Bakı, TurkicWorld
ABŞ və Panama arasında "Panama kanalı" mövzusu yenidən gündəmə gəlib.
TurkicWorld xəbər verir ki, Panama prezidenti Xose Raul Mulino, Donald Trampın Panama kanalının ABŞ-a qaytarılmasına dair ehtimal edilən fikirlərinə cavab olaraq, bu strateji su keçidinin Panamaya aid olduğunu və belə qalacağını qətiyyətlə bəyan edib. O, ölkənin suverenliyi və müstəqilliyinin toxunulmaz olduğunu vurğulayıb.
Mulino, Panama kanalının beynəlxalq standartlar əsasında idarə edildiyini, istismar və tariflərin isə bazar şəraiti və texniki tələblərə əsaslandığını bildirib. O əlavə edib ki, kanal heç bir xarici dövlətin, o cümlədən Çin, Avropa Birliyi və ABŞ-ın birbaşa və ya dolayı idarəçiliyində deyil.
Prezident həmçinin Panama ilə ABŞ arasında dialoq üçün açıq qapılar saxladıqlarını, lakin kanalın mülkiyyəti və idarəsi ilə bağlı heç bir kompromisə getməyəcəklərini açıqlayıb.
Qeyd edək ki, Panama kanalı 1914-cü ildə ABŞ tərəfindən inşa edilmiş və 1977-ci ildə imzalanmış Torrixos-Karter sazişlərinə əsasən 1999-cu ildə Panamanın idarəsinə verilmişdir. Bu strateji su yolu hazırda Panama tərəfindən neytrallıq prinsipləri əsasında idarə olunur və beynəlxalq dəniz nəqliyyatına açıqdır.