EN

İlon Mask açıqlama verdi, Almaniya qarışdı - deputatlar milyarderi “söyürlər”

İlon Maskın sosial şəbəkə hesabından etdiyi açıqlama Almaniyada siyasi qalmaqala səbəb olub.

Musavat.com xəbər verir ki, amerikalı texnologiya milyarderi “X” platformasında yazdığı paylaşımında “Almaniyanı yalnız AfD (Almaniya üçün Alternativ Partiyası) xilas edə bilər” ifadəsini işlədərək ölkənin sağçı partiyasına dəstəyini bildirib.

Almaniyada baş nazir Olaf Şolts liderliyindəki mərkəz-sol koalisiya hökumətinin dağılmasından sonra ölkənin 23 fevral 2024-cü il tarixində erkən seçkilərə gedəcəyi gözlənilir. Bu vəziyyətdə Maskın açıqlaması ölkə daxilində siyasi mübahisələrin daha da alovlanmasına səbəb olub.

Baş nazir Olaf Şolts Maskın açıqlamasına reaksiya verərək “Fikir azadlığı multimilyarderlərə də aiddir. Amma bu, yanlış və qeyri-düzgün siyasi məsləhətlər verə biləcəyiniz anlamına gəlmir” deyib.

İlon Maskın açıqlaması Almaniyada geniş tənqidlərə səbəb olub.

Alman parlamentinin mərkəz sağçı Xristian Demokrat Birliyi (CDU) partiyasının Avropa Parlamentindəki nümayəndəsi Dennis Radtke Maskın Almaniyanın seçkilərinə müdaxiləsini “təhlükəli, narahatedici və qəbuledilməz” olaraq xarakterizə edib. O, İlon Maskı “Qərb dünyasının demokratiyası üçün bir təhdid” adlandırıb.

Mərkəz sol Sosial Demokrat Partiyasının deputatı Alex Schaefer isə Maskın paylaşımını qəbuledilməz adlandırıb və qeyd edib ki, “Seçki kampaniyamıza müdaxilə edilməsinə qarşıyıq. ABŞ bizim yaxın dostumuzdur, amma indi dostumuza qarşı cəsarətli olmağımız lazımdır”.

İlon Maskın dəstək verdiyi AfD (Almaniya üçün Alternativ Partiyası) Almaniyada sağçı mövqeyi ilə tanınır və xüsusilə anti-köçmən siyasətləri ilə diqqət çəkir. AfD son Avropa Parlamenti və yerli seçkilərdə əhəmiyyətli dəstək qazanıb. Lakin partiyanın bəzi üzvləri Nazi dövrünü müdafiə edən və ya Holokostu kiçildən açıqlamaları ilə bağlı mübahisələrə səbəb olublar.

Keçmiş maliyyə naziri və Azad Demokratlar Partiyasının üzvü Kristian Lindner Maskın açıqlamasına reaksiya verərək bildirib:

“Köç idarəetməsi Almaniya üçün həyati əhəmiyyət kəsb edir. Amma AfD azadlıq və iş dünyasına zidd mövqedə duran aşırı sağçı partiyadır.”

İlon Maskın Avropada sağçı partiyalara dəstəyi yalnız Almaniya ilə məhdudlaşmır. O, daha əvvəl İtaliya hökumətinin miqrasiya siyasətini dəstəkləmiş, bəzi hakimlərin miqrasiya ilə bağlı qərarlarına müdaxilə etməsi üçün istefaya çağırmışdı.

Maskın açıqlamaları həmçinin onun ABŞ-da Donald Trampın gələcək hökumətində mühüm bir fiqur olmağa hazırlaşdığı iddiaları ilə də əlaqələndirilir. İlon Maskın sağçı mövqeyi Qərb dünyasında demokratiyaya dair narahatlıqları artırır.

Maskın “Almaniyanı yalnız AfD xilas edə bilər” açıqlaması həm Almaniyada, həm də beynəlxalq miqyasda geniş müzakirələrə səbəb olub. Almaniya üçün erkən seçkilər öncəsi bu cür müdaxilələrin təsiri və Maskın açıq dəstəyi ölkənin daxili siyasətində ciddi nəticələrə gətirib çıxara bilər.

Musavat.com

Chosen
42
44
musavat.com

10Sources