EN

Deputatdan “Hərbi xidmət haqqında” qanun layihəsinə TƏKLİFLƏR

Deputat Elçin Mirzəbəyli Milli Məclisdə müzakirəyə çıxarılan “Hərbi xidmət haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirə olunması zamanı çıxış edib.

Musavat.com bildirir ki, deputat layihənin əhəmiyyətindən bəhs edib:

“Öncə qanun layihəsinin ərsəyə gəlməsində iştirak edən hər kəsə cəmiyyətin çoxdan gözlədiyi, bütün pillələrdə təhsilin davamlı olmasına hər kəs üçün bərabər imkanlar yaradan, Silahlı Qüvvələrdə xidmət zamanı yaş fərqindən irəli gələn bir sıra neqativ məqamların öncədən aradan qaldırılmasına xidmət edən, istedadlı gənclərin peşəkar mütəxəssis kimi formalaşması prosesində təhsilin davamlılığı təmin edə, peşə təhsili kimi əmək bazarında həyati önəm daşıyan bir istiqamətin inkişafını, dolayısıyla stimullaşdıra biləcək bu mühüm əlavə və dəyişikliklərə görə, dərin minnətdarlığımı bildirirəm.

Yalnız bir məqamla bağlı öz baxışlarımı ifadə etmək niyyətindəyəm: 8.18 – 53-cü maddəyə əlavə edilən 53.2.-ci maddədə qeyd olunur ki, “Bu qanunda nəzərdə tutulmuş vəzifələrin yerinə yetirilməməsi və ya lazımı şəkildə yerinə yetirilməməsi qanunvericilikdə nəzərdə tutulan məhdudiyyətlərin təqbiqinə əsas verir. Qənaətimə görə, bu maddənin “lazımı şəkildə yerinə yetirilməməsi” hissəsi “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanunun 64.7.-ci maddəsinə əsasən, vəzifəli şəxslər üçün diskrision səlahiyyətlərin və dispotiv imkanın yaradılmasına xidmət edir. Yəni subyektiv mülahizələrlə qərarların qəbul olunmasına imkan yaradır.

“Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanunun 1.0.25 və 1.0.26-cı maddəsində diskrision səlahiyyətlər və dispotiv imkan anlayışlarına aydınlıq gətirlilir. Qeyd olunur ki, “Diskrison səlahiyyətlər – orqanın (şəxsin) öz mülahizələrinə görə tətbiq edə biləcəyi səlahiyyətləri”, “Dispotiv imkan – orqanın (şəxsin) öz seçimi ilə davranış imkanı” anlamını verir. “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanunun 64.7-ci maddəsində qeyd olunur ki, “Normativ hüquqi aktda fiziki və hüquqi şəxlərin hüquqlarının dəqiq (dürüst) nizamlanmaması yolu ilə vəzifəli şəxslər üçün diskrision səlahiyyətlərin və dispotiv imkanların yaradılmasına yol verilmir. Bu baxımdan, qənaətimə görə, 53.2-ci maddənin “və ya lazımı şəkildə yerinə yetirilməməsi” hissəsi çıxarılmalıdır”.

Elçin Mirzəbəyli daha sonra digər məqama diqqət çəkib:

“Vəzifələrin təklif olunan əlavədə deyildiyi kimi, “lazımi şəkildə yerinə yetirilməməsi” vəzifələrin icrası zamanı baş vermiş qanun pozuntusu ilə bağlı yüngülləşdirici hal yaradır. Yaranmış qanun pozuntusu ilə bağlı yüngülləşdirici halın müəyyənləşdirilməsi isə təhqiqat, istintaq, yaxud məhkəmə istintaqı aparan qurumların səlahiyyətlərinə aid olunan məsələdir”.

E.Paşasoy,
Musavat.com

Chosen
30
musavat.com

1Sources