EN

“Neftçi” üçün kritik sınaq

“Neftçi” Azərbaycan Premyer Liqasının XVIII turunda bu gün “Turan Tovuz”un qonağı olacaq. Tovuz şəhər stadionunda baş tutacaq görüşə saat 16:00-da start veriləcək.

Tarixinin ən pis dönəmini keçirən “Neftçi” mövsümün ən vacib oyunlarından birinə çıxacaq. Samir Abasovun rəhbərlik etdiyi kollektiv Tovuz səfərində qələbə qazanmaqla üçüncü sıradakı komanda ilə fərqi 12-yə endirəcək və qismən də olsa, avrokuboklara vəsiqə şanslarını saxlamış olacaq. Paytaxt təmsilçisi hazırda 16 xalla 7-ci sırada qərarlaşıb. Komandalar arasında bu mövsüm Bakıda tutan görüş qolsuz bərabərliklə başa çatıb. “Neftçi” sonuncu dəfə Tovuzda bu rəqibi 2023-cü ilin sentyabrında məğlub edib – 1:0.

“Turan Tovuz” isə qış fasiləsinə üçüncü sırada yollanmağı təmin edib. Ən yaxın izləyicisi “Zirə”ni 4 xal qabaqlayan tovuzlular rəqibə nisbətən oyuna daha rahat çıxacaq. Azarkeş amili və süni örtüklü meydança “Turan Tovuz”a az da olsa, üstünlük yaradır. Tovuz səfəri istənilən komanda üçün çətin keçir və yerli publikanın böyük dəstəyini hiss edən “Turan Tovuz” hər rəqibə qorxulu anlar yaşada bilir. “Neftçi” üzərində qazanılacaq qələbə komandanın fasiləyə daha xoş əhvalda yollanmasına səbəb olacaq. Tovuzluların turnir cədvəlindəki mövqeyi heç-heçəyə məmnun olmağa bəs edir.

Komandalar arasında keçirilən son 5 oyunda 2 heç-heçə qeydə alınıb. 3 görüş isə “Neftçi”nin qələbəsiylə yekunlaşıb.

Şahin Cəfərov

Chosen
18
futbolpress.az

1Sources