-Azərbaycan düşmənçiliyi hara aparıb çıxaracaq? Bakı Parisin toksik siyasətini tam olaraq neytrallaşdırmaq üçün nə etməlidir? Və ümumiyyətlə, bu savaşda kim şanslıdır: Fransa, yoxsa Azərbaycan?

Bəybala Mirzəyev

visiontv.az



Chosen
7
visiontv.az

1Sources