EN

Rəşad Sadıqov: “Səbail”lə matçda istədiyim futbolu gördüm”

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 18-ci turunda “Səbail”ə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, o, 1:0 hesabı ilə qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Olduqca vacib oyunda önəmli qələbə qazandıq. İlin son oyunu idi. Son oyunlar həmişə xüsusi olur. Futbolçular istər-istəməz istirahətə hazırlaşırlar. Belə matçlara köklənmək çətindir. Qarşımızda əzmkar “Səbail” var idi. Gözlədiyimiz kimi, ağır oyun oldu. Son turlarda heç kim “Səbail”lə matçda asan qələbə qazanmamışdı. Səfərdə, süni örtükdə oynamaq bizim üçün əlavə problem idi. Şükürlər olsun ki, sonda lazım olan qolu vurub, qələbə qazandıq. Meydanda istədiyim futbolu gördüm.

Mövsümün ikinci yarısına yaxşı hazırlaşmalıyıq. Çünki Azərbaycan çempionatında mövsümün son hissəsi həmişə çətin olub. Sona yaxınlaşdıqca hər xal önəmli olacaq.

Premyer Liqada son pilləni tutan komanda aşağı liqaya düşəndən sonra çempionatda rəqabət artıb. “Kəpəz”ə 4:0 hesabı ilə qalib gəlmişik. Amma deyə bilmərəm ki, həmin matçda bugünkündən yaxşı oynamışdıq. Komandaların hansı pillədə olmasından asılı olmayaraq, onların arasında heç bir fərq görmürəm. Çempionat çox gərgin keçir. Düşünürəm ki, bu, futbolumuzun inkişafına yol açacaq”.

Rəşad Sadıqov 2024-cü ilin ən yaxşı azərbaycanlı futbolçusunun kimliyinə dair suala da cavab verib:

“Açığı, bu haqda düşünməmişəm. Gərək bir az fikirləşək, millinin, klubların avrokubok oyunlarını gözümüzün qabağında canlandıraq. Yəqin ki, Toral Bayramovla Elvin Cəfərquliyev arasında böyük rəqabət olacaq. Mahir Emreli də namizədlərdən ola bilər. Qismət Alıyev də yaxşı performans göstərir”.

Cavid Hüseynov: “Bunu rəhbərlik də başa düşür”

“Səbail”in baş məşqçisi Cavid Hüseynov isə komandasının növbəti məğlubuyyətinə belə şərh verib:

“Sonuncu yerdə olduğumuz üçün üzərimizdə təzyiq olsa belə, həftəboyu yaxşı hazırlaşmışdıq. “Zirə”ni də ciddi analiz etmişdik. Uduzduqdan sonra nəsə demək çətindir. Rəqibə bir şans verdik, onu da dəyərləndirdilər. Ani diqqətsizlikdən qapımızda qol gördük.

Qış toplanışında çatışmayan cəhətlər və müəyyən işlər üzərində əlimizdən gələni edəcəyik ki, sonuncu pillədən qurtulaq. İndiki halda komandanın durumu bəllidir. Futbolçu sayı da yetərli deyil. Bu haqda dəfələrlə danışmışıq. Bunu rəhbərlik də başa düşür. Ümid edirik ki, qışdan sonra tam fərqli komanda görəcəyik. “Səbail”ə gəldiyimə görə peşmanammı? Xeyr”.

Chosen
24
arena.az

1Sources