EN

Tarixdə iz buraxmış maliyyə “oyunları” - Fırıldaqların fəsadları

Maliyyə fırıldaqları tarix boyu dünya iqtisadiyyatını sarsıdan, dövlətlərin, şirkətlərin və fərdlərin ciddi itkilərlə üzləşməsinə səbəb olmuş hadisələrdir. Maliyyə manipulyasiyaları, saxta məlumatların yayılması və qanunsuz əməliyyatlarla əlaqəli olan fırıldaqlar iqtisadi inamsızlıq, hüquqi gərginliklər və sosial çətinliklərə yol açır. Müxtəlif dövrlərdə və müxtəlif coğrafi məkanlarda baş vermis “oyunlar” bəzən böyük böhranlara, hətta maliyyə bazarlarının çöküşünə gətirib çıxarıb.

Valyuta.az Modern.az-a istindən tarixdə iz buraxmış maliyyə  fırıldaqlarının bəzilərini təqdim edir:

Berni Medoff və Ponzi sxemi 

ABŞ-da tanınmış maliyyəçisi olan Berni Madoff 1990-cı illərin sonlarında investorlara yüksək faizlərlə mənfəət vəd edərək böyük bir sərmayə toplamağa başladı. Madoff-un əsas fəaliyyəti "Ponzi sxemi" adlanan fırıldaqçılıq modeli üzərində qurulmuşdu. Bu sxemdə yeni investorların yatırdığı pullar əvvəlki investorların mənfəətinə çevrilir, lakin əslində heç bir real investisiya fəaliyyətinin həyata keçirilmədiyi ortaya çıxır. Medoff 2008-ci ildə tutularaq 150 ildən çox müddətə həbsə məhkum edildi. Onun fırıldağı 65 milyard dollar ziyana səbəb olmuşdu.  Təxminən 5 min  investor bu fırıldaqdan zərər çəkdi, bir çoxu isə bütün sərmayələrini itirdi. Bu hadisə maliyyə sektorunda etibarsızlıq yaratdı.

"Enron" qalmaqalı

1985-ci ildə Texasda təsis olunan "Enron "enerji şirkəti zamanla dünyanın ən böyük enerji şirkətlərindən birinə çevrilmişdi. Lakin 2001-ci ildə şirkətin maliyyə hesabatlarının manipulyasiya edildiyi və əslində şirkətin vəziyyətinin çox pisləşdiyi üzə çıxdı. "Enron" rəhbərliyi gəlirləri şişirtmək və borclarını gizlətmək üçün müxtəlif maliyyə alətlərindən istifadə etmişdi. Bununla yanaşı, şirkət öz qiymətini yüksək göstərmək üçün maliyyə manipulyasiyalarına və şirkət daxili saxtakarlıqlara əl atmışdı. Bu fırıldaq nəticəsində "Enron" iflas etdi və 20 mindən çox işçi işini itirdi. Eyni zamanda, investorlar və banklar milyardlarla dollar ziyan gördü. "Enron"un iflası ABŞ-da korporativ hüquq və maliyyə tənzimləmələrinə böyük təsir etdi və Sarban-Oxley Qanununun qəbuluna səbəb oldu.  

"Worldcom" skandalı

2002-ci ildə Amerikanın  ən böyük telekommunikasiya şirkətlərindən biri olan "Worldcom"un maliyyə manipulyasiyası ifşa olundu. Şirkət gəlirlərini şişirtmək və maliyyə vəziyyətini yaxşı göstərmək məqsədilə xərcləri gizlətmiş və borcları fərqli kateqoriyalara ayırmışdı. Dünyada minlərlə müştəriyə xidmət edən şirkət borc vəziyyətini gizlətmək üçün müxtəlif qeyri-qanuni maliyyə əməliyyatlarına əl atmışdı.  Bu skandal səbəbindən "Worldcom"un səhmləri dəyərini kəskin şəkildə itirdi və şirkət 11 milyard dollar ziyana uğradı. Şirkət rəhbərliyi arasında çoxlu sayda yüksək vəzifəli şəxs həbs olundu. "Worldcom"un iflasşirkətlərin maliyyə hesabatlarına ciddi nəzarət olunmasının vacibliyini artırdı.
 
