EN

"Yeni Hemodializ şöbələri yaradılır" - Vüqar Qurbanov

“Təcili və təxirəsalınmaz tibbi yardımın iş prosesi rəqəmsallaşdırılır”. SİA xəbər verir ki, bu sözləri TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov TƏBİB-in 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair mətbuat konfransında deyib. O bildirib ki, nəzərdə tutulan fəaliyyət planına əsasən hospitalizasiya prosesinin elektronlaşdırılması istiqamətləri üzrə genişmiqyaslı işlər həyata keçirilib, həmçinin 103 Çağrı Mərkəzinin fəaliyyətində innovativ həllərin tətbiqi, çağırış briqadaları üçün elektron sistemin qurulması və təcili yardımın çağırılması imkanlarının genişləndirilməsi ilə bağlı işlər görülüb, müvafiq yeniliklərin 2025-ci il ərzində tam tətbiq edilməsi planlaşdırılır: “Eyni zamanda vərəm modulu, çarpayı modulu, təxliyə modulu kimi modullar hazırlanıb və 2025-ci ilin ilk aylarında tabeli tibb müəssisələrimizdə tətbiq olunacaq”.

Fizioterapiya, şəkərli diabet, epikriz və digər modullar, eləcə də tibb müəssisələrinin vebsaytlarının qurulması, qurumun vebsaytının təkmilləşdirilməsi, vətəndaş məmnuniyyətinin artırılması istiqamətində mobil tətbiqlərin qurulması kimi fəaliyyətlərin miqyası da genişləndirilib.

Yeni Hemodializ şöbələri yaradılır. 2024-cü ildə Goranboy Rayon Mərkəzi Xəstəxanasında 10 cihazlıq Hemodializ şöbəsi istifadəyə verilib, şöbədə ayda orta hesabla təqribən 60-dan çox xəstəyə dializ xidməti göstərilir: "Gələn il isə Sumqayıt Tibb Mərkəzində 10 aparatlıq 2-ci hemodializ şöbəsi fəaliyyətə başlayacaq. Ümumiyyətlə, hazırda ölkədə işlək vəziyyətdə olan hemodializ aparatlarının sayı 723 ədəddir. Ölkə üzrə hemodializ şöbələrinin sayı isə 54-dür və 4 mindən artıq xəstəyə xidmət göstərilir”.

“772 endoprotez əməliyyatı həyata keçirilib. Cari ildə Respublika Klinik Xəstəxanası, Yeni Klinika, Nizami Tibb Mərkəzi, Quba, Abşeron və Qəbələ rayon mərkəzi xəstəxanalarında endoprotezləşdirmə əməliyyatlarının icrası təmin edilib.

Hazırda bu müəssisələrlə yanaşı, Mərkəzi Neftçilər Xəstəxanası, Kliniki Tibbi Mərkəz, Gəncə Birləşmiş Şəhər Xəstəxanası, Sumqayıt Tibb Mərkəzi, Qusar, Şirvan və Zaqatala rayon mərkəzi xəstəxanaları da daxili olmaqla 13 tibb müəssisəsində mürəkkəb travmatoloji və endoprotezləşdirmə əməliyyatları uğurla icra olunur və 2024-cü il ərzində ümumilikdə 772 endoprotez əməliyyatı həyata keçirilib.

Yeni oftalmologiya şöbələri yaradılıb. Bu il Nizami Tibb Mərkəzində, Qobustan Rayon Mərkəzi Xəstəxanasında oftalmologiya şöbəsi yaradılıb, oftalmoloji cərrahi əməliyyatların icrasına başlanılıb.

O həmçinin qeyd edib ki, hazırda Respublika Klinik Xəstəxanasında, Mərkəzi Neftçilər Xəstəxanası, Yeni Klinikada, Sabunçu, Sumqayıt tibb mərkəzlərində, Füzuli, Ağdam rayon mərkəzi xəstəxanalarında oftalmoloji cərrahi əməliyyatlar icra olunur. 2024-cü ilin 11 ayında 24 282 oftalmoloji əməliyyat həyata keçirilib".

Chosen
14
2
sia.az

4Sources