EN

Zelenskidən XƏBƏRDARLIQ: “Rusiyanın hərbi obyektləri hədəf alınacaq” - VİDEO

Ukrayna prezidenti Volodimir Zelenski dünənki raket hücumlarından sonra Kiyevdə dağıntıların təmizlənməsinin tamamlandığını və Xersonda da bənzər işlərin davam etdiyini açıqlayıb.

Musavat.com xəbər verir ki, Zelenski Rusiyanın Xersonda onkologiya mərkəzinə hücum etdiyini bildirib.

Onun sözlərinə görə, hücum zamanı insan tələfatı olmayıb, pasiyentlər və tibb heyəti vaxtında sığınacağa yerləşdirilib.

Xerson onkologiya mərkəzinə hücum: “Bu, açıq-aşkar qəddarlıqdır”

Zelenski qeyd edib ki, Xerson onkologiya mərkəzi müharibə dövründə məhdud imkanlarla fəaliyyətini davam etdirən vacib tibbi müəssisələrdən biridir.

Burada yerləşən xəstəliklərin müalicəsində istifadə olunan unikal avadanlıqlar Xerson sakinləri üçün həyati əhəmiyyət daşıyırdı.

“Ruslar bu mərkəzin tibbi müəssisə olduğunu bilməmiş ola bilməzdi. Bu hücum Xerson sakinlərinə qarşı açıq-aşkar qəddarlıqdır”, – deyə Zelenski vurğulayıb.

Xarkov, Nikopol və Donetskə də hücumlar edildi

Ukrayna prezidenti Rusiya qüvvələrinin Xarkov, Nikopol və Donetsk bölgələrində də terror hücumları həyata keçirdiyini bildirib.

O, bu hücumları “qəsdən edilən terror” adlandıraraq, Rusiya aviasiyasının bu insanlıqdan kənar əməllərə görə hətta mükafatlandırıldığını qeyd edib.

Zelenski əmin edib ki, bu cinayətlərin hesabı mütləq sorulacaq: “Bu cinayətlərə görə cavab verəcəkləri gün gələcək.”

“Rusiyanın hərbi obyektləri hədəf alınacaq”

Zelenski Ukraynanın özünü müdafiə etmə haqqının tamamilə ədalətli olduğunu vurğulayıb.

O, Ukrayna istehsalı olan dronlar və raketlərlə Rusiyanın hərbi bazalarına və infrastrukturlarına zərbələrin artırılacağını bildirib: “Biz öz xalqımıza qarşı bu terroru həyata keçirən hərbi strukturları hədəfə almağa davam edəcəyik”.

Dünya ictimaiyyətinə təşəkkür

Zelenski Avropa ölkələrində müdafiə xərclərinin artırılması və arsenalın modernləşdirilməsi istiqamətində çalışan dövlətlərə minnətdarlığını ifadə edib. O, Rusiyaya qarşı təzyiqlərin artmasında dəstək olan bütün beynəlxalq tərəfdaşlara təşəkkür edib.

Zelenski çıxışını bu sözlərlə tamamlayıb: “Ukrayna xalqının müdafiəsi təkcə bizim haqqımız deyil, həm də ümumi insanlıq dəyərlərini qorumaq uğrunda mübarizədir”.

Musavat.com

Chosen
11
2
musavat.com

4Sources