Qax, 21 dekabr, Mustafa Dadaşov, AZƏRTAC
Cari ilin payızında Qax rayonunun təsərrüfatlarında 2025-ci ilin məhsulu üçün 13 min 730 hektar sahədə taxıl əkilib. Taxıl əkinlərinin 8 min 623 hektarını buğda, 5 min 107 hektarını arpa sahələri təşkil edir. Hazırda Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin Qax rayon Mərkəzi tərəfindən taxıl sahələrində fitosanitar tədbirlər davam etdirilir.
Mərkəzin rəisi Hikmət Hafizov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, səpində istifadə edilən 3 min ton buğda və arpa toxumu geniş spektrli insekto-fungisidlərlə dərmanlanıb. Toxumların dərmanlanması taxıl əkinlərini kök çürüməsi, sürmə, fuzarioz, alternarioz kimi xəstəliklərdən qoruyur, eyni zamanda, taxıl böcəyi sürfələri, məftil qurdları və digər torpaqaltı zərərvericiləri məhv edir. Səpindən əvvəl və səpindən sonra havaların əlverişli keçməsi, səpinlə birlikdə mineral gübrələrin verilməsi rayonun bütün ərazisində, xüsusilə dəmyə ərazilərdəki əkinlərə əhəmiyyətli dərəcədə müsbət təsirini göstərib.
Qurum rəsmisinin sözlərinə görə, payızlıq taxıl əkinlərində, həmçinin yonca və təbii otlaq sahələrində, fındıq və digər meyvə bağlarında Mərkəzin əməkdaşları tərəfindən siçanabənzər gəmiricilərə qarşı aparılmış fitosanitar müşahidələr nəticəsində 9 min 500 hektaradək sahədə gəmiricilərin işlək yuvalarının sayının iqtisadi ziyanvurma həddindən çox olduğu aşkarlanıb. Siçanabənzər gəmiricilərə qarşı mübarizə məqsədilə quruma müraciət etmiş 400-dək fermerə rayon Mərkəzinin əməkdaşları tərəfindən büdcə vəsaiti hesabına alınmış sink-fosfid preparatı ilə zəhərli aldadıcı yem hazırlanaraq verilib və onlara pestisidlərlə işləyən zaman texniki təhlükəsizlik qaydaları izah olunub.
Ümumiyyətlə, rayon üzrə 8 min hektardan çox taxıl sahəsində siçanabənzər gəmiricilərə qarşı zəhərli aldadıcı yemlə kimyəvi mübarizə tədbirləri aparılıb. Aparılmış dərmanlamanın bioloji səmərəliliyi 94-96 faiz təşkil edib. Hazırda Mərkəzdə lazımi qədər sink-fosfid preparatı ehtiyatı var.