“Heyət Təhrir əş-Şam” (HTŞ) və Rusiya arasında danışıqlarda böyük ehtimalla tərəflər Tartus bazasının statusu haqqında razılığa gələcəklər.
Digər tərəfdən isə, HTŞ Rusiyadan baza qarşılığında maliyyə dəstəyi və tikinti materialları dəstəyi əldə edə bilər.
Məsələ ilə bağlı politoloq Samir Hümbətov “Cümhuriyət” qəzetinə şərhində qeyd edib ki, rus hərbi bazasının Suriyada qalıb-qalmaması Türkiyənin mövqeyindən asılı olacaq:
“HTŞ Suriyasında Tatrusda Rusiya hərbi bazasının saxlaması ilk növbədə Türkiyədən asılıdır. Suriyada əsas söz sahibi Türkiyədir. Əgər Rusiya hərbi bazası Tartusdan çıxmasa, Qərb HTŞ-ni tanımayacaq. Əksi olarsa, Qərb onu tanıya bilər. Hazırda Qərblə Rusiya arasında davam edən geosiyasi qarşıdurma fonunda belə bir qərar verilərsə, Suriyaya qarşı təzyiqlər masada olacaq. Qərbin geosiyasi marağındadır ki, Rusiya Suriyadan birdəfəlik çıxsın. Rusiya o bazadan HTŞ-yə qarşı uzun müddət hərbi əməliyyatlar aparıb”.
Ona görə də HTŞ bu məsələdə Ankara ilə danışacaq:
“Ankara isə niyə Rusiya hərbi bazasının orada saxlanmasına razı olmalıdır? Onu da qeyd edim ki, bu gün Suriyada iki güc var. Biri Türkiyə, digər isə İsraildir. Hazırda İsrail də Suriyada hərbi əməliyyatlar aparır. Suriyanın cənubunda bufer zona daxil olmaqla bir sıra yaşayış məntəqələrini ələ keçirib. Türkiyə bununla bağlı qarşı tərəfə etiraz edib. Əgər Təl-Əviv kürdlərə dəstək verərsə və hərbi əməliyyatları genişləndirərsə, bu, Türkiyə ilə İsrail arasında toqquşmaya gətirib çıxara bilər. Bu da İsrailin bir dövlət kimi çöküşü və acı məğlubiyyəti olar”.