EN

Beynəlxalq İnsan Hüquqları Müdafiəçiləri Rüfət Səfərovu azad etməyə çağırıb

İnsan Hüquqları Müdafiəçilərinin Müdafiəsi Rəsədxanası (OPHRD) azərbaycanlı hüquq müdafiəçisi Rüfət Səfərovun həbsini pisləyib və ona qarşı ittihamların dərhal ləğv edilərək sərbəst buraxılmasına çağırıb.

İşgəncələr Əleyhinə Ümumdünya Təşkilatı (OMCT) və Beynəlxalq İnsan Hüquqları Federasiyası (FIDH) hüquq müdafiə təşkilatlarının hüquq müdafiəçilərinin qorunması üzrə birgə layihəsi olan “The Observatory”, Səfərova qarşı təqiblərin dayandırılması üçün kampaniyaya start verib.

Təşkilat dekabrın 20-də yaydığı müraciətində Səfərovun azad edilməsi, ona və digər hüquq müdafiəçilərinə qarşı təqiblərin dayandırılması üçün Azərbaycan rəsmilərinə məktub ünvanlamağa çağırıb.

“The Observatory Azərbaycan hakimiyyətini cənab Səfərovu dərhal və qeyd-şərtsiz azad etməyə və ona qarşı irəli sürülən bütün ittihamları ləğv etməyə çağırır, çünki bu ittihamlar qanuni insan haqları fəaliyyəti ilə birbaşa əlaqəli görünür”, qurum vurğulayıb.

Azərbaycan hakimiyyəti həmçinin Rüfət Səfərovun həbsdə olarkən fiziki və psixoloji toxunulmazlığına zəmanət verməyə, ona və ölkədəki bütün digər hüquq müdafiəçilərinə qarşı məhkəmə və digər formalarda təqiblərə son qoymağa çağırılır.

Səfərov dekabrın 3-də saxlanılıb. O, Cinayət Məcəlləsinin üç maddəsi - 178.3.2 (külli miqdarda ziyan vurmaqla törədildikdə dələduzluq), 221.1 (xuliqanlıq) və 127.2.3-cü maddələri ilə ittiham olunub. (Ümumi təhlükəli üsulla və ya xuliqanlıq məqsədilə qəsdən sağlamlığa az ağır zərər vurma).

Səfərov ittihamları rədd edərək, insan haqları fəaliyyətinə və ABŞ Dövlət Departamentinin mükafatına layiq görüldüyünə görə təqib edildiyini açıqlayıb.

Chosen
17
2
turan.az

10Sources