EN

Estoniya kəşfiyyatı Rusiyanın cəbhədəki irəliləyişindən SÖZ AÇDI – DETALLAR

“Rusiya 2024-cü ilə qədər Ukraynadakı müharibədə təşəbbüsü əlində saxlayıb, lakin ciddi hərbi irəliləyiş əldə etməyib. Həmçinin Şimali Koreya qoşunlarının müharibəyə cəlb olunması isə “qırmızı xətt”i keçmək kimi qiymətləndirilir”.

Yenicag.az ERR portalına istinadla xəbər verir ki, bu barədə Estoniya Kəşfiyyat Xidmətinin rəis müavini Yanek Kesselmann məlumat verib.

O, qeyd edib ki, Ukraynadakı müharibənin ən əhəmiyyətli dəyişiklikləri Kursk bölgəsindəki hadisələr və Şimali Koreya hərbçilərinin müharibəyə qoşulması ilə bağlıdır.

“2023-cü il köhnəlmə müharibəsi ili kimi xarakterizə edilə bilər. Bizim qiymətləndirməmizə görə, Rusiya hərbi-strateji baxımdan ciddi irəliləyiş əldə etməyib. Lakin 2024-cü il ərzində Rusiyanın taktiki təşəbbüsü qoruduğunu etiraf etmək lazımdır”, – deyə Kesselmann vurğulayıb.

O qeyd edib ki, Ukraynanın avqustun 6-da Kursk bölgəsində Rusiya ərazisinə hücumu müharibənin gedişatında mühüm dəyişikliklərə səbəb olub.

“Bu hücum zamanı görünürdü ki, Rusiya kifayət qədər uzun müddət adekvat cavab verə bilmədi. Lakin sentyabr ayından başlayaraq cəbhələrdə təzyiqlər artmağa başladı”, – Kesselmann əlavə edib.

Onun sözlərinə görə, Rusiyanın Ukraynaya təzyiqi görünməmiş itkilərlə nəticələnir.

“Məsələn, dünən Rusiya Federasiyası bir gündə 2.200 hərbçisini itirib”, – deyə o bildirib.

Estoniyalı rəsminin fikrincə, Şimali Koreya hərbçilərinin müharibəyə qoşulması strateji dəyişikliklərdən biridir.

“Bu, Rusiyanın özü tərəfindən müəyyən edilmiş “qırmızı xətt”i keçmək deməkdir. Müharibənin əvvəlindən Rusiya üçüncü tərəfin iştirak etməməli olduğu bir sərhəd müəyyən etmişdi. Lakin bu dəfə özləri Şimali Koreyanı münaqişəyə cəlb etdilər”, – deyə Kesselmann vurğulayıb.

O, Şimali Koreyalı hərbçilərin Kursk istiqamətində əməliyyatlarda iştirak etdiyini və itkilər verdiyini də qeyd edib:

“Hesablamalarımıza görə, bölgədə yüzlərlə ölü və minlərlə yaralı var. Bu məlumatlar real vəziyyətlə uyğun gəlir”.

Kəşfiyyatçı həmçinin Donetsk istiqamətində də vəziyyətə diqqət çəkib. Onun sözlərinə görə, Rusiya orada son bir ay ərzində təxminən 30 kilometr irəliləyə bilib.

2025-ci ilə dair proqnoz verən Kesselmann bildirib ki, Ukraynanın strateji müdafiədən imtina etməsi gözlənilmir. Eyni zamanda, onun sözlərinə görə, Ukraynanın Rusiyaya qarşı strateji hücumu həyata keçirməsi üçün Qərbin dəstəyinin dəfələrlə artırılması tələb olunur.

“Əgər Ukrayna məhvetmə strategiyasına sadiq qalacaqsa, bu, daha müdrik bir qərar olacaq”, – deyə o əlavə edib.

Chosen
10
yenicag.az

1Sources