EN

Rəsmi Bakının D-8-də təmsilçiliyi ölkəmizə siyasi və iqtisadi dividendlər qazandıracaq - ŞƏRH

Bakı, 21 dekabr, AZƏRTAC

Ötən həftə Azərbaycan üçün beynəlxalq səviyyədə uğurlu bir addımla yadda qaldı. Azərbaycanın inkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) XI Sammiti zamanı yekdilliklə D-8 təşkilatına üzv seçilməsi rəsmi Bakının növbəti diplomatik qələbəsi kimi dəyərləndirilməlidir.

Bunu AZƏRTAC-a açıqlamasında “İslahatçı Qadınlar və İnnovasiyalar” İctimai Birliyinin sədri Vüsalə Hüseynli bildirib.

O qeyd edib ki, bu təşkilata üzvlük rəsmi Bakıya siyasi və iqtisadi manevr imkanı vermiş oldu: “Üç qitəni əhatə edən, 4 trilyon ABŞ dollarından artıq ÜDM-ə malik, 130 milyard ticarət dövriyyəsi həyata keçirən, üzvlərinin əhalisinin sayının ümumilikdə dünya müsəlmanlarının 60 faizini təşkil edən və böyük iqtisadi potensiala malik “İslam Səkkizliyi” adlanan D-8-ə ölkəmizin üzvlüyü Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunun və ölkəmizə olan etimadın bariz nümunəsi olmaqla yanaşı, həm də Azərbaycanın iqtisadi cəhətdən yeni bazarlara çıxmasını təmin edəcək”.

Vüsalə Hüseynlinin sözlərinə görə, yeni əlaqələrin qurulması Azərbaycanın iqtisadi cəhətdən üç qitəyə çıxışını daha da inkişaf etdirəcək, digər tərəfdən, ölkəmizin turizm potensialını, Malayziya kimi ölkə ilə təhsil sahəsində mövcud əlaqələrini daha üst səviyyəyə daşıyacaq. Ən önəmlisi isə, bu ölkələrin təmsil olunduqları digər platformalarda Azərbaycanın səsinə səs verəcək dost, tərəfdaş ölkələri olacaq. İstənilən səviyyədə beynəlxalq platformalarda təmsilçilik ölkənin inkişafının və uğurunun açarıdır. Xüsusilə, COP29 dan sonra rəsmi Bakının bu addımı uzun strateji hədəfin doğruluğunu təsdiqləyir.

QHT-sədri onu da qeyd edib ki, D-8 platforması iqtisadi uğurlarla yanaşı rəsmi Bakıya siyasi üstünlüklər də qazandıra bilər. Mütəmadi olaraq, ikili standartlara məruz qalan Azərbaycan kimi güclü dövlətin təmsilçiliyi İslam platformasına verdiyi töhfələrlə yanaşı, sözügedən platformadan qazanacağı faydaları da göz önünə gətirir. Buna nümunə olaraq, regional, strateji müttəfiqləri olan Türkiyə, İran, Pakistanla daha bir platformada birgə fəaliyyət rəsmi Bakının mövqeyinin möhkəmlənməsini təmin etmiş olacaq. Eyni zamanda Malayziya, Nigeriya, İndoneziya və digər ölkələrlə də münasibətlərin yeni səhifəsində uğurlu əlaqələrin işartıları artıq görünməkdədir. Ümumilikdə bu platformada təmsilçilik tam olaraq Azərbaycanın milli maraqlarına cavab verir.

Chosen
13
1
azertag.az

2Sources