EN

İlin son turunda yaşananlar

Azərbaycan Premyer Liqasında XVIII tura yekun vurulub. Lider “Qarabağ” ən yaxın izləyicisi “Araz-Naxçıvan”ı məğlub edərək xal fərqini artırıb.

“Neftçi” Tovuzda bir xal qazanıb, “Şamaxı” isə turlar sonra aktivinə üç xal yazdırıb. Autsayder “Səbail” uduzub, “Kəpəz” bir xal qazanıb.

Kəpəz – Sumqayıt 0:0

Turun açılış oyunu qolsuz başa çatıb. Birinci hissədə “Kəpəz”, ikinci hissədə isə “Sumqayıt” aktiv oyun sərgiləsə də, hesab açılmayıb. Xüsusilə hər iki komandanın oyunçularının son zərbələrdə uğursuzluğu və yanlış qərarları qələbəyə mane olan əsas amillər oldu.

Turan Tovuz – Neftçi 1:1

Turun mərkəzi görüşündə tərəflər hərəyə bir xal qazandı. “Turan Tovuz” ikinci hissəsini daha üstün oynadığı oyunda bir xalla kifayətlənməli oldu. Kurban Berdıyevin yetirmələri birinci hissədə üstünlüyü rəqibə versə də, fasilədən sonra dönüş etməyi bacardı. Xüsusilə oyunun sonlarında təzyiqini artıran tovuzlular qələbə qolunu vura bilmədi.

“Neftçi” isə yaxşı oynamadığı oyunda bir xal qazana bildi. “Ağ-qaralar” qış fasiləsinə 17 xalla 8-ci sırada yollandı. İkinci dövrədə geridönüş etməkçün görüləcək işlər çoxdur və heyətin güclənməyi mütləqdir.

Səbail – Zirə 0:1

Autsayder “Səbail” Cavid Hüseynovun rəhbərliyi altında qələbəyə həsrət qalıb. Bayıl təmsilçisi ilin son matçında “Zirə”nin müqavimətini qıra bilmədi. Turnir cədvəlinin sonuncu sırasında qərarlaşan “dənizçilər”də əsas problem heyətlə bağlıdır. Hücumda keyfiyyət çatışmazlığı sözünü deyir. Hüseynov təyinatından sonra hələ qələbə qazana bilməyib.

“Zirə” isə yüksəlişini davam etdirdi. Rəşad Sadıqovun yetirmələri ilin son matçında çətin səfərdən qələbə ilə döndü. “Qartallar” özündən yuxarıda qərarlaşan “Araz-Naxçıvan” və “Turan Tovuz”un xal itirdiyi turda vacib qələbə qazandı.

Şamaxı – Sabah 3:1

Turun sürpriz nəticəsi Şamaxıda qeydə alındı. “Sabah” Vasili Berezutskinin rəhbərliyi altında ilk məğlubiyyətini yaşadı. Son oyunlarda yaxşı performans sərgiləyən “Şamaxı” güclü rəqibinə üstün oyunla qalib gəldi və fasiləyə xoş əhvalda yollandı.

“Sabah” isə rusiyalı mütəxəssisin gəlişindən sonra demək olar, ən zəif oyununu keçirdi. Hücum qurmaqda çətinlik çəkən “bayquşlar” müdafiədə verilən boşluqların ağrısını çəkdi. İlin son oyununda uduzan “Sabah” avrokubok yarışında olan rəqiblərinin xal itirdiyi fərqi azaltmaq fürsətini boşa verdi.

Qarabağ – Araz-Naxçıvan 2:0

İlin və turun son oyununda lider qələbə qazandı. “Qarabağ” ən yaxın izləyicisi “Araz-Naxçıvan”a qalib gəlməklə xal fərqini 8-ə yüksəltdi. Artıq bu fərqi hansısa komandanın qapaması mümkünsüzə yaxındır. Fasiləyə xoş əhvalda yollanan “Qarabağ” demək olar, bu qələbə sayəsində Premyer Liqada qızıl medalların da taleyini müəyyənləşdirdi.

“Araz-Naxçıvan” isə layiqli mübarizəsi ilə yadda qaldı. Elmar Baxşıyev yaxşı komanda formalaşdırıb və avrokuboklar  iddiasını davam etdirir. İkinci sırada qərarlaşan və ən yaxın izləyicisi “Turan Tovuz”u 7 xal qabaqlayan naxçıvanlılar sərgilədikləri oyunla uğurunun təsadüf olmadığını göstərib. İntizamı ilə seçilən komanda 18 turdakı performanslara baxanda, avrokuboklara ən layiqli namizəddir.

Şahin Cəfərov

Chosen
17
futbolpress.az

1Sources