Biznes mühitinin müxtəlif sahələrinə dair qanunvericilik normaları və elektron dövlət xidmətləri bərədə zəruri məlumatların əks olunduğu icmal hazırlanaraq nəşr olunub.
Bizim.Media xəbər verir ki, icmalın müvafiq bölmələri Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın aidiyyəti dövlət qurumlarının rəhbərlik etdiyi işçi qrupları tərəfindən tərtib olunub.
Biznes sahələri üzrə qanunvericilik və inzibatçılıqla bağlı maraqlı tərəflərin məlumatlılıq səviyyəsinin artırılması məqsədilə icmalın bəzi hissələrini təqdim edirik:
Tikintiyə və istismara icazə
Qanunveriliciyə əsasən tikinti obyektlərinin tikintisinə və istismarına icazə, habelə məlumatlandırma icraatları “Elektron Tikinti Portalı” vasitəsilə yalnız elektron qaydada “bir-pəncərə” prinsipi əsasında həyata keçirilir. Bunun üçün sifarişçi və ya vətəndaş //e-tikinti.gov.az/ portalı üzərindən ərizə ilə icazə verən orqana müraciət etməlidir.
Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 75.10-cu maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı (qurum), layihəsinin ekspertizadan keçirilməsi tələb olunan tikintiyə dair ərizəyə aidiyyəti qurumlardan daxil olmuş rəyləri nəzərə almaqla, 1 ay (Məcəllənin 90.2-ci maddəsində ekspertiza müddətinin uzadılması üçün nəzərdə tutulan hallar istisna olmaqla) müddətində baxır və tikintiyə icazə verir və ya icazə verilməsindən imtina edilməsi barədə qərar qəbul edir.
Şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə əməl olunmasını təmin etmək məqsədilə tikintiyə icazədə siyahısını və tətbiqi hallarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi əlavə şərtlər də nəzərdə tutulur.
Məcəllənin 75.8-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı (qurum), layihəsinin ekspertizadan keçirilməsi tələb olunmayan tikintiyə dair ərizəyə aidiyyəti qurumlardan daxil olmuş rəyləri nəzərə almaqla 15 iş günü müddətində baxır və tikintiyə icazə verir və ya icazə verilməsindən imtina edilməsi barədə qərar qəbul edir.
Tikintiyə icazə verilməsi üçün sifarişçinin hər hansı ödəniş etməsi nəzərdə tutulmur, tikinti obyektinin istismarına icazənin verilməsi üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilən hüquqi hərəkətlərə görə 60 manat dövlət rüsumu tələb olunur.
Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 102.4-cü maddəsinə uyğun olaraq, tikinti obyektinin istismarına icazənin verilməsi üçün müraciətin təqdim edildiyi gündən 20 gün, ekspertizası keçirilməsi tələb olunmayan tikinti layihələrinə münasibətdə 10 gün müddətində obyektin istismarına icazə verilir.
Bu mövzuda daha ətraflı məlumatla Biznes mühitinin müxtəlif sahələrinin tənzimlənməsi çərçivələri və elektron xidmətlər barədə İcmal sənədində (səhifə 18–19) tanış ola bilərsiniz.
Qeyd edək ki, Azərbaycan Respublikasının Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının Tikintiyə icazələrin verilməsi işçi qrupuna Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi rəhbərlik edir.
Bizim.Media