EN

Ermənistan azərbaycanlıların tarixi və mədəni irsini saxtalaşdırmaqda davam edir

Qərbi Azərbaycanda Azərbaycan xalqına məxsus tarixi-mədəni irsin sistemli şəkildə məhv edilməsi Ermənistanın uzunmüddətli saxtakarlıq siyasətinin tərkib hissəsidir. Məscidlər, qəbiristanlıqlar, alban məbədləri və digər tarixi abidələr ya dağıdılır, ya da mənşəyi saxtalaşdırılaraq erməni irsi kimi təqdim olunur. Bu vandalizm beynəlxalq mədəni irsin qorunmasına dair konvensiyalara ziddir, lakin UNESCO-nun bu məsələlərə dair qeyri-adekvat yanaşma sərgiləməsi ciddi narahatlıq doğurur. Bu cür susqunluq isə regionda mədəni irsə qarşı davam edən cinayətlərin stimullaşdırılmasına şərait yaradır.

 

Mövzu ilə bağlı Müvəkkil Hüquq Mərkəzinin sədri Səməd Vəkilov Crossmedia.az-a açıqlaması zamanı bildirib ki, Ermənistanın Azərbaycan xalqına məxsus mədəni və tarixi irsin məhv edilməsi siyasəti açıq şəkildə tarixin saxtalaşdırılmasına, azərbaycanlıların qədim yurdu olan Qərbi Azərbaycanın erməni torpağı kimi təqdim edilməsinə xidmət edir. Bu məqsədlə, ermənilər məscidlər də daxil olmaqla, dini və mədəni abidələri ya tamamilə məhv edir, ya da onları saxtalaşdıraraq fars məscidi kimi qələmə verməyə çalışırlar:

 

“Təsadüfi deyil ki, İrəvanda yerləşən Dəmirbulaq məscidi 1990-cı illərin əvvəllərində buldozerlə dağıdılıb, XVI əsrə aid Sərdar məscidi isə müxtəlif dövrlərdə mərhələli şəkildə məhv edilib. Bundan əlavə, Qala məscidi, Şah Abbas məscidi, Təpəbaşı məscidi, Zal Xan məscidi, Sərtib Xan məscidi, Hacı Novruzəli bəy məscidi, Hacı Cəfər bəy məscidi, Rəcəb Paşa məscidi, Məhəmməd Sərtib Xan məscidi, Hacı İnam məscidi və Ermənistan ərazisində yerləşən 300-dən artıq digər dini və mədəni abidə eyni aqibəti yaşayıb. Lakin bu təxribatlara baxmayaraq, Azərbaycan türklərinin izini bu torpaqlardan silmək mümkün deyil”.

S.Vəkilov onu da qeyd edib ki, ermənilər, həmçinin Azərbaycan xalqına məxsus tarixi abidələrin üzərinə saxta erməni nişanələri əlavə etməklə tarixi saxtalaşdırmağa çalışırlar. Onun sözlərinə görə, onlar Dərələyəz mahalında yerləşən Səlim Karvansarasının üzərində erməni memarlarının adını yazmaqla və saxta ermənicə yazılar əlavə etməklə, tarixi dəyişdirmək istəyiblər. Eyni yanaşma Əmr Səəd məqbərəsində də müşahidə olunur.

 

O əlavə edib ki, beynəlxalq hüquq, eyni zamanda Ümumdünya Mədəni və Təbii İrsinin Mühafizəsi haqqında Konvensiyanın (16 noyabr 1972-ci il) 3, 4 və 5-ci maddələri mədəni irsin qorunmasını tələb edir. Lakin Ermənistan bu öhdəlikləri yerinə yetirmir:

 

“Azərbaycan dəfələrlə UNESCO-ya rəsmi müraciət edərək bu məsələlərə diqqət yetirilməsini tələb edib. Azərbaycan tərəfinin əlində həmin abidələrin məhz Azərbaycan xalqına məxsus olduğunu sübut edən kifayət qədər faktlar mövcuddur. Buna baxmayaraq, UNESCO-nun fəaliyyəti bu sahədə qeyri-qənaətbəxş hesab olunur. Azərbaycan, VCI (Ümumdünya İrs Komitəsinin üzvü) olaraq, UNESCO-dan Ermənistana faktaraşdırıcı missiya göndərilməsini tələb edir. Lakin təəssüflər olsun ki, hələ də bu qurumdan adekvat münasibət müşahidə olunmayıb”.

 

Son olaraq o, beynəlxalq təşkilatların diqqətini daha da artırmaq və bu məsələni qlobal ictimaiyyətin gündəminə gətirməyin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Chosen
9
3
qht.az

10Sources