Bu gün Makron Fransası dünyadakı real münaqişələrə ən ədalətsiz yanaşan barbar ölkədir
Fransa Cənubi Qafqazda sülhə və əmin-amanlığa ən böyük təhlükə olmaqda davam edir. Xüsusilə son bir ildə Ermənistana göndərdikləri xeyli sayda silah və hərbi texnika bir daha sübut edir ki, bu Avropa ölkəsi hələ də anti-Azərbacan mövqeyindən əl çəkmək istəmir.
2024-cü ilin əvvəlində Fransanın müdafiə naziri Sebastyen Lekornu ölkəsinin üç ədəd GM 200 radarının satışı və «Mistral» zenit raketlərinin gələcək tədarükü ilə Ermənistana hava hücumundan müdafiə potensialını yaxşılaşdırmağa kömək etdiyini söyləmişdi. Həmçinin qeyd etmişdi ki, Fransa Ermənistana quru müdafiə qüvvələrinin hazırlanmasına kömək edəcək və ölkənin silahlı qüvvələrini islahatlar aparmaqla onun modernləşdirməsini sürətləndirəcək. Ona görə də artıq iki ölkə arasında bu barədə Anlaşma Memorandumu imzalanıb.
Ümumiyyətlə, aydın görünür ki, bu gün dünyadakı real münaqişələrə Fransa qədər ədalətsiz, ikili standartlarla yanaşan ikinci bir ölkə yoxdur. Bu rəzilliyin arxasında isə Prezident Emmanuel Makron və onun komandası dayanır. Makronun ən böyük riyakarlığı ondadır ki, tarixi cinayətlərlə dolu ölkəsinin törətdiyi soyqırmılara görə üzrxahlıq etmək əvəzinə öz sərhədlərindən min kilometrlərlə uzaqlarda, xüsusilə də İslam ölkələrində cinayətkar siyasətini davam etdirir.
Erməni lobbisinin köləsinə çevrilən Makron və komandası son zamanlar daha da azğınlaşaraq Cənubi Qafqazı öz inhisarına almaq istəyir. Xüsusilə Ermənistanı silahlandırmaqla bu bölgədə müharibəni yenidən alovlandırmağa çalışır. Makronun son addımları göstərir ki, bu ölkə Cənubi Qafqazda sülhün və əmin-amanlığın bərqərar olmasında qətiyyən maraqlı deyil. Xüsusilə Azərbaycan Ordusunun həm İkinci Qarabağ müharibəsində, həm də 2023-cü ilin sentyabrın 19-da Qarabağ iqtisadi rayonunda başladığı və cəmi bir günə uğurla başa çatdırdığı lokal antiterror tədbirlərindəki hərbi qələbələrini həzm edə bilmir Bu qələbələrimizlə Ermənistan barışsa da Makron barışmaq istəmir. Bu isə elə avropalılar demişkən «Roma Papasından da artıq katolik olmaq» anlamına gəlir.
Bu gün haylar müharibə etmək iqtidarında deyillər. Ancaq Makron isə onları məcburən müharibəyə sürükləyiir. Rəsmi Parisin bu xain addımlarını qınayan Prezident İlham Əliyevin dekabrın 17-də Ümumrusiya Dövlət Televiziya və Radio Yayımı Şirkəti və Rusiyanın «RİA Novosti» Agentliyi üçün «Rossiya Seqodnya» Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova verdiyi müsahibəsində bildirib ki, Makron hökumətinin Ermənistana tədarük etdiyi silahlar hücum silahlarıdır, öldürücüdür və Azərbaycan üçün praktiki təhlükə yaradır: «Ermənistan silahların əksəriyyətini Qərbdən pulsuz və ya kreditlə almasına, onların təbii ki, silinəcəyinə baxmayaraq, bizimlə silah yarışında tab gətirməyəcək. Nəzərə alsaq ki, Ermənistanla sərhədimizin uzunluğu min kilometrdən çoxdur, bir çox yaşayış məntəqələri sərhədə yaxın yerləşib və bu yaşayış məntəqələrinin əksəriyyətinə keçmiş köçkünlər qayıdırlar, təbii ki, biz bu prosesi yalnız kənardan müşahidə edə bilmərik. …Əlbəttə ki, Fransa bu məsələdə liderlik edir. İkinci yerdə Hindistan, üçüncü yerdə isə ABŞ-dır. Fransa və Hindistan Ermənistanı öldürücü silahlarla təmin etdiklərini gizlətmirlər, - hətta bir növ, yəqin ki, bizim acığımıza nümayişkaranə cəsarət göstərirlər, - ABŞ isə bunu etiraf etmir. Halbuki, biz Ermənistanın hava limanlarına enən və oraya silah daşıyan hərbi nəqliyyat təyyarələrini izləmişik.»
