EN

Mədəniyyət Nazirliyinin vəzifəli şəxsi işindəki nöqsanlara görə cərimə edildi

Mədəniyyət Nazirliyinin Bakı şəhər Mədəniyyət Baş İdarəsinin tabeçiliyində fəaliyyət göstərən Qızıldaş Mədəniyyət Mərkəzinin direktor əvəzi Süleymanlı Leyla Zabit qızı barəsində cərimə protokolu tərtib edilib.

Qaynarinfo-nun məlumatına görə, Leyla Süleymanlıya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə cərimə yazılıb.

192.4-cü maddə işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsi ilə bağlıdır.

Maddədə inzibati cəza növü kimi vəzifəli şəxslərin 700 manatdan 1500 manatadək məbləğdə cərimə edilməsi nəzərdə tutulur.

Leyla Süleymanlının isə dövlət qurumunun qərarı ilə razılaşmayaraq, cəriməni ödəməkdən boyun qaçırdığı iddia edilir. O, 2020-ci ildən Ə.Əmirov adına Mədəniyyət Sarayının direktoru vəzifəsində çalışır. Bakı şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyev tərəfindən sözügedən şəxsin nümunəvi işçi olması önə çəkilərək, 2024-cü ilin fevral ayından etibarən bir müddət Qızıldaş Mədəniyyət Mərkəzinin direktor vəzifəsini də icra etmək müvəqqəti olaraq Leyla Süleymanlıya tapşırılıb. Leyla Süleymanlı mərkəzdə rəsm müəllimi olaraq çalışmış Əzimov Müslüm Hacıbaba oğlunun şikayəti əsasında cərimələnib. O, Leyla Süleymanlını son əmək haqqını bilərəkdən gecikdirməkdə ittiham edilib.
Lakin Leyla Süleymanlı əmək haqqlarının verilməsi vaxtının onun səlahiyyətində olmadığını deyərək, gecikməyə görə cərimənin şəxsən ona yazılmasına etiraz edib. Yəni, gecikməyə görə Bakı şəhər Mədəniyyət Baş İdarəsi və idarə rəisi İbrahim Əliyev məsuliyyət daşıyır. Məsələ ilə bağlı Qaynarinfo-nun sorğusuna cavab olaraq Dövlət Əmək Müfəttişliyi Xidmətindən bildirilib ki, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində fəaliyyət göstərən Qızıldaş qəsəbə Mədəniyyət Mərkəzində işçinin əmək hüquqlarının pozulması barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə müraciət daxil olub. Müraciət araşdırılıb və vətəndaşa son haqq-hesabın gecikdirilərək ödənildiyi məlum olub.

Nəticədə Mərkəzin direktoru vəzifəsini müvəqqəti icra edən şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilərək inzibati tənbeh vermə haqqında qərar qəbul olunub. İnzibati cərimə tənbeh növü tətbiq edilib və tətbiq edilmiş inzibati cərimə tam şəkildə  ödənilib.

Qeyd edək ki, Leyla Süleymanlı hazırda Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeçiliyində fəaliyyət göstərən Əli Əmirov adına Mədəniyyət Sarayının direktorudur.

Chosen
5
4
tribunainfo.az

5Sources