EN

Universitetlərdə Media savadlılığı dərsi...

Image

Vüqar Zifəroğlu: “Şübhəsiz ki, media savadlılığının təhsil proqramına gətirilməsi olduqca önəmlidir”

Günümün ən aktual məsələlərindən biri ölkəmizdə media savadlılığın artırılmasıdır ki, bu istiqamətdə müxtəlif tədbirlər həyata keçirilir. Cəmiyyətin hər bir üzvünün media savadlılığına malik olması əsasdır. 

Xüsusən də gün ərzində daha çox informasiya ilə qarşılaşan, yazılanların hansının doğru, hansının feyk olduğunu müəyyən etməkdə çətinlik çəkən, bəzən özləri də bilmədən dezinformasiya dalğasının təsiri altına düşən gənclərin media savadlılığın artırılması çox vacibdir. Təbii ki, burada ali məktəblərin də xüsusi rolu olmalıdır.

Ümumiyyətlə, media savadlılığı ali məktəblərdə necə təbliğ olunur? Ali məktəblərdə media savadlılığının tədris edilməsinin aktuallaşdığını nəzərə alsaq, onun tədrisi perspektivləri necə görsənir? Bunu həyata keçirmək mümkündürmü? 

“Lakin bu proses ali məktəblərdən deyil, orta məktəblərdən başlamalıdır”

Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının üzvü, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı və Mətbuat Şurasının sədr müavini, filologiya elmləri doktoru Vüqar Zifəroğlu “Bakı-Xəbər”ə şərhində “Şübhəsiz ki, media savadlılığının təhsil proqramına gətirilməsi olduqca önəmlidir. Lakin bu proses ali məktəblərdən deyil, orta məktəblərdən başlamalıdır. Artıq orta siniflərdən başlayaraq təhsil alanlarda media ilə bağlı müəyyən vərdişlərin formaslaşması olduqca önəmlidir”-deyə bildirdi. 

V.Zifəroğlunun fikrincə, media savadlılığı insanların informasiya mühitində düzgün qərarlar qəbul etməsinə, məlumatları tənqidi düşüncə ilə dəyərləndirməsinə və yanlış məlumatlardan qorunmasına kömək edir. “Bu sahənin tədrisi bir neçə səbəbdən olduqca əhəmiyyətlidir.

Müasir dünyada saxta xəbərlər və yanlış məlumatlar geniş yayılıb. Media savadlılığı insanlar üçün bu cür məlumatları tanımaq, onların mənbələrini yoxlamaq və düzgün informasiyanı seçmək bacarığını inkişaf etdirir.

Media savadlılığı tənqidi düşünmə bacarığının formalaşmasına kömək edir. Bu, yalnız medianın deyil, həm də ümumi həyatın müxtəlif aspektlərini düzgün analiz etmək və qiymətləndirmək qabiliyyətini artırır”.

V.Zifəroğlu qeyd etdi ki, internetdən və sosial şəbəkələrdən geniş istifadə edən insanlar üçün rəqəmsal təhlükəsizlik bilikləri vacibdir: “Media savadlığı kiber təhlükəsizlik qaydalarını öyrətməklə şəxsi məlumatların qorunmasını təmin edir. Həm də internet alətlərindən doğru istifadə bacarıqlarını aşılayır.

Media savadlığı tədrisi ictimaiyyətin daha şüurlu və məsuliyyətli vətəndaş olmasına kömək edir. İnsanlar medianın təsir mexanizmlərini başa düşdükdə, manipulyasiyalara qarşı daha dözümlü olurlar.

Gələcək nəsillər üçün media savadlığı təhsili onların təhsil və karyera yolunda uğurlu olmalarına şərait yaradır. Bu, həmçinin texnoloji və kommunikasiya bacarıqlarının təkmilləşdirilməsinə kömək edir” - deyə bildirən V.Zifəroğlu qeyd etdi ki, media savadlılığının inkişafı, xüsusən də informasiya əsrində, cəmiyyətin sağlam və dayanıqlı inkişafında mühüm rol oynayır.

İradə SARIYEVA





Chosen
22
baki-xeber.com

1Sources