EN

Milli kimliyimizə təhlükə: Öz dilində danışmağı ar bilən, fasonlu ədəbazlar...

Ana dili hər bir xalqın, millətin varlığı, kimliyi və ən böyük mənəvi sərvətlərindən biridir. Düşünürəm ki, ana dil problemi tarix boyu yaşanıb. İnsanların sosiallaşması üçün dil, xüsusilə əlavə dillər bilmək olduqca vacibdir. Bəs bu zaman öz dilimizin arxa planana atılması nə anlama gəlir? Niyə biz şəhərə çıxanda əhalinin 70 faizindən çoxunun rus dilində danışdığına şahid oluruq?

Balaca bir ölkəyik. İnkişafa yeni qədəm qoymuş bir ölkə. Və təbii ki, Azərbaycan dili qlobal bir dil deyil, bunun üçün ön planda olmaması çox normaldır. Məsələ qlobala çıxmaq da deyil. Məsələ Ana dilimizin öz cəmiyyətimizdəki rolunu və əhəmiyyətini nəzərə alaraq onu yaxşı öyrənməyin, yad təsirlərdən qorumağın və inkişaf etdirməyin hər bir Vətən övladının müqəddəs vəzifəsi  olduğunu unutmamaqdır. M.Ə. Rəsulzadə “Milli dirilik” məqaləsində deyirdi: “Milliyyətin ümdə  rüxnünü (simasını) təşkil edən şey dildir. Dil hər bir heyətin hansı bəşər dəstəsinə mənsub olduğunu göstərən bir lövhədir... Çünki dil həmən millət deməkdir”.

Lap əvvələ gedəcəm, dilimizin çeşidli ədəbiyyat nümunələri, ”Kitabi-Dədə Qorqud” dastanları, Nəsimilər, Füzulilərin qələmindən çıxmış qəlb oxşayan əsərlər bu dildə yaranmış, Azərbaycan Cümhuriyyətini yaratmaq üçün özlərini fəda edən, yoxdan var edən insanların ədəbiyyatmızda, musiqimizdə, incəsənətimizdə dərin iz qoymuş şəxsiyyətlərin illər boyu uğrunda apardıqları mübarizələrdən ən başlıcası məhz Ana dili məsələsi idi.

Tarixin müxtəlif dönəmlərində Ana dilimiz çətin sınaqlardan keçmiş, hətta məhv edilməyə çalışılmış, lakin bu sınaqlardan üzüağ çıxmağı da bacarmışdı. Xüsusilə Cümhuriyyət dövründə Azərbaycan-türk dilinin inkişafı üçün böyük imkanlar yarandı. Belə ki, Xalq Cümhuriyyəti hökuməti 1918-ci il 27 iyun tarixli qərarı ilə Azərbaycan-türk dilini bütün ölkə ərazisində rəsmi dövlət dili elan etdi. Bundan sonra ölkədə yüksək səviyyəli elmi kadrların kifayət qədər olmaması və AXC-nin mövcudluğunun çox qısa bir müddət çəkməsi Azərbaycan-türk dilinin həmin dönəmdə dövlət dili kimi  istənilən səviyyəyə çatmasına imkan verməsə də, bu son deyildi. Ölkəmiz keçmiş Sovetlər Birliyinin tərkibində olduğu ilk dövrlərdə Sovet hakimiyyətinin ideologiyasının tələblərinə görə, Azərbaycan dilinin dövlət dili səviyyəsində fəaliyyət göstərməsi üçün lazımi şərait yaradılmamışdı.

Bununla belə, həmin dövrdə Azərbaycanda milli ədəbi dilimizin inkişafı ilə bağlı tarix boyu mübarizə aparanlar, əllərindən gələni etməyə davam edirdilər. Və daha keşməkeşli yollardan sonra ölkəmiz 1991-ci ildə öz dövlət müstəqilliyinin bərpasına nail olduqdan sonra Azərbaycan dili öz inkişafının yeni mərhələsinə qədəm qoydu. Bu gün isə, sanki bütün bu amansız, çətin hadisələr olmamış kimi davranır, insanların canları bahasına savaşdığı, həyat hekayələrini oxuduqda qəlbimizin dağlandığı, milləti azad şəkildə, qorxmadan, hiss edərək Ana dilində danışsın deyə hər şeyini qurban verən insanların nə üçün mübarizə apardığını unutmuş bunu da “müasirlik” adlandırırıq. Halbuki, müasirliyin ən vacib şərtlərindən biri milliliyi saxlamaqla dünyaya inteqrasiya etməkdir. Milliliyin əhəmiyyətini unutmaqla yox.

Burada əsas problemlərdən biri də rus bölmələrinin fəaliyyətidir deyə düşünürəm. Belə ki, valideynlər özləri də rusdilli olurlar və övladlarını da rus bölmələrində oxudurlar.  Və bu proses silsilə halında davam edir. Nəticədə böyük bir rusdilli  nəsil yaranır. Ancaq o uşaqlar ana dilində təhsillərini alıb istənilən yaşlarında xarici dili də öyrənə bilərlər. Ya da valideynlər buna xüsusi nazərət edə və uşaqlar öz dillərini də səlis danışmağı bacara bilərlər. Baxmayaraq ki, rus dilindən daha qlobal dillər var. Dəfələrlə şahidi olmuşuq ki, rus bölməsində təhsil alan şagirdlər Azərbaycan dilində nəinki, normal bir cümlə qurmur, sözü belə deyə bilmirlər. Və qeyd etmək istəyirəm ki, istisnalar (rus bölməsində təhsil alsalar belə, ana dilimizdə normal danışa bilənlər) qaydanı pozmur.  
Dilimizin gözəlliyi həm də onu işlədənlərdən, yəni bizdən asılıdır. Nə qədər şablon çıxsa da, biz çalışmalıyıq ki, dilimizin saflığını və gözəlliyini qoruyaq.  Anlamalıyıq ki, dilimizi inkişaf etdirib yaşatmaq tariximizi yaşatmaqdır. Bu bizim bu yolda iz qoyanlar qarşısında borcumuzdur.
Doğma dilim, sən ki varsan dünyada!
«Mən də varam!» söyləməyə haqlıyam.
Anam! Ana dilim! Ana Vətənim!
Mən bütün qəlbimlə sizə bağlıyam!

Fatima Zeynal,

Sitat.info

Chosen
10
sitat.info

1Sources