2008-ci il dünya iqtisadi böhranı

2008-ci ildə dünya maliyyə bazarları ciddi böhrana sürükləndi. Bu böhranın başlıca səbəbi bankların yüksək riskli ipoteka kreditlərini çoxalmağa başlaması idi. "Lehman Brothers"  və digər məşhur banklar müştərilərə qeyri-adi və yüksək faizli kreditlər vermişdi. Nəticədə riskli kreditlər müştərilərin borcunu ödəyə bilməməsinə səbəb oldu və dünya maliyyə sistemi çökməyə başladı. 2008-ci ilin sonlarına yaxın ABŞ-ın ən böyük investisiya bankları da daxil olmaqla bir çox maliyyə qurumu iflas etdi. Bu böhran nəticəsində dünyada milyonlarla insan işini itirdi. Bir çox ölkələrdə iqtisadi tənəzzül yaşandı. Bu hadisə nəticəsində maliyyə və bank sektorunda ciddi tənzimləmələr həyata keçirilməyə başlandı, Dodd-Frank Qanunu qəbul edildi.

FIFA qalmaqalı (2015)

2015-ci ildə FİFA-nın yüksək vəzifəli üzvləri rüşvət alma, korrupsiya və digər qanunsuz maliyyə fəaliyyətləri ilə əlaqədar tutuldular. FBI və İsveçrə hökuməti tərəfindən başlanan araşdırmalar nəticəsində FIFA rəhbərliyi arasında böyük bir korrupsiya şəbəkəsinin olduğu üzə çıxdı. FIFA rəsmiləri təşkilatın müxtəlif layihələrinə  görə  rüşvət və komissiya almışdılar. Bu qalmaqal FIFA-nın etibarını sarsıtdı və təşkilatın rəhbəri Sepp Blatter daxil olmaqla bir çox yüksək vəzifəli şəxs istefa vermək məcburiyyətində qaldı. FIFA-ya qarşı hüquqi tədbirlər alındı və təşkilatda ciddi islahatlara başlandı.

"Volkswagen" emissiya qalmaqalı (Dieselgate)

2015-ci ildə Almaniyanın ən böyük avtomobil istehsalçılarından biri olan "Volkswagen"in dizel mühərriklərinin emissiya testlərini manipulyasiya etməsi ciddi qalmaqala səbəb oldu. Şirkət avtomobillərinin ətraf mühitə verdiyi zərəri azaltmaq məqsədilə testləri saxtalaşdırmış və dizel mühərriklərinin daha ekoloji olduğunu iddia etmişdi.  Əslində mühərriklər normadan çox daha çox zəhərli qazlar buraxırdı. Bu fırıldaq milyardlarla dollarlıq cərimələrə və hüquqi məsuliyyətə səbəb oldu. Şirkət xeyli avtomobilini geri çağırdı və bu qalmaqalın avtomobil sənayesi üzərindəki təsirləri çox uzun müddət hiss olundu.

"Theranos" skandalı (2015)

"Theranos" adlı biotexnologiya şirkəti qansız analizlərlə müxtəlif xəstəlikləri aşkar etməyə imkan verən cihazlar təqdim edəcəyini iddia edirdi. Şirkət milyardlarla dollar yatırım əldə etdi  və qısa zamanda yüksək qiymətləndirilmiş bir startap oldu. Sonradan ortaya çıxdı ki, şirkət bu cihazların effektiv olmadığını və əslində tibbi testləri düzgün icra etmədiyini gizlədib.  2015-ci ildə şirkətin rəhbəri Elizabet Holmes və digər rəhbər şəxslər üzərinə çox sayda iddia irəli sürüldü və onlar məhkəmə qarşısına çıxdılar. Bu skandal startaplar və innovasiya sahəsindəki aldatmaların və təqdim edilən texnologiyaların doğruluğunun əhəmiyyətini ortaya qoydu.

Piramida sxemləri və kriptovalyuta fırıldağı (2022)

2022-ci ildə FTX adlı kriptovalyuta mübadiləsi platformasının rəhbəri Sem Benkman Fraydın həyata keçirdiyi böyük bir fırıldaq ortaya çıxdı. Bankman-Frayd və komandası investorların pulunu cəlb edərək yüksək gəlir vəd etmişdi. Sonradan məlum oldu ki, şirkətin maliyyə əməliyyatları qeyri-qanuni olub. İstifadəçilərin yatırdıqları vəsaitlər yanlış istiqamətlərə yönləndirilib. FTX-in çökməsi 2022-ci ilin ən böyük maliyyə qalmaqallarından  biri oldu və kriptovalyuta bazarında qeyri-sabitlik yaratdı. Benkman-Fraydd investorları aldadaraq onları milyardlarla dollar ziyana salmışdı. Bu hadisə kriptovalyuta bazarlarının daha ciddi tənzimlənməsi zərurətini gündəmə gətirdi.

Chosen
8
2
valyuta.az

3Sources