EN

Münasibətlər milli maraqlar üzərində qurulub

“Azərbaycan öz xarici siyasətini, qonşu dövlətlərlə münasibətlərini milli maraqlar üzərində qurur, üçüncü tərəfin istək və arzuları əsasında formalaşdırmır. Başqa ölkələrin daxili məsələlərinə müdaxilə etmirik. Əksinə istəyirik ki, xüsusilə də, qonşuluğumuzda yerləşən ölkələrdə sülh və sabitlik, iqtisadi inkişaf olsun. Bu, həm də regionumuzun inkişafı üçün vacibdir. Eyni zamanda kənar dövlətlərin də Cənubi Qafqazda gərginliyi artırmaq üçün təxribat xarakterli fəaliyyətlərinə göz yummaq, buna səssiz qalmaq niyyətində deyilik. Bütün dünya artıq Azərbaycanın xarici siyasət kursunun mahiyyətindən xəbərdardır və bizi müstəqil siyasət yürüdən önəmli actor kimi qəbul edirlər. Düşünürəm ki, bu ölkə rəhbərliyinin uzun müddət yürütdüyü düzgün, prinsipial siyasətinin nəticəsində mümkün olub”.

Bunu Milli Məclisin deputatı Mehriban Vəliyeva Azərbaycan Prezidenti İlham Əliyevin “Rossiya Seqodnya” İnformasiya Agentliyinin Baş direktoru, “Rossiya-1” televiziya kanalında “Vesti nedeli” proqramının müəllifi və aparıcısı Dmitri Kiselyova müsahibəsini şərh edərkən bildirib.

Müsahibədə bir çox vacib istiqamətlərə aydınlıq gətirildiyini deyən millət vəkili dövlət başçısının ayrı-ayrı fundamental məsələlər barədə təfsilatlı, dolğun məlumatlar verdiyini, eyni zamanda Cənubi Qafqazdakı və Azərbaycandakı prosesləri diqqətlə izləyən tərəflərə mesajlar çatdırdığını qeyd etdi.

“Cənab İlham Əliyev Azərbaycan-Rusiya münasibətlərinin korlanmasında maraqlı olan qüvvələri yenə məyus etdi. Ölkələrimiz arasındakı iqtisadi, siyasi, mədəni, humanitar əlaqələrə dair suallara müfəssəl cavablar verən cənab Prezident indiki mürəkkəb beynəlxalq şəraitdə qonşularla, xüsusilə də Rusiya Federasiyası ilə münasibətlərin nəinki qorunub saxlanıldığını, hətta müttəfiqlik səviyyəsində olan əlaqələrini inkişaf etdirildiyini bildirdi. 2022-ci ildə Moskvada Azərbaycan ilə Rusiya arasında imzalanmış Müttəfiqlik Bəyannaməsi qarşılıqlı fəaliyyətin və əməkdaşlığın ən yüksək formasıdır. Azərbaycan Cənubi Qafqazda yeganə ölkədir ki, orta məktəblərdə və ali təhsil müəssisələrində milli dillə yanaşı, rus dilini də tədris dili kimi qüvvədə saxlayıb. Rusiyanın regionları ilə ticarət-iqtisadi, elmi-texniki və mədəni əlaqələrə dair 10-dan çox saziş mövcuddur. Rusiyada Azərbaycan Prezidentinin siyasəti diqqətlə izlənilir, onun peşəkar siyasi fəaliyyəti, hərbi uğurları öyrənilir, ona böyük rəğbət bəsləyirlər. Rusiyanın dövlət xadimlərinin, regional rəhbərlərinin, politoloqların, jurnalistlərin, incəsənət nümayəndələrinin açıqlama və müsahibələrində biz bunu açıq görürük. Yalnız müstəqil və cəsarətli xarici siyasətlə bu rəğbəti qazanmaq mümkündür. Azərbaycan həm Rusiya, həm də NATO ölkəsi olan Türkiyə ilə strateji münasibətlər qurur. Artıq bütün tərəflər buna öyrəşiblər və reallığı qəbul edirlər. Prezident müsahibəsində müharibənin deyil, sülhün tərəfdarı olduğunu bir neçə dəfə ifadə etdi. Xüsusilə də, bildirdi ki, NATO ilə Rusiya arasındakı münasibətlərin müharibə ilə nəticələnəcəyini güman etmir. Qeyd etdi ki, hər kəs bunun bütün dünya üçün fəlakətli nəticələrini dərk edir. NATO-nun və Rusiyanın qızğın müharibəyə başlayacağı ssenarini təsəvvür etmək qlobal apokalipsisi təsəvvür etməyə bərabərdir. Aydındır ki, bu müharibədə qalib olmayacaq”.

