EN

Bakıda iş adamının müəmmalı ölümü: qolunda şpris...

Bir neçə gün öncə Bakıda evində meyiti tapılan "Aze Bilişim Finance" MMC-nin (AZEBİRJA) direktoru Əli Akşunun ölümü ilə bağlı maraqlı iddialar səsləndirilib.


News365.az xəbər verir ki, bununla bağlı onun hüquqlarını müdafiə edən Rəhim Xoyski Feysbuk hesabında paylaşım edib.


Hüquqşünas onun ölümündən bir gün sonra xəbər tutduğunu bildirib:


"Əli Akşun ilə dekabrın 14-ü danışarkən mənə bir dəfə izlənilən 2-3 saniyəlik video göndərmişdi ki, ona sistem vurulur. Videoda kimsə görünmürdü. Sual verdim ki, sənə kim yardım edir? Demişdi ki, tibb bacısı gəlib. Sonuncu danışığım və cavabsız qalan mesajlarım isə gecə yarısı olub. Ayın 15-i günorta Əli Akşundan mesajlarıma hələ də cavab gəlmədiyi üçün onun kirayədə yaşadığı evinə getdim və qapını açan olmadı. Daha sonra evin sahibi və polislər vasitəsilə mənzilə daxil olduqda Əli Akşunu divanda uzanıqlı vəziyyətdə qolunda şpris qalmış formada ölü vəziyyətdə tapdım".


R.Xoyski bildirib ki, evə polislər və prokurorluq əməkdaşları ilə baxış keçirərkən, şprisdə olan dərmanın ampulasını tapa bilməyiblər:


"Sistemə aid dərman və digər vasitələr də evdə nə zibil yeşiyində (sadəcə tualetin zibil yeşiyində bir flakon dərman vasitəsi tapıldı), nə də mərhumun yanında tapıldı. İki vurulmuş şpris var idi, biri stolun üzərində qalmışdı, digəri isə qolunda. Qolundakı şprislə bağlı bildirim ki, onun hər hansısa narkotik vasitə olmadığı istintaq tərəfindən artıq anlaşılıb. Nə olduğu hələ ekspertiza tərəfindən araşdırılır. Hazırda ölüm faktı ilə bağlı Nərimanov Rayon Prokurorluğunda araşdırma davam edir, istintaqın gedişatı ilə bağlı ona təsir etməmək üçün daha detallı məlumatlar verə bilməyəcəyəm".


R.Xoyski bildirib ki, Əli Akşunun özü yox, şirkəti barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində iki aya yaxın idi araşdırma gedirdi. Aparılan araşdırma fakta görə idi, Əli Akşun nə təqsirləndirilən, nə də şübhəli şəxs idi. Şirkətin sənədləri ilə bağlı aparılan araşdırmada hər hansısa nöqsan tapılmamışdı.


Qeyd edilir ki, bir müddət əvvəl kriptovalyuta alqı-satqısı ilə məşğul olan "Aze Bilişim Finance" MMC-nin fəaliyyəti ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma başladılıb.


Onu da əlavə edək ki, mərhumun cənazəsi artıq vətəni Türkiyəyə göndərilib.

Chosen
26
23
news365.az

10Sources