Bakı metrosunda ölümlərin qarşısı belə alınacaq
Bakı metrosunda intiharların qarşısının alınması üçün platformalarda təhlükəsizlik sədləri çəkiləcək.
Qlobal.net xəbər verir ki, bunu TNS-ə müsahibəsində “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
O bildirib ki, metropolitenin inşa etdiyi yeni stansiyalarda bu məsələ nəzərdə tutulub: “Yeni stansiyalarda bu məsələ gələcəkdə quraşdırılması üçün nəzərə alınıb. Xüsusən 1984-cü ilə qədər tikilmiş stansiyalarda bu məsələ nəzərdə tutulmadığından bununla bağlı kifayət qədər əlavə işlər görülməlidir. “28 May” stansiyasında bir neçə il əvvəl bununla bağlı araşdırmalar aparıldı, nəticə o oldu ki, platformada bunun üçün əlavə tikinti işləri aparılmalı, bu hissə gücləndirilməlidir. Bu isə artıq bahalı layihə deməkdir. Ən əsası, istisnasız bütün qatarların və platformanın qapıları eyni vaxtda, sinxron, paralel və maneəsiz açan sistem quraşdırılmalıdır. Hələ çoxsaylı digər texniki və funksional məsələləri də əlavə edə bilərik. Bununla belə son dövrlər fərqli yanaşmalara meyillilik də var və hər biri ayrı-ayrılıqda öyrənilir. Əgər uyğun variantlar olarsa, niyə də quraşdırılmasın. Gələcəkdə zərurət və ya məcburiyyət olarsa, bu sistemin quraşdırılması da aktuallaşa bilər”.