"Operativ Media" xəbər verir ki, iclasda çıxış edən Kollegiyanın sədri Anar Bağırov Rəyasət Heyətinin cari fəaliyyəti barədə məlumat verib.
Sonra iclasda ARVK tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Zaur Nudirəliyev küçəsi, 77 ünvanında yerləşən yenidən qurulması nəzərdə tutulan inzibati binanın tikinti və təmiri işlərinin satınalınması üzrə elan olunmuş açıq tenderin nəticəsi elan edilib. Belə ki, tenderdə iştirak edən iddiaçı “Bakı Abadlıq Xidməti” MMC-nin təklifləri qiymətləndirilib və tender komissiyasının qərarına əsasən sözügedən şirkət qalib elan edilib. Rəyasət Heyəti tərəfindən qalib şirkətlə müvafiq satınalma müqaviləsinin imzalanması, habelə inzibati binanın tikinti və təmiri işlərinə yaxın günlərdə başlanılması qərara alınıb.
İclas gündəliyinə uyğun olaraq vəkilliyə qəbulla bağlı ixtisas imtahanını və icbari təlimi uğurla başa vuran bir vəkilliyə namizədin andiçmə mərasimi keçirilib, ona vəsiqə təqdim edilərək gələcək fəaliyyətində uğurlar arzulanıb.
Həmçinin ARVK ilə Hüquq və İnsan Haqları İnstitutunun birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin doğum gününə həsr edilən tələbələr arasında “Qalib Azərbaycan” adlı II Hüquq Olimpiadası iştirakçılarına mükafat verilməsi, Vəkillər Kollegiyası Akademiyası tərəfindən təşkil olunan vəkillərin peşə hazırlığının artırılması məqsədilə aktual hesab edilən tədris istiqamətlərinin təsdiqi məsələlərinə baxılıb və müsbət qərarlar qəbul edilib.
Eyni zamanda iclasda bəzi vəkillərin digər vəkil qurumlarına keçməsi və iki vəkilin müəyyən müddətdə üzvlük haqqından azad olunması barədə müraciətlərinə baxılaraq müvafiq qərarlar çıxarılıb.
İclasın davamında Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılıb və Rəyasət Heyəti tərəfindən yol verdikləri intizam pozuntularına görə 1 vəkilin fəaliyyəti dayandırılmaqla ARVK üzvlüyündən xaric olunması ilə bağlı məhkəməyə müraciət edilməsi barədə qərar qəbul edilib, 1 vəkilə irad və 1 vəkilə isə töhmət verilib.
Sonda Kollegiyanın fəaliyyəti ilə əlaqədar əhəmiyyət kəsb edən sair məsələlərə baxılıb.