EN

Coşqun Diniyev və Renat Dadaşov üçün 1 xal

Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Coşqun Diniyev Türkiyənin “Bandırmaspor” klubunun heyətində növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, sözügedən komanda bu gün TFF 1-ci Liqanın 2024/2025 mövsümünün 17-ci turu çərçivəsində “Erokspor”la qarşılaşıb.

Coşqunun komandası səfərdə baş tutan bu qarşılaşmadan heç-heçə ilə ayrılıb – 1:1.

Diniyev bu oyunun 72-ci dəqiqəsində meydana buraxılıb.

Xatırladaq ki, Coşqun Diniyev ötən mövsümü Türkiyə Birinci Liqasının digər təmsilçisi “Ümraniyəspor”da keçirib. 28 yaşlı azərbaycanlı futbolçu bu yay “Bandırmaspor”la 1 illik (2025-ci ilin 30 iyununa qədər) müqaviləyə imza atıb. O, bu komandanın heyətində 15 oyun keçirib və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Azərbaycan millisinin hücumçusu Renat Dadaşov da bu gün “Ankaragücü” klubunun heyətində növbəti matçına çıxıb. Sözügedən komanda 17-ci tur çərçivəsində “Çorum”la qarşılaşıb.

Ankara təmsilçisi də səfərdə baş tutan bu oyundan heç-heçə ilə ayrılıb – 1:1. Renat qarşılaşmanın 62-ci dəqiqəsində meydana buraxılıb. “Ankaragücü” klubunun U-19 kollektivinin formasını geyinən digər azərbaycanlı futbolçu – 17 yaşlı Həsən Nəzərov isə bu dəfə sonadək ehtiyatda qalıb.

Xatırladaq ki, Renat Dadaşov bu mövsümün əvvəlində İsveçrənin “Qrasshopper” klubundan “Ankaragücü” komandasına keçib. O, Ankara təmsilçisinin heyətində 12 oyuna çıxıb, 2 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub. Millimizin forvardı ötən mövsümdə də icarə əsasında Türkiyənin digər klubu “Hatayspor”un formasını geyinib.

Ankara klubunun öz yetirməsi olan Həsən Nəzərov isə əsas komandada 3 oyun keçirib.

Azərbaycan millisinin yarımmüdafiəçisi Vüsal İsgəndərlinin formasını geyindiyi “Boluspor” da bu gün növbəti matçına çıxıb. Sözügedən komanda doğma meydanda lider “Kocaelispor”la üz-üzə gəlib və 1:3 hesabıyla uduzub. Vüsalın adı bu matçın iştirak ərizəsinə daxil edilməyib.

Vüsal İsgəndərli “Boluspor”a 2024-cü ilin yanvar ayında Albaniyanın “Eqnatiya” klubundan 150 min avroya transfer olunub. Onun Türkiyə klubu ilə 2026-cı ilin 30 iyununa kimi müqaviləsi var. Azərbaycanlı futbolçu Bolu təmsilçisində 20 matça çıxıb, hələ məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

Hazırda “Bandırmaspor” 33 xalla 2-ci, “Ankaragücü” 23 xalla 9-cu, “Boluspor” isə 22 xala 15-ci pillədə qərarlaşıb.

Chosen
33
arena.az

1Sources