EN

DİN-in məlumatı

Yüksək sürət 344 nəfəri həyatdan aparıb

Cari ilin 11 ayı ərzində qeydə alınan göstəricilərə əsasən, yolda müəyyən edilmiş sürət həddinin aşılması, yenə də sürücülər tərəfindən ən çox yol verilən qayda pozuntusudur.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, bu səbəbdən baxılan dövrdə 505 yol-nəqliyyat hadisəsi qeydə alınıb ki, nəticədə 344 nəfər həyatını itirib, 335 nəfər isə yaralanıb.

Qarşıdan gələn bayram günlərində şəxsi avtomobillə səfərə çıxanların sayının əhəmiyyətli dərəcədə artacağı gözlənilir. Bununla yanaşı, qeyri-qanuni sərnişin daşıyan şəxslərin bayram öncəsi sərnişin axınının artmasını fürsət bilərək, məhz sürət rejiminin pozulması hesabına gün ərzində bir neçə dəfə səfərlər təşkil edəcəkləri ehtimal olunur.

Hərəkət intensivliyinin artması fonunda yolda müəyyən edilmiş sürət həddinin aşılması, yaxud sürət həddinin yol və hava şəraitinə uyğun seçilməməsi kimi kobud qayda pozuntuları isə sözsüz ki, sonda ağırlıq dərəcəsi yüksək olan yol qəzaların baş verməsinə real zəmin yarada bilər.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha yüksək sürətin ağır faciələrə səbəb olduğunu xatırladır və qarşıdan gələn bayram günlərinin xoş əhvali-ruhiyyədə qeyd olunması üçün hər bir hərəkət iştirakçısını yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl etməyə çağırır!

Bank kartlarının məxfiliyini qoruyun!

Bank işçiləri heç vaxt bankın göndərdiyi SMS-də kart kodu, PİN kodu və ya digər kod, məlumatlar tələb etmirlər. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəisi Elşad Hacıyev bildirib. O qeyd edib ki, yalnız fırıldaqçılar gizli kodlarla maraqlanırlar. Məhz bu üsulla, xarici nömrələrdən zəng olunmaqla, “bankdandır, bank kartınıza müdaxilə var” adı ilə talama halları var və geniş vüsət alıb.

Həmin metodlarla dekabrın 19-20 tarixlərində ayrı-ayrı vətəndaşlara məxsus bank kartlarından 50000, 13000, 10000, 8650, 8400, 4715, 4700, 7250, 4000, 3900, 3572, 3500, 2360, 2340, 2396, 2397, 2300, 2200, 1960, 1886, 1500, 1480, 1480, 1300, 1150, 900, 850, 750, 740, 570, 410, 400, 378, 200, 170, 130, 100, 97, 51, 50 manat oğurlanıb.

“Elə zərərçəkmişlər var ki, özündə olan digər kartların da məlumatlarını verib ki, xahiş edirəm, buna da baxın, karta müdaxilə varsa, aradan qaldırın. Nəticədə həmin kartlarda olan vəsaitlər də oğurlanıb.

Heç bir halda şəxsi olan, məxfilik daşıyan bank kartı məlumatlar qarşı tərəfə - naməlum şəxsə verilə bilməz, çünki bu məlumatlarla maraqlanan şəxsin məqsədi pullarınızı talamaqdır”, – deyə Elşad Hacıyev bildirib.

XQ

Chosen
1
1
xalqqazeti.az

10Sources