EN

Mançesterlilər və “Arsenal” büdrədi, “Çelsi” liderə yaxınlaşdı - İCMAL

“Liverpul”un məcburiyyətdən meydana çıxmadığı turda digər çempionluğa iddialılar – “Mançester Siti” ilə “Arsenal” xal itirdi. “Mançester Yunayted”in məğlubiyyətləri artıq heç kimi təəccübləndirmir. Elə London derbisində “Çelsi”yə uduzan “Tottenhem”in də.

MS “Kristal Pelas”la səfər oyununda heç-heçə etdi. Bir il əvvəl, yəni Roy Hocsonun dönəmində “Etihad”da geridönüş edən “qartallar” bu dəfə “doğma divarlar” arasında “şəhərlilər”ə “badalaq vurdu”. Oyuna yaxşı başlayan “Pelas” Munyosun erkən qolu ilə hesabı açdı. Gündoğanın zərbəsi dirəyi silkələyəndən 5 dəqiqə sonra “Siti” bərabərliyi təmin etdi.

Nunyeşin cinah asması zamanı Qexini qabaqlayan Holann topu tora göndərdi. Fasilədən sonra topa nəzarəti 80 faizə çatdıran “Siti” londonluların qapısını “mühasirəyə almışdı”. Ancaq bu fakt meydan sahiblərinin növbəti dəfə hesabda irəli çıxmasına əngəl olmadı. Künc zərbəsinin ardından Lakrua Orteqanı təslim olmağa məcbur etdi. Düzdü, bu dəfə qonaqlar hesabı daha tez bərabərləşdirdi. Bunu Bernardo Silvanın ötürməsindən sonra Lüis bacardı. Elə həmin Lüis 85-ci dəqiqədə meydandan qovulmaqla “Siti”nin qələbə ümidini puç etdi. Çempion növbəti xal itkisi ilə liderlərə yaxınlaşmaq şansını əldən verdi.

Mançesterin digər təmsilçisi də qələbə qazana bilmədi. “Yunayted” 4 gün ərzində ikinci dəfə məğlubiyyətlə barışdı. Artıq 2-ci dəqiqədə Milenkoviç “Nottingem Forest”i irəli çıxardı. Mankunianlar, daha dəqiqi, Heylunn tezliklə bu qolun əvəzini çıxdı. “Old Trafford”dakı oyunun həlledici bölümü 2-ci hissənin ilk dəqiqələri oldu. Gibbs-Uayt Fernandeşin Yoroya qeyri-dəqiq ötürməsindən və Onananın inamsız oyunundan yararlandı. O, ardından qolun üzərinə məhsuldar ötürmə də gəldi. Fernandeş fərqi minimuma endirsə də, Ruben Amorimin komandası bundan artığını bacarmadı. Belədə “Yunayted” 13-cü pillədə qaldı. “Nottingem Forest” isə 5-ci pilləyə sıçradı. “Meşəçilər” “Aston Villa”nı topların daha yaxşı fərqinə görə qabaqlayır.

“Arsenal” “Liverpul”a yaxınlaşmaq şansını əldən verdi. Bunun üçün “Fulhem”i səfərdə məğlub etmək lazım idi. Aşkar favorit sayılan “topçular” bu statusu doğrulda bilmədi. İlk yarıda topa daha çox sahib olan, təzyiq göstərən “Arsenal” qol vəziyyəti yaratmaqda çətinlik çəkdi – “bağbanlar” çox yaxşı müdafiə olunurdu. Onların nadir hücumlarından biri qolla nəticələndi. Ximenes meydan sahiblərini irəli çıxardı. “Arsenal” yalnız 2-ci hissənin əvvəlində ən təhlükəli silahı – künc zərbəsi sayəsində hesabı bərabərləşdirə bildi. Saliba fərqləndi. “Topçular” bundan sonra daha kəskin, fəal oynamağa başladılar, sərt və intensiv pressinq tətbiq etdilər. Lap sonda 2-ci qolu da vurdular, ancaq VAR işə qarışdı, ofsayd tapdı. “Bağbanlar”ı məğlub etmək mümkün olmadı, deməli, “Arsenal”ın qələbə seriyası da qırıldı.

