EN

Komitə rəsmisinin dediyi kimi: Qadınlar alimentə görə boşanırlar?

"Qadınlara dilənçilik prinsipindən çıxmağı öyrətməliyik".

Bu sözləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədrinin müavini Sədaqət Qəhrəmanova "Bələdiyyələrdə yaradılmış gender komissiyalarının işinin gücləndirilməsi" mövzusuna həsr olunmuş Konfransda çıxışı zamanı deyib.

Sədr müavininin sözlərinə görə, bu gün insanlarda ələbaxımlılıq formalaşıb:

"Qadınlar boşanırlar ki, aliment alıb onunla dolansınlar. Belə halları biz görürük. İnsanlara "balıq tutmağı" öyrətməliyik. Bu gün kənd qadınlarının biznes bacarıqlarına yiyələnməsi istiqamətində iş görürük. Hətta 800-dən çox qadın biznesə cəlb olunub.

Onlar öz ailələrinə də biznesləri sayəsində yardım edir. Qadınları öyrətməliyik ki, onlar dilənçilik prinsipindən çıxsınlar. Bilmək lazımdır ki, iqtisadi cəhətdən güclü olan qadının hüquqları pozulmur. Bələdiyyələrin də rolu burada başlayır.

Bələdiyyələrdə gender komissiyalarının işi bundan ibarətdir. Onlar insanlarla sıx təmasda olmalıdırlar. Onlar iş görməlidirlər ki, biz milli dəyərlərə qayıdaq. Bizə Avropa dəyərləri lazım deyil".

Məsələ ilə bağlı “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova "Cebheinfo.az"-a açıqlamasında bildirib ki, əksər insanlar düşünür ki, qadınlar aliment almaq üçün boşanmağa üstünlük verirlər:

"Belə mesajlar var ki, alimentin məbləğinin artması boşanmaların sayı və qadınların daha müstəqil yaşaması üçün təkan verir. Lakin aliment yalnız uşağa verilir və uşağın inkişafı üçün nəzərdə tutulur.

Ata uşağın inkişafında emosional olaraq iştirak etmirsə, ən azından uşağına iqtisadi dəstək verməlidir. Elə atalar var ki, boşandıqdan sonra da övladı arasında emosional bağı qoruyur, lakin bəziləri də bunu etmir və qısasçılıq edərək alimenti də ödəməkdən imtina edir.

Bu da onun göstəricisidir ki, ailədə zorakılıq faktları olub və normal münasibətlər mövcud olmayıb. Bütün qadınların aliment üçün boşandıqlarını demək olmaz, lakin belə hallara da rast gəlinir. 

Məsələn, bir xanım vardı, əri ölkəni tərk edib getmişdi. Xanım aliment üçün müraciət edirdi, deyirdi ki, başqa cür necə dolana bilərəm. Ümumilikdə qadınları ittiham etmək doğru deyil, qadınlar üçün imkanlara çıxışı təmin etmək lazımdır. 

Azyaşlı uşaqlarl olan qadınlar işə gedə bilmirlər, əlavə gəlirləri, valideynlərdən dəstəkləri olmadığı üçün onlar alimentlə dolanmağa məcbur qalırlar".

Birliyinin sədri qeyd edib ki, alimentin alınması digər problemlərin mövcudluğundan xəbər verir:

"Günümüzdə bu problemlərdən də danışmaq lazımdır. Azərbaycanda qadınları ittiham etmək asandır. Təhlil etmək lazımdır ki, hansı yerlərdə imkanlara çıxış üçün resurslar olmalıdır?

Rayon yerlərində uşaqların nəzarətsiz qalması məsələsi çox olmur, çünki qohum-qonşu münasibətləri pozulmayıb. Bunun qorunub-saxlanılması üçün işlər aparılmalıdır. Ümumilikdə, alimentlə bağlı müzakirələri yığışdırmaq üçün uşaq üçün hesab açılsın və vəsait hesaba daxil edilsin".

Psixoloq Aytən Ələkbərova isə qeyd edib ki, boşanmaların qarşısını almaq üçün müxtəlif alternativlərdən istifadə edilməlidir: 

"Valideynlər ərə verdikləri qızlarına həyat yoldaşının sözünə hörmət etməyi aşılamalıdır. Hər kəs, hər qadın öz ayağı üzərində durmağı bacarmalıdır.

Qeyd edim ki, boşanmalar zamanı valideynlər uşaqlarına "ya onu, ya da məni seç" kimi seçim qoyurlar. Bu da uşaqda hər zaman travma yaradır, gələcəkdə onlar təşviş pozuntusundan əziyyət çəkirlər.

Beləlikə, ailə institutu dağılır. Gələcəkdə də biz hər ailənin dağıldığını və qadınların biznes sahəsində olacaqlarını, övladlarına hər şeyi verə biləcəklərini, ancaq atanın yanında olmaması kimi hallarla üz-üzə gələcəyik. Bəzən qadınlar öz ayaqları üzərində durmaq üçün uşaqları başqa yerlərə yönləndirirlər, belə olduqda əksər hallarda uşaq ana sevgisindən də məhrum qalır.

Bəzi boşanan qadınlar düşünürlər ki, aliment alacağam, bununla dolanacağam, bəziləri də canlarını qurtarmaq üçün boşanırlar. Ümumilikdə, boşanma hallarının olmaması üçün əlimizdən gələni etməliyik, çünki bu gediş ailə planlamasının məhvinə aparır".
 

Chosen
15
hit.az

1Sources