EN

Nigeriyada məktəb yarmarkasında yaranan izdihamda 35 uşaq ölüb

Bakı, 20 dekabr, AZƏRTAC

Nigeriyada məktəb yarmarkasında yaranan izdiham nəticəsində azı 35 uşaq həlak olub, altı uşaq isə ciddi xəsarətlər alıb.

AZƏRTAC xəbər verir ki, hadisə Nigeriyanın cənub-qərbindəki Oyo ştatının İbadan şəhərində baş verib.

Yerli polis orqanının məlumatına görə, yarmarka 5 min uşaq üçün nəzərdə tutulsa da, tədbirə 7 mindən çox uşaq gəlib. Təşkilatçılar hədiyyə və yemək paylayan zaman izdiham yaranıb.

Oyo ştatının hüquq-mühafizə orqanları hadisə ilə bağlı araşdırmalara başlayıb. Yarmarkanın baş sponsoru və məktəbin direktoru da daxil olmaqla 8 nəfər həbs edilib.

Qeyd edək ki, Nigeriya zəngin neft ölkəsi olsa da, 20 ildən artıqdır ki, iqtisadi böhranla üzləşib. Sürətlə artan inflyasiya ərzaq qiymətlərinin bahalaşmasına səbəb olub. 220 milyon əhalisi olan Nigeriyada pulsuz yeməklərin paylandığı tədbirlər zamanı insan tələfatı ilə nəticələnən izdihamlar tez-tez baş verir.

 

Chosen
27
2
azertag.az

3Sources