EN

Qiymətləndiricilər Palatasının ilk konfransı keçirilib

Dekabrın 21-də Azərbaycan Respublikası Qiymətləndiricilər Palatasının ilk konfransı keçirilib.

“İki sahil” xəbər verir ki, tədbir qiymətləndirmə sahəsinin hazırkı vəziyyəti, inkişaf istiqamətləri və beynəlxalq təcrübələrin tətbiqi mövzularına həsr olunub.

Konfransı açan Palatanın İdarə Heyətinin sədri Nüsrət İbrahimov bildirib ki, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 8 dekabr tarixli 1052-VIQ nömrəli “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun icrası çərçivəsində yaradılan Qiymətləndiricilər Palatası qısa müddətdə qiymətləndirmə sahəsində müasir standartların tətbiq edilməsi istiqamətində vacib addımlar atıb.

Onun sözlərinə görə, bu ilin oktyabrın 27-də Dövlət İmtahan Mərkəzi tərəfindən 9 istiqamət üzrə keçirilən ilk imtahan mərhələsində 106 qiymətləndirici yüksək nəticə əldə edərək, peşəkar qiymətləndirici statusunu qazanıb. Hazırda Palata rəhbərliyi normativ sənədlərin hazırlanması və qiymətləndiricilərin peşəkar fəaliyyətini təşkil etmək üçün intensiv iş aparır.

Tədbirdə Qiymətləndiricilər Palatasının Nizamnaməsi və Əsasnaməsi təqdim edilib və gələcək fəaliyyət istiqamətləri ilə bağlı müzakirələr aparılib.

Konfransda qiymətləndirmə fəaliyyətinin hüquqi çərçivəsi və qanunvericilikdən irəli gələn vəzifələr, peşəkar qiymətləndiricilərin bilik və bacarıqlarının təkmilləşdirilməsi üçün proqramlar, beynəlxalq təcrübələrin və rəqəmsal həllərin qiymətləndirmə sahəsində tətbiqi, qiymətləndirmə sisteminin iqtisadi inkişafdakı rolu və perspektivlərə dair müzakirələr aparılır.

Tədbirdə dövlət qurumlarının rəsmiləri, qiymətləndirmə sahəsində fəaliyyət göstərən yerli və beynəlxalq mütəxəssislər, habelə Palatanın üzvləri iştirak ediblər. Panel müzakirələr təşkil olunub, təqdimatlar və interaktiv fikir mübadilələri aparılıb.

Qeyd olunub ki, Qiymətləndiricilər Palatası qiymətləndirmə xidmətlərinin keyfiyyətinin artırılması, şəffaflığın təmin olunması və beynəlxalq standartlara uyğun müasir sistemin yaradılması istiqamətində fəaliyyət göstərir. Palata, həmçinin peşəkar kadrların inkişafını təmin etmək məqsədilə təlim və sertifikasiya proqramlarını həyata keçirəcək. Bu təşəbbüslər ölkə iqtisadiyyatının müxtəlif sektorlarında daha dəqiq, şəffaf və effektiv qiymətləndirmə mexanizmlərinin qurulmasına mühüm töhfə verəcək.

Chosen
161
3
ikisahil.az

4Sources