Prezident İlham Əliyev müsahibədə Ermənistanın silahlandırılmasına qarşı Azərbaycanın da öz Silahlı Qüvvələrini ən müasir silahlarla təchiz etdiyini bildirir. Bununla da anti-Azərbaycan qüvvələrə mesaj verir ki, ölkəmiz bu gün də, sabah da bölgənin əsas söz və güc sahibidir : «Təbii ki, biz adekvat tədbirlər görməyə məcbur idik. 2025-ci ildə növbəti hərbi büdcəmiz rekord büdcə olacaq. Bu, təxminən beş milyard dollardır. Bu məbləğin ən azı 60 faizini xərcləməyə məcburuq, belə təhdidlər olmasaydı, xərcləməzdik, Qarabağın bərpasına, sosial ödənişlərə və sair üçün istifadə edərdik. Lakin biz bunu etməyə məcburuq və edəcəyik. Məncə, bu, fəlakətə aparan yoldur. Birincisi, Ermənistan silahların əksəriyyətini Qərbdən pulsuz və ya kreditlə almasına, onların təbii ki, silinəcəyinə baxmayaraq, bizimlə silah yarışında tab gətirməyəcək. Hətta bu halda da bizimlə silah yarışında tab gətirməyəcəklər».
Müsahibədə Ermənistana da açıq xəbərdarlıq edilir. Bildirilir ki, istər Makron rejiminin, istərsə də ABŞ Dövlət Departamentinin maksimum dəstəyinə baxmayaraq, Azərbaycana qarşı növbəti təxribatlar olsa bu dəfə də Ermənstana heç kimi kömək etməyəcək. Necə ki, həm 2020-ci ildəki İkinci Qarabağ müharibəsində, həm də 2023-cü ilin sentyabrın 19-da lokal antiterror tədbirlərində onlara heç kimi kömək edə bilmədi.
Fransa son bir neçə ildəki davranışları ilə həm də dünyaya nümayiş etdirmək istəyir ki, guya Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxarmaqla bölgəyə sülh gətirməyə çalışır. Ancaq məlumdur ki, 2020-ci ildə ölkəmiz işğaldakı torpaqlarını azad edəndə Fransa bizə qarşı çirkin böhtan kampaniyasına başladı. Eyni zamanda, hərbi əməliyyatların dayandırılmasına çalışdı. Ancaq bacarmadı. Çünki Prezident İlham Əliyevin sözügedən müsahibədə dediyi kimi hazırda Makron rejimi mahiyyət etibarilə Fransanı uğursuz dövlətə çevirir : «Baxın, bir neçə misal çəkəcəyəm: Afrikada, Sahel regionunda iflas. Onlara «Əlvida!» dedilər. Niger, Burkino-Faso, Mali. Növbədə Çaddır, bu ölkə artıq onlardan çıxmağı tələb edir. Seneqal - burada prezident dəyişdi və milli ruha malik insan gəldi. Bu, hələ başlanğıcdır. Livanda uğursuzluq, Azərbaycanda tam iflas, Gürcüstanda iflas. Diqqət yetirin, daxili siyasətdə nələr baş verir? Hərc-mərclik! Yeni Baş nazir təyin olunur. Onun əri və ya arvadı, bilmirəm, onlarda bunların hansıdır, xarici işlər naziri təyin edilir. Avropa Parlamentinə seçkilərdə uğursuzluqdan sonra onları «günah keçisi» edirlər. Naftalindən çıxarılmış Barnye təyin olunur və onu da qurban verirlər. İndi yenə kimisə tapırlar. Olmazmı ki, elə özündən başlasın?»
Elçin Zaman,"İki sahil"