EN

Samir Abasov və Kurban Berdıyevdən heç-heçəyə şərh

“Neftçi”nin baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 18-ci turunda “Turan Tovuz”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, o, 1:1 hesabıyla başa çatmış oyundan sonra baş tutan mətbuat mətbuat konfransında bunları söyləyib:

“Birinci hissədə rahat idik, oyunu idarə edirdik. İkinci yarıda gözlədiyimiz epizoddan qol buraxdıq. Filip Ozobiç və Yeqor Boqomolskinin yorulması öz sözünü dedi. Rəqib standart vəziyyətlərdə təhlükəlidir. Futbolçularım mübarizə apardılar. Burada hər rəqib çətinlik çəkir. 10-12 günlük istirahətə gedirik. Buna ehtiyacımız var.

Ervin Koffini mərkəzdə oynatmağı əvvəlcədən planlaşdırmamışdıq. Amma məşqdə bir az üzərində işləmişdik. Həmin mövqenin oyunçularının olmaması təsirsiz ötüşmür”.

Samir Abasov qış fasiləsindəki planları barədə də söhbət açıb:

“Yaya kimi çətinliklər çəkəcəyik. Qələbələr qazandıqca nələrisə düzəldə biləcəyik. Bəzi futbolçular uduzmaqdan qorxurlar. Yalnız qələbə ilə bunu aradan qaldıra bilərik. “Neftçi” olaraq işimiz çoxdur və dayanmadan işləyirik. Transferlərin üzərində çalışırıq. Gücləndirməli olduğumuz mövqelər var. Amma qışda transfer etmək çətindir. Əlimizdə olan oyunçuları göndərsək, bunun əziyyətini çəkə bilərik”.

“Turan Tovuz”un baş məşqçisi Kurban Berdiyev isə heç-heçəyə belə şərh verib:

“İki fərqli hissə izlədik. İlk yarıda oyunçularım çox həyəcanlandılar, lazım olan aqressiyanı göstrərə bilmədilər. İkinci hissədə daha aktiv və aqressiv oynadıq. İkinci yarıda sərgilədiyimiz oyundan razı qaldım. Futbolçular aktiv idilər, yaxşı oynayırdılar deyə, əvəzetmələr etmədim. Son dəqiqələrdə zədəsi olmasına baxmayaraq, Roderik Millieri oyuna buraxdıq. O da özünü yaxşı göstərdi.

Qış fasiləsinə üçüncü pillədə yollanırıq. Mövsümün əvvəlində bunu məndən soruşsaydılar, yaxşı nəticə olduğunu deyərdim. Amma elə oyunlar oldu ki, lazımsız xallar itirdik”.

Chosen
12
arena.az

1Sources