EN

Karampetyan Avropa Parlamentində növbəti anti-Azərbaycan qətnaməsi çıxartdırdı...

Image

Azərbaycana qarşı daim xüsusi qərəzi ilə seçilən Avropa Parlamenti yenə də köhnə xislətindən əl çəkə bilmir. Qurumun Azərbaycanda vətəndaş cəmiyyəti və müstəqil media ilə bağlı növbəti qeyri-icbari qətnaməsi bunun növbəti təzahürüdür. Bundan əvvəlki qətnamələr kimi yeni sənəd də tamamilə cəfəngiyat üzərində qurulub.

434 deputat qətnamənin lehinə, 30 nəfər əleyhinə səs verib, 89 deputat səsvermədə iştirak etməyib. Qətnamədə Azərbaycan dəyərlərinə də açıq hücumlar olunur. Digər əsassız məqamlarla yanaşı, LGBTI+ icması ilə bağlı sənəddə yer alanlar da bunun təsdiqidir. Həmişəki kimi, qətnamədə adəti üzrə saxta məlumatlara və rəqəmlərə istinad edilir, reallıqlar təhrif edilir, qanunların pozulmasına gətirib çıxarmış cinayət əməllərinin təhqiqatına siyasi don geyindirilməyə cəhd göstərilir. Ümumiyyətləə, Avropa Parlamentinin qətnaməsi Azərbaycana qarşı xeyli müddətdir davam edən iftira və böhtan kampaniyasının tərkib hissəsi olduğu şübhə doğurmur. Real vəziyyət göstərir ki, Avropa Parlamentində aparılan müzakirələr və qəbul olunan sənədlər digər ölkələrin daxili işlərinə kobud müdaxilə alətinə çevrilib. Lakin bu qurum özünün qeyri-obyektiv mövqeyinin və saxta məlumatları rəsmiləşdirən qətnamələrinin artıq heç bir maraq doğurmadığını hələ də dərk etmək istəmir. Onu da qeyd edək ki, Avropa Parlamentinin, Avropa İttifaqı ölkələrinin Parlament Assambleyası olsa da, vaxtaşırı öz səlahiyyətlərindən çıxaraq Avropa məkanından uzaqda yerləşən ölkələrin daxili işlərinə qarışacaq bəyanatlar qəbul etməsi artıq adi bir hal alıb. Təkcə Azərbaycanla deyil, digər ölkələrlə əlaqədar da belə sənədlər qəbul edir. Qonşu Gürcüstan bunun əyani nümunələrindən biridir. Görünən həm də odur ki, qurum Azərbaycanın müstəqil şəkildə daxili və xarici məsələlərini həll etməsini, təbii sərvətlərindən milli maraqlarına uyğun istifadə etməsini anlamaq istəmir. Xatırladaq ki, Avropa Parlamentinin Azərbaycana qarşı düşmənçiliyinin başlaması 1988-ci ilə təsadüf edir. O zaman Avropa Parlamenti Azərbaycanın ərazilərinin Ermənistana verilməsini tələb edirdi. O vaxtdan bəri Avropa Parlamenti anti-Azərbaycan qətnamələrin kütləvi istehsalı üçün mərkəzə çevrilib. Bu qətnamələrin hamısı bölgədə gərginliyi artırmağa və sülh səylərinə mane olmağa yönəlib. Onu da qeyd edək ki, Avropa Parlamentinin erməni lobbiçiləri, xüsusən də vaxtilə “Ədalət və Demokratiya uğrunda Avropa Erməni Federasiyası”nın təsisçisi Kaspar Karampetyanla əməkdaşlığı da qurumun ölkəmizə qarşı mövqeyinin formalaşmasına təsir edir. Afrikanın münaqişə bölgələrindən qaçaqmalçılıq yolu ilə Belçikaya müxtəlif rəngli brilyantlar daşımaqla böyük kapital qazanan Karampetyan, həm də qurduğu şübhəli federasiya vasitəsilə və Ermənistan xüsusi xidmət orqanlarının yaxından iştirakı ilə avropalı deputatları o vaxt işğal altında olan Qarabağa aparıb, fırıldaqçı və indi məhkəməsini gözləyən Bako Saakyanın Strasburqa səfərini təşkil edib, Avropa Parlamentinin dostluq qrupundan Ermənistanın xeyrinə bəyanatları satın alıb. Elə indi də erməni lobbisi Avropa Parlamentinə təsir göstərməyə can atır. Avropa Parlamentinin bəzi deputatları da buna şərait yaradırlar.

Istənilən halda isə ərazi bütövlüyü və suverenliyini təmin etdikdən sonra Avropa Parlamentində Azərbaycana qarşı hücum, qərəzli mövqeyin sərgilənməsi təəssüf və təəccüb doğurur. Azərbaycanla Ermənistan arasında bu istiqamətdə ciddi proseslər və razılaşmalar getdiyi halda Avropa Parlamenti buna mane olmağa çalışır. Parlament belə davranışı, çıxışları ilə demokratik institut səlahiyyətlərindən daha çox müstəqilliyini, ərazi bütövlüyü və suverenliyini qoruyan dövlətlərə qarşı siyasi dəyənək kimi istifadə edir. Görünən budur ki, Azərbaycanın 2020-ci il 44 günlük Vətən müharibəsindəki qələbəsi təkcə işğalçı Ermənistanın məğlubiyyəti ilə nəticələnmədi. Eyni zamanda, uzun illər bu işğalçı ölkəyə açıq və gizli formada dəstək vermiş güclərin, bəzi beynəlxalq təşkilatların və xarici ölkələrin də iç üzünün bir daha ortaya çıxmasına təkan verdi. Bu, qibləsi Ermənistan olan, gecə-gündüz “demokratiya”, “insan haqları”, “ərazi bütövlüyü” və sair kimi şüarları əldə bayraq edən, reallıqda isə başqa oyunlara baş vuranlar arasında hər zaman Avropa Parlamenti də yer alıb. Qurumun kampaniya xarakterli anti-Azərbaycan fəaliyyəti ölkəmizin ədalətli mövqeyinə təsir göstərmək, Azərbaycanı gözdən salmaq və Ermənistanın xeyrinə güzəştlər əldə etmək cəhdidir. Lakin bu bədnam qurumda oturan erməni sevdalıları hələ də qəbul edə bilmirlər ki, Azərbaycan müstəqil siyasət həyata keçirir. Ölkəmizi bu cür cılız addımlarla öz yolundan döndərmək istəyənlər əbəs yerə vaxt və enerji itirirlər. Digər tərəfdən, Avropa Parlamenti haqq-ədalət axtarırsa, o zaman daxilini təmizləsin. Bu təşkilat beynəlxalq aləmdə korrupsiya cinayətlərinin tüğyan etdiyi bir qurum kimi tanınıb. O da faktdır ki, növbəti anti-Azərbaycan qərəzin və riyakarlığın da heç bir əhəmiyyəti olmayacaq. Əvvəlkilər kimi, bu dəfə qəbul edilən qətnamə də kağız parçasıdır və hüquqi qüvvəsi yoxdur. Bunu Avropada da yaxşı bilirlər.

Tahir TAĞIYEV





Chosen
10
baki-xeber.com

1Sources