"Sabah" Misli premyer-liqasının 18-ci tur matçında "Şamaxı"nın meydanından məğlub ayrıldı - 1:3.
"Football-plus.az" xəbər verir ki, "bayquşlar"ın baş məşqçisi Vasili Berezutski oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavabladı.
- Bu oyunu aydın şəkildə aktivimizə yaza bilmərik. Qarşıda bizi fasilə gözləyir. Mövsümün ikinci yarısında işimiz çətin olacaq. Daha yaxşı hazırlaşmalıyıq.
- Qış fasiləsində komandada nəyi dəyişmək istəyirsiz?
- Oyunçuları tanımaq üçün kifayət qədər vaxtımız yox idi. Fasilədə bunun üçün imkanımız olacaq. Komandada aqressiyanı artırmalıyıq. Rəqibə daha çox təzyiq göstərməliyik.
- Nəticədə hansı amil həlledici oldu?
- Boşluqları bağlaya bilmədik. "Şamaxı"nın çox yaxşı əks-hücumları oldu. Biz isə sadə səhvlərə yol verdik.
- Məğlub durumda olsaz da, sakit görünürdüz. Həyatda da belə səbrlisiz, yoxsa?
- 5 əvəzetmə etdik. Fasilədən sonra oyuna yaxşı başladıq. Standart vəziyyətdən qol buraxdıqdan sonra hadisələrin axarı dəyişdi.
- "Sabah" "Şamaxı"yla matçlarda çox xal itirib. Bu statistikaya fikir vermişdiz?
- Düzü, baxmamışam. "Şamaxı"nın meydanındakı matçlar çətin keçir. "Qarabağ"ın görüşündə dəbunun şahidi olduq.
- Murad Musayev "Sabah"ın bazasını ziyarət etməyə gəlmişdi. Onunla söhbət zamanı komanda haqda məlumat aldınızmı?
- Bəli, bəzi şeyləri danışdıq. Lakin ümumiyyətlə müəyyən oyunlardan sonra komanda haqda fikir sahibi olmuşuq.
KƏNAN BAHADIR