EN

Rəşad Sadıqov: “İkinci hissədə pauzalar çox oldu”

Azərbaycan Premyer Liqasının XVIII turunun “Səbail” – “Zirə” oyunundan (0:1) sonra qonaq komandanın baş məşqçisi Rəşad Sadıqov jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə matçla bağlı fikirlərini bildirib…

– Olduqca vacib oyun idi. Önəmli qələbə qazandıq. İlin son oyunu idi. Son oyunlar isə həmişə xüsusi olur. İstər-istəməz futbolçular istirahət barəsində düşünür. Bu tip oyunlara köklənmək çətin olur. Buna baxmayaraq, oyunçular yaxşı hazırlanmışdılar. Qarşımızda əzmkar, hər xal uğrunda ölümünə mübarizə aparan “Səbail” var idi. Görüşün ağır keçəcəyini bilirdik. Şükürlər olsun ki, sonluqda qolu vurub, 3 xalı qazandıq. İndi yaxşı istirahət edərək, avrokubok və çempionatdakı oyunlarımızı təhlil edəcəyik. İkinci yarıya yaxşı hazırlaşmalıyıq. Çünki, Azərbaycan çempionatında bu dövrələr həmişə daha gərgin keçir. Komandalar oyunlara maksimumunu qoymağa çalışır. Sona yaxınlaşdıqca hər xal həlledici ola bilər.

– Bugünkü oyununuzla qarşıdakı turlarda necə uğur qazana bilərsiz? Ümumən oyundan razı qaldız?
– Bəli. Bir neçə hücumlarımız oldu. Hansı ki, rəqibə qarşı 5-6 elə hücum planlaşdırmışdıq. Sadəcə həmin epizodlardan fərqlənə bilmədik. “Səbail” son turlarda qələbə qazana bilməsə də heç kim onlara qarşı asan oyun keçirtməmişdi. Hətta “Sabah” (1:0) və “Araz-Naxçıvan” (2:0) qələbə qazananda belə çətin olmuşdu. Cavid Hüseynovun gəlişindən sonra komandada istək yüksək səviyyədədir. Demək olar ki, bütün rəqiblərə problem yaradıblar. Nəzərə alsaq ki, səfərdə və süni ot örtüyündə oynamaq bizim üçün problem idi. İlk hissə bizim diqtəmizlə keçdi. Bu da gözlənilən idi. Rəqib bizə meydanın mərkəzini verib, əks-hücumlara çalışırdı. Amma ikinci hissədə pauzalar çox oldu. Demək olar ki, ikinci yarının son 15 dəqiqəsinə qədər fasilələr üzündən oyunun dinamikası çox aşağı düşmüşdü. Ancaq qoldan sonra hər 2 komanda canlandı. İstədiyim futbolu meydanda gördüm. Elə oyunlar var ki, istədiyin futbolu göstərə bilmirsən. Ancaq qələbə qazanmaq önəmlidir. Bu da elə oyunlardan biri idi.

– Turnir cədvəlinin sonuncu pilləsində qərarlaşan komandaya qarşı çox çətin qalib gəldiz. Belə qalib gəlmək, futbolçularınızın performansına meyar sayıla bilər?
– Çempionatda sonuncu pilləni tutan komandanın elitadan düşəcəyi dəqiqləşdikdən bəri rəqabət güclənib. İstər 2, istərsə də 10-cu yerdəki komandayla oynayaq. Məşqçi olaraq fərq görmürəm. Məsələn, “Kəpəz” üzərində 4:0 hesablı qalib gəlmişdik. Amma deyə bilmərəm ki, bu oyundan yaxşı çıxış etmişdik. Sadəcə olaraq həmin matçda hücumlarımız daha yaxşı alınmışdı. Amma bu gün vura bilmirdik. Həm keçən, həm də bu mövsüm, çempionatdakı oyunlar gərgin keçir.

– İlin ən yaxşı yerli futbolçusu adına namizədlər bəllidir. Siyahıda Qismət Alıyevin də adı var. Siz kimə səs verəcəksiz?
– Bu sual barədə düşünməmişəm. Gərək oyunçuların milli və avrokuboklardakı oyunlarına diqqət yetirək. Yəqin ki, Toral Bayramovla Elvin Cəfərquliyev arasında böyük rəqabət olacaq. Mahir Emreliylə Qismət də çox yaxşı performans sərgiləyiblər.

Mirkamal

Chosen
33
1
futbolpress.az

2Sources