“Tottenhem”lə “Çelsi” arasındakı London derbisi hər iki tərəfdən səhvlərin oyunu idi. Bəlkə də belə oyun keyfiyyətli futbol həvəskarlarının ürəyincə deyildi, ancaq qol, təhlükəli vəziyyət görmək istəyənlər məmnun oldu. Artıq 11-ci dəqiqədə “Tottenhem” güclü hücum dalğasının və Kukurelyanın iki səhvinin ardından 2:0 öndə idi. 6 dəqiqə sonra “Çelsi” qollardan birinin əvəzini çıxdı. “Zadəganlar” get-gedə təşəbbüsü tam ələ keçirdi, “Tottenhem” isə möhtəşəm startdan sonra göz önündə dağıldı. Hər iki komanda çoxlu səhvə yol verdi. Bununla belə, “Çelsi” daha məqsədyönlü və inadkar görünürdü. Saatın tamamında “zadəganlar”ın təzyiqi penalti və qol gətirdi. Onlar təzyiqi davam etdirməklə 74-cü dəqiqədə hesabda irəli çıxdı. Bir qədər sonra növbəti “axmaq” penalti fərqin artmasına səbəb oldu. Uzatma dəqiqələrində Son Hın Min komandasının 3-cü qolunu vursa da, qələbəni əldən verməyən “Çelsi” “təmiz” 2-ci yerə çıxdı.

Turun qalan oyunlarına gəlincə, “Aston Villa” aşkar autsayder “Sauthempton”u məğlub etdi. Ötən tur “Liverpul”la heç-heçə (3:3) edən “Nyukasl”ın oyununda bu dəfə də 6 qol vuruldu. Sadəcə, “sağsağanlar” “Brentford”la bacara bilmədi – 2:4. Aşkar autsayderlərdən “İpsviç” evdə “Bornmut”a uduzdu, Van Nistelroyun çalışdırdığı “Lester” isə “Brayton”la oyunda 1 xalla kifayətləndi. Turun dünən axşam keçirilən son oyununda “Vest Hem” “Vulverhempton”a qalib gəldi.

15-ci tur
Tottenhem – Çelsi 3:4

Solanke, 5. Kulusevski, 11. Son Hın Min, 90+7 – Sanço, 17. Palmer, 61-p.; 84-p. Fernandes, 74. (61184)
Tottenhem: Forster, Porro, Romero (Drequşin, 15), Van de Ven (Qrey, 79), Udoci, Bissuma (Berqvall, 79), Sarr, Kulusevski (Meddison, 79), Conson (Verner, 53), Solanke, Son Hın Min.
Çelsi: Sançes, Kaysedo, Badyaşil, Koluill, Kukurelya (Veyqa, 90+1), Lavia (Hüsto, 46), Fernandes, Neto (Madueke, 86), Palmer (Feliş, 90+1), Sanço, Cekson (Nkunku, 76).

Kristal Pelas – Mançester Siti 2:2
Munyos, 4. Lakrua, 57 – Holann, 30. Lüis, 68. (25142)
MS: Orteqa, Uoker, Diaş, Qvardiol, Lüis, Gündoğan, Savinyo (Dokyu, 79), B.Silva, De Bruyne (Qriliş, 86), Nunyeş, Holann.

Mançester Yunayted – Nottingem Forest 2:3
Heylunn, 18. Fernandeş, 61 – Milenkoviç, 2. Gibbs-Uayt, 47. Vud, 54. (73778)
MY: Onana, Yoro (Mazraui, 66), De Liqt (Maquayr, 66), Martines, Dyallo, Maynu, Uqarte (Zirkzee, 76), Dalot, Fernandeş (Maunt, 76), Qarnaço (Reşford, 59), Heylunn.

Fulhem – Arsenal 1:1
Ximenes, 11 – Saliba, 52. (26954)
Arsenal: Rayya, Parti, Saliba, Kivyor, Timber, Edeqor (Nvaneri, 79), Jorjinyo (Merino, 74), Rays, Saka, Haverts (Jezus, 74), Trossar (Martinelli, 60).

Aston Villa – Sauthempton 1:0
Duran, 24. (41329)

Brentford – Nyukasl 4:2
Mbemo, 8. Vissa, 28. Kollinz, 56. Şade, 90+1 – İsak, 11. Barns, 32. (17078)

İpsviç – Bornmut 1:2
Çaplin, 21 – Ünal, 88. Uattara, 90+5. (29180)

Lester – Brayton 2:2
Vardi, 87. De Kordova-Rid, 90+1 – Lempti, 37. Mintex, 79. (31647)

Vest Hem – Vulverhempton 2:1
Souçek, 54. Bouen, 72 – Doherti, 69.

“Everton” – “Liverpul” oyunu təxirə salınıb.

1. Liverpul 14 11 2 1 29-11 35
2. Çelsi 15 9 4 2 35-18 31
3. Arsenal 15 8 5 2 29-15 29
4. Mançester S. 15 8 3 4 27-21 27
5. Nottingem F. 15 7 4 4 19-18 25
6. Aston Villa 15 7 4 4 23-23 25
7. Brayton 15 6 6 3 25-22 24
8. Bornmut 15 7 3 5 23-20 24
9. Brentford 15 7 2 6 31-28 23
10. Fulhem 15 6 5 4 22-20 23
11. Tottenhem 15 6 2 7 31-19 20
12. Nyukasl 15 5 5 5 19-21 20
13. Mançester Y. 15 5 4 6 19-18 19
14. Vest Hem 15 5 3 7 20-28 18
15. Everton 14 3 5 6 14-21 14
16. Lester 15 3 5 7 21-30 14
17. Kristal Pelas 15 2 7 6 14-20 13
18. İpsviç 15 1 6 8 14-27 9
19. Vulverhempton 15 2 3 10 23-38 9
20. Sauthempton 15 1 2 12 11-31 5

Bombardirlər: Salah (Liverpul), Holann (MS) – 13, Palmer (Çelsi) – 11, Vud (Nottingem Forest) – 10.