M.Vəliyeva bildirdi ki, Qərbin Rusiyaya qarşı artan sanksiyaları, təzyiqləri fonunda Bakının bu siyasətə alət olmaması, müstəqil mövqe sərgiləməsi, ədalətin, beynəlxalq hüququn yanında yer alması qərəzli tərəflərin maraqlarına cavab vermir: “Ona görə də ölkəmizə qarşı müxtəlif istiqamətlərdə cəbhələr açılıb. Görəndə ki, Bakını doğru bildiyi yoldan döndərə bilmirlər, Cənubi Qafqazdakı əlaltılarının – Ermənistanın vasitəsilə bizə təzyiq etməyə başladılar. İrəvanın Fransa, Hindistan və ABŞ ilə hərbi-texniki sahədə əməkdaşlığı, bu ölkəyə pulsuz öldürücü silahların verilməsi regional təhlükəsizliyi təhdid edir. Azərbaycan buna göz yuma bilməz və adekvat tədbirlər görməyə məcburdur. 2025-ci ildə növbəti hərbi büdcəmizin rekord həddə – 5 milyard dollar çatdırılması təsadüfi deyil. Cənab Prezidentin qeyd etdiyi kimi, təhdidlər olmasaydı, hərbi sahəyə bu qədər vəsair ayırmayacaqdıq. Bu pullar Qarabağın bərpasına, sosial ödənişlərə və sair üçün istifadə ediləcəkdi. Sürətlə silahlandırılması belə üç milyon civarında əhalisi olan, səfalət içərisində yaşayan Ermənistana Azərbaycanla hərbi rəqabət aparmağa kifayət etməyəcək. İkinci Qarabağ müharibəsi və 2023-cü ilin sentyabrında keçirilən antiterror əməliyyatı ilə Ermənistana verilən tarixi dərs hələ uzun müddət onların yadından çıxmayacaq və çıxmamalıdır da. Ermənistanın silahlandırılmasına baxmayaraq, Azərbaycan sülhün əldə olunması üçün səylərini davam etdirir. 17 maddəlik təkliflər paketindən 15-i razılaşdırılıb. Qalan iki maddədən biri başqa ölkələrin nümayəndələrinin sərhədimizdə yerləşdirilməməsidir. Avropa İttifaqının missiyasının tədricən NATO-nun missiyasına çevrilməsi haqlı olaraq narahatlıq doğurur. İlkin razılaşmaya görə, Ermənistanla sərhədə 40 nəfər yerləşdiriləcəkdi. Bundan sonra bu missiya birtərəfli qaydada genişləndirildi. Kanadanın da sonradan prosesə qoşulması ilə Aİ missiyası NATO missiyasına çevrildi. Ermənistan Konstitusiyasında ərazi iddiaları ilə bağlı dəyişiklik etmədən, ATƏT-in Minsk qrupu ləğv olunmadan qarantlı sülhdən və təhlükəsizlikdən söhbət gedə bilməz.

Razılaşdırılmamış digər maddə beynəlxalq iddialardan imtina ilə bağlıdır. Burada söhbət həm də 30 illik işğal dönəmində Azərbaycana vurulmuş 150 milyard dollarlıq zərərdən imtinadan gedir. Göründüyü kimi, ölkəmiz kifayət qədər İrəvana güzəşt etdiyi halda, onlar müstəqil xarici siyasət yürüdə bilmədikləri üçün, avropa müşahidəçilərə “get” deyə bilmirlər. Ermənistanın arxasında duran dövlətlər, xüsusilə də Fransa neokolonializmdən, natamamlıq komlksindən əziyyət çəkir. Onlar istəyirlər ki, yenə də digər ölkələr onların sözü ilə oturub-dursun, qərarlarına tabe olsunlar. Eqoizm xəstəliyinə tutulan “qoca qitə” yeni reallıqlarla barışmaq zorundadır. Prezident İlham Əliyev müsahibəsində bildirdi ki, keçmiş kolonial, indi isə bəzi neokolonial ölkələr bu tərzdə yaşamağa və düşünməyə alışıblar, bu, onların şüurlarında dərin kök salıb”.

Chosen
6
xalq.az

1Sources