"Mançester Siti"nin futbolçusu Erlinq Haaland İngiltərə Premyer Liqasının 17-ci turunda səfərdə "Aston Villa"ya uduzduqları matçdan (1:2) sonra açıqlama verib.
QOL.az "TNT Sports"a istinadən xəbər verir ki, norveçli hücumçu məğlubiyyətdə özünü günahlandırıb:
“Kim günahkardır? Hər şeydən əvvəl mən. Həmişə ilk olaraq özümü tənqid edirəm. Yetərincə yaxşı oynamadım və şanslarımdan istifadə etmədim. Mən daha yaxşı oynamalıyam. Başa düşürəm ki, daha yaxşı mübarizə aparmaq, daha çox işləmək və yeni səviyyədə oynamağa başlamalıyam. Çünki indiki oyunum qalib gəlmək üçün kifayət deyil”.
Haaland Premyer Liqada son 6 oyunda cəmi 1 qol vurub. Bu mövsüm isə o, bütün yarışlarda 24 matçda iştirak edib, 18 qol vurub və bir məhsuldar ötürmə edib.
Qeyd edək ki, uğursuz mövsüm keçirən “Mançester Siti” hazırda Premyer Liqada 27 xalla 6-cı yerdədir. Komanda bütün turnirlərdəki son 12 oyunda 9 dəfə uduzub. "Mançester Siti” digər 3 görüşün 2-də heç-heçə edib, yalnız 1-də qalib gəlib.