EN

COP29 Dünya QHT-lərinin əhəmiyyətini təsdiq edən ən İnklüziv Sammitlərdən biri idi - Millət Vəkili

Avropa Parlamenti Azərbaycan əleyhinə növbəti qərəzli və qeyri-obyektiv qətnamə edib. Qətnamədə yer alan iddialardan biri Azərbaycanda vətəndaş cəmiyyətinin iştirakçılığı ilə bağlıdır. Avropa Parlamenti üzvlərinə Azərbaycanda, əsasən də COP29-da vətəndaş cəmiyyətinin iştirakçılığı barədə absurd fikirlər səsləndirərkən faktlara əsaslanmasını və ehtiyatlı olmalarını bildirmək istərdim. 

Azərbaycanın vətəndaş cəmiyyəti nümayəndələri ötən ay ölkəmizdə tarixi nailiyyətlərlə yadda qalan COP29 tədbiri zamanı xüsusi fəallıq nümayiş etdirmiş, həmçinin Konvensiyaya tərəf olan dövlətlərin kollektiv qərarına əsasən 4 Azərbaycan QHT-si Konvensiya yanında daimî əsaslarla müşahidəçi statusu əldə etmişdir. İlin əvvəlində Cənab Prezidentin mütərəqqi sərəncamı ilə 6 vətəndaş cəmiyyəti nümayəndəsinin COP29 Təşkilat Komitəsinin tərkibinə daxil edilməsi ölkə başçısının QHT-lərə yüksək etimadından və onların cəmiyyətdəki roluna verdiyi önəmdən irəli gəlir.  

Ən İnkluziv Coplardan 1-i kimi yaddan qalan Cop29-da 11576 nəfər müşahidəçinin, o cümlədən 8356 nəfər QHT nümayəndəsinin iştirak etməsi COP29-un dünya QHT-ləri üçün əhəmiyyətini göstərdi. 

Daha bir uğur göstəricisi, COP29-da təmsil olunan vətəndaş cəmiyyəti üzvlərinin birgə bəyanatına 137 ölkədən 1023 QHT təmsilçisinin imza atması idi. Dünya ölkələrinin 71%-ni əhatə edən regionlardan vətəndaş cəmiyyəti nümayəndələrinin Azərbaycan QHT-lərinin təşəbbüsünə dəstək ifadə etməsi Azərbaycanın QHT tarixində ilk dəfə baş verib. Milli QHT-lərin Yaşıl Zonada olan Pavilionunda 54 tədbir təşkil edilmiş 3 minə yaxın şəxs iştirak etmişdir.

Hazırda beynəlxalq koalisiyaya çevrilən COP29 QHT Koalisiyasında 100 ölkədən 90 təşkilat və 500-dək QHT nümayəndəsi təmsil olunur və platforma ətraf mühit üzrə fəaliyyətlərini COP29-dan sonra da davam etdirir. 

COP29 Azərbaycan QHT-ləri üçün beynəlxalq arenada yeni fürsətlər və imkanlar açdı. Artıq Azərbaycan vətəndaş cəmiyyəti qlobal müstəvidə tanınır, fəal QHT diplomatiyası aparır və beynəlxalq qərar qəbuletmə proseslərinə nüfuz edərək onların məcrasını müvafiq istiqamətə dəyişdirə biləcək təsirli gücə çevrilirlər. 

Qoşulmama Hərəkatı ölkələrinin, Xəzəryanı ölkələrin, Türk dövlətlərinin QHT şəbəkələrinin yaradılması, onların Azərbaycanın COP29 gündəliyinə uyğun fəaliyyətə cəlb edilməsi, “Troyka” formatında QHT-lərin əməkdaşlıq platformasının yaradılması, imzalanan razılaşmalar, memorandumlar strateji əhəmiyyət kəsb edir.

QHT-lərimiz tədbir məkanından kənarda da bir sıra tədbirlər təşkil etdilər. COP29 zamanı keçirilmiş dinc aksiyalar da Azərbaycan vətəndaş cəmiyyətinin rolunu və təsirini göstərmiş oldu.
 

Pərvanə Vəliyeva

Milli Məclisin deputatı,

Azərbaycan Milli QHT Forumunun idarə heyətinin üzvü

Chosen
8
qht.az

1Sources