EN

“Media savadlılığı mənfi təsirdən xilas olmaq üçün immunitetdir” – Rəşad Məcid

“ Media savadlılığı bütövlükdə cəmiyyətin, onun ayrı-ayrı üzvlərinin informasiyanın, yaxud informasiya kimi dövriyyəyə buraxılan bilgilərin mənfi təsirindən xilas olmaq üçün immunitetdir”.   Bu sözləri Manset.az-a açıqlamasında Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid media savadlılığı haqqında danışarkən bildirib. O, qeyd edib ki, “Media haqqında” Qanunda media savadlılığı kütləvi informasiyanın məzmunu, onun ötürülməsi və istehlakı üzrə biliyə sahib olma, tənqidi dəyərləndirmə, müxtəlif kontekstlərdə istifadə etmə və təhlil aparma qabiliyyəti kimi göstərilib: “ İnsan həqiqəti nə zaman dərk edir? Əlbəttə, nəyəsə şübhə ilə yanaşdıqda. Fikrimcə, media savadlılığı şübhələrlə doğrunu müəyyənləşdirmək üçün, bir növ, əzmin göstərilməsidir. Çünki yaşadığımız əsr informasiya əsridir və bu əsrdə informasiya bir çox hallarda manipulyasiya predmetinə çevrilir. İnformasiya manipulyasiyaları isə bir çox hallarda ölkələrin nizamını pozur. Məsələyə mövcud kontekstdən yanaşsaq, media savadlılığı, eyni zamanda, yaşadığımız toplumun normal axarını pozmağa yönəlmiş qüvvələrə qarşı müqavimətdir. Ümumən, media savadlılığı geniş anlayışdır. “Media haqqında” qanunun 10-cu maddəsinə əsasən onun həyata keçirilməsi üçün konkret məsuliyyət müəyyənləşdirilib. Ancaq hesab edirəm ki, media, ümumən, məsuliyyətini anlamalıdır. İlk növbədə, etimad qazanmalı və jurnalistlər yaydıqları informasiyanın cəmiyyətdə doğura biləcəyi şübhə seqmentini aradan qaldırmalıdır. Başqa sözlə desək, cəmiyyəti obyektiv və qərəzsiz informasiyalarla təmin etməlidirlər. Nəzərə alsaq ki, jurnalistlər, eyni zamanda, medianın qlobal manipulyasiya alətinə çevrilmə məsələləri ilə bağlı məlumatlıdırlar. Onların öz bilik və bacarıqlarını bölüşmələri də ümumi işə yüksək fayda gətirə bilər”. Rəşad Məcid hesab edir ki, media savadlılığının ehtiva etdiyi məsələlər barədə cəmiyyətin müxtəlif təbəqələrinin maarifləndirilməsi son dərəcə vacibdir. Bunu ayrı-ayrı jurnalist təşkilatlarına layihələrin ayrılması ilə də gerçəkləşdirmək daha səmərəli olar. Üstəlik, mövcud istiqamətdə konkret fəaliyyət planına da ehtiyac var.  

 

Chosen
45
manset.az

1Sources