Turun rəqəmi
50 – Palmer “Tottenhem”lə oyunda dubl etdi. 22 yaşlı ingilltərəli yarımmüdafiəçinin hesabında “Çelsi”nin heyətində keçirdiyi 48 oyunda artıq 50 (33 qol və 17 məhsuldar ötürmə) xal var. Yalnız Erlinq Holann (MS, 39 oyun), Endi Koul (Nyukasl, 43) və Məhəmməd Salah (Liverpul, 46) 50 xal həddinə Palmerdən daha tez çatıb.

Turun ulduzu
Koul Palmer (Çelsi) – komandasının ən çox gözə dəyən və kreativ oyunçusu idi. Penaltidən də olsa, iki dəfə fərqləndi. Oyundaşlarının qol vurması və Forsterin qapısı önündə gərginlik yaşanması üçün də çox şey etdi.

Turun sitatı
Andrey Kançelskis, “Mançester Yunayted”in sabiq oyunçusu:
“MY son 7 ildə böhrandadı. “Yunayted” premyer-liqanın bir çox başqa komandalarından fərqli heç cür uçurumdan çıxa bilmir. Onların çempionluq və kubok qazanmaq şansı azdı. Amorimin işinə mövsümün sonunda qiymət verərik. Ten Haqı çoxdan göndərmək lazım idi. Hələ ki “Yunayted”in oyununda hansısa dəyişiklik olub-olmadığını deyə bilmərəm. Mövsümün sonunda fikirlərimi bölüşəcəm”.


Fakt
MY Amorim “sükan arxasında” keçəndən sonra premyer-liqada keçirdiyi ilk 4 oyunda sabiq baş məşqçi Ten Haqın eyni dönəmi ilə müqayisədə daha pis nəticə göstərib. “Qırmızı şeytanlar” portuqaliyalı gələndən sonra “İpsviç”lə heç-heçə (1:1) oynayıb, “Everton”u darmadağın edib (4:0), ardından “Arsenal”a (0:2) və “Nottingem Forest”ə (2:3) uduzub. Halbuki Ten Haqın rəhbərliyi altında keçirdikləri ilk 4 oyunun ikisində məğlub olmuş (Brayton – 1:2, Brentford – 0:4), ikisində qalib gəlmişdilər (Liverpul – 2:1, Sauthempton – 1:0).

Oyundan sonra
Ruben Amorim, MY-nin baş məşqçisi:
“Ağır oyun oldu. Çətin startdan sonra hesabı bərabərləşdirdik, 2-ci hissədə qələbə uğrunda mübarizə aparmağa hazırdıq, ancaq imkanlardan yararlana bilmədik. Rəqib isə yararlandı. Düşünürəm ki, təkmilləşirik, bu yolda belə oyunları istisna etmək olmaz”.

Pep Qvardiola, MS-nin baş məşqçisi:
“Xarakter göstərə, iki dəfə hesabı bərabərləşdirə bildik. Bu mövsüm bir çox oyunda mənəvi-iradi keyfiyyətlərimiz sınağa çəkilir. İndi titul uğrunda mübarizə haqda düşünə bilmərik. Belə nəticələr fonunda bu mümkünsüzdü”.

Mikel Arteta, “Arsenal”ın baş məşqçisi:
“Qalib gələ bilmədiyimizə görə məyusam. Əvvəldən axıra qədər qələbəyə layiq idik. Qalib gəlmək üçün nə etməliydiksə, onu da etdik. Ancaq rəqib əlinə düşən yeganə imkandan yararlandı. Sonra isə millimetrlik ofsayd üzündən qələbədən olduq. Buna görə ağlamağa dəyməz. Çempionatın gözəlliyi də bundadı”.

Ange Postekoğlu, “Tottenhem”in baş məşqçisi:
“Çox ağır məğlubiyyətdi. Oyuna yaxşı başlasaq da, ardından Kristian Romeronu itirdik. İşlər yaxşı getmədi, oyunun gedişində taktikanı dəyişməli olduq. Hesabı 3:0 etmək üçün yaxşı imkanlarımız var idi. Ardından iki penalti... Cərimə meydançasında daha intizamlı oynamalıyıq”.
Chosen
24
football-plus.az

1Sources