EN

Samir Abasov: “İşimiz çoxdur və dayanmadan işləyirik”

Azərbaycan Premyer Liqasının XVIII turunun “Turan Tovuz” – “Neftçi” oyunundan (1:1) sonra qonaq komandanın baş məşqçisi Samir Abasov jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə matçla bağlı fikirlərini bildirib…

– Azarkeşlər sağ olsun, uzaq yoldan gəlib bizi dəstəklədilər. Birinci hissə rahat keçdi, oyunu idarə etdik. Lakin ikinci hissənin əvvəlində rəqibimizin təhlükəli epizodlarını bildiyimiz halda, bu vəziyyətdən qol buraxdıq. Bundan sonra bəzi oyunçularda da eniş yaşandı. Ajiotajı rəqibə verdik. “Turan Tovuz”un oyununu demək olar, hamı bilir. Mübarizə apardıq. Çünki burda oynamaq çətindir, hər rəqib burda əziyyət çəkir. 10-12 günlük istirahət olacaq. Fikirləşirəm ki, futbolçuların buna ehtiyacı var. Hər oyundan sonra stress yaşayırlar. Bir az dincəlməlidirlər. Ondan sonra hazırlığa başlayacağıq.

– İkinci hissədə Ervin Koffini yarımmüdafiəyə çəkməyiniz məcburi idi?
– Məşqlərdə bəzən bu mövqedə işləmişdik. Koffiyə başa salmışdıq. Bu gün həmin mövqedə itkilərimizin olması təsirsiz ötüşmür. Nələrisə dəyişmək istədik və bunu etdik.

– Qoldan başqa real epizodunuz yox idi. Son dəqiqələrdə müdafiəyə çəkilməyiniz nə ilə bağlıdır və “Neftçi” nə vaxt dominant futbol oynayacaq?
– Şəxslər üzərində danışmaq istəmirəm. Özünüz “Neftçi”dəki problemləri dəfələrlə dilə gətirmisiniz. Bilirəm, ötən konfransda da dedim, vəziyyət nəzarətimizdədir. “Neftçi”yə qarşı digər komandaların necə hazırlaşdığını bilirik. Məsələn, “Kəpəz” bizə qarşı necə oynadı, bir də dünən “Sumqayıt”la oyunlarını izləyin. Bunları normal qəbul etməliyik. Adımıza layiq cavab vermək üçün zamana ehtiyacımız var. Bizimçün bu gün prioritet nəticə idi. “Turan Tovuz” öz meydanında rəqiblərinə əziyyət çəkdirir. İstədiyimiz oyuna futbolçuları uyğunlaşdırmaq istəyirik.

– Çətin dönəmdə komandaya gəlmisiniz. Son konfranslarda gedəcəyiniz yolu bildiyinizi dediniz. Bu dönəm arxada qalıb?
– Çətinliklər yaya kimi davam edəcək. Bunu aramızda da danışacağıq. Çətin situasiyada gəlmişik və vəziyyəti bilirdik. Çox şeylər saya bilərik. Qələbə ilə bunları aradan qaldırmaq istəyirik. Qış fasiləsində futbolçular bir az dincələcəklər. Özlərinin də nələrisə təhlil etməyə ehtiyacları var. İşimiz çoxdur və dayanmadan işləyirik.

– Gedəcəyini müəyyənləşdirdiyiniz futbolçu var?
– İndi bunu demək yersiz olar. Hələ kiməsə nəsə söyləməmişik. Bəzi mövqeləri gücləndirmək istəyirik. Bəzən bir mövqedə ardıcıl itkilər yaşanır və futbolçuya ehtiyacımız olur.

– Standart “Neftçi”ni nə vaxt görəcəyik?
– Nə cavab verim? Martın 22-si (gülür).

– Kilan Lebonun durumu çox aşağıdır?
– Futbolçuların hamısına tapşırmışdım ki, bura gəlsinlər. Tapşırıq və tələb o idi ki, hər kəs Tovuzda olsun. Gələnlər arasında oyuna hazır olmayanlar da var idi. Sadəcə ilin son matçında bir yerdə olmaq istədik. Ümumiyyətlə komanda şəklində yaxşı deyilik.

Şahin Cəfərov

Chosen
31
futbolpress.az

